“Nottingem Forest” və Brayan Klaf əfsanəsi

Yalnız 1997-ci ildə məlum oldu ki, ispaniyalı hakim Emilio Muronun bu hərəkətləri səbəbsiz deyilmiş.

Foto: Meydan Tv


(İkinci hissə)

Növbəti mövsümdə yenə də “Nottingem Forest” və “Liverpul” ikisi Çempionlar kubokunda çıxış edəcəkdilər. Bütün İngiltərə və Avropa bu komandalrın yenə üz-üzə gələcəyini gözləyirdi. Amma belə olmadı. “Liverpul” yenə də birinci mərhələdə mübarizəni dayandırdı. Komanda bu dəfə Tbilisinin “Dinamo” komandasına məğlub oldu (2:1 və 0:3). “Nottingem Forest” isə ilk iki mərhələni çətinlik çəkmədən keçdi – İsveçin “Öster” (2:0 və 1:1) və Rumıniyanın “Argeş” (2:0 və 2:1) komandaları turnirdən kənarlaşdırıldılar.

1980-ci ilin qışında “qırmızılar” Avropa Superkuboku uğrunda qarşılaşmada Kuboklar kubokunun sahibi “Barselona” ilə görüşdülər. Nottingemdə ev sahibləri qalib gəldilər – 1:0. “Kamp Nou”da isə heç-heçə qeydə alındı – 1:1. Beləliklə, “Nottingem Forest” Sperkubokun da sahibi oldu.

Çempionlar kubokunun ¼ finalında rəqib güclü deyildi, Şərqi Almaniyanın “Dinamo” (Berlin) komandası idi. Buna baxmayaraq, Nottingemdəki ilk oyunda gözlənilmədən qonaqlar qalib gəldilər – 0:1. Amma “qırmızılar” Berlindəki elə ilk hissədə üç qol vuraraq birinci oyunun nəticəsinin təsadüf olduğunu sübut etdilər. Ev sahibləri fasilədən sonra yalnız bir qolun əvəzini çıxa bildilər.

Yarımfinaldakı rəqib isə 1970-ci illərin əvvəllərinin əfsanəsi “Ayaks” idi. “Siti Qraund”da keçirilən ilk oyun nottingemlilərin arasıkəsilməz hücumları ilə keçdi və onlar hər hissədə bir qol vuraraq 2:0 hesabı ilə qələbə qazandılar. Səfər görüşündə isə hollandlar minimal məhsuldarlıqla qələbə qazandılar və “Nottingem Forest” turnirin finalına vəsiqə qazandı.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda rəqib Almaniya çempionu “Hamburq” idi. Bu komandada son iki ildə Avropanın ən yaxşı oyunçusu kimi “Qızıl top” mükafatını alan Kevin Kiqan oynayırdı. “Hamburq” ilk yarımfinal oyununda elə “Santyaqo Bernabeu”da “Real”a 0:2 hesabı ilə uduzduqdan sonra evdə madridliləri 5:1 hesabı ilə məğlub etmiş və onlara öz stadionunda final oynamaq imkanı verməmişdi.

Oyunun 20-ci dəqiqəsində Con Robertson sol cinahdan cərimə meydançasının qarşısına irəliləyərək Harri Bertlsə divar ötürməsindən sonra qapıya zərbə endirdi. Top dirəyə dəyərək qapıdan keçdi – 1:0. Az sonra Kiqanın sinə ötürməsindən sonra Milevski cərimə meydançasının önündəki yarımqövsün içindən güclü zərbə endirdi, amma Şilton möhtəşəm reaksiya nümayiş etdirdi.

İkinci hissə “Hamburq”un üstünlüyü ilə keçdi. Komandanın müdafiəçiləri fərqlənməyə daha yaxın oldular. Manfred Kaltsın zərbəsi dirəyə tuş gəldi. Peter Noqlının uzaqdan zərbəsindən sonra doqquzluğa gedən topu Şilton qapı xəttindən çıxardı. Bunun ardınca künc zərbəsindən sonra Şiltonun qaytardığı topa yenə Noqlının zərbəsini bu dəfə müdafiəçilər dəf etdi. Portuqaliyalı hakim Antoniu Qarridunun final fiti “Nottingem Forest”in dalbadal ikinci dəfə Avropa fatehi olduğunu rəsmiləşdirdi.

***

İngiltərənin daxili turnirlərində isə çıxşlar uğursuz oldu. Hərçənd, komanda çempionata inamla başlamışdı və 4 turdan sonra 4 qələbə ilə cədvələ başçılıq edirdi. Sonrakı 10 turda nəticələr 4 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət oldu və “meşəçilər” 19 xalla ikinci yeri tuturdular. Amma bundan sonrakı 7 tur tam fiasko oldu. Komanda 5 oyunda məğlub oldu və cəmi 2 heç-heçə etdi. Birinci dövrədən sonra “Nottingem Forest” 21 xalla 11-c yeri tuturdu. Yekun nəticə isə 48 xalla 5-ci yer oldu. Çempion isə yenə “Liverpul” idi.

Ölkə kuboku uğrunda turnirdə nottingemlilər 1/16 finalda “Liverpul”a uduzdular – 0:2. Bu məğlubiyyətin əvəzi Futbol liqası turnirinin yarımfinalında çıxıldı – 1:0 və 1:1. Amma “meşəçilər” bu mükafatı dalbadal üçüncü dəfə qazana bilmədilər. Finalda “Vulverhempton Uonderers” daha güclü oldu – 1:0.

“Nottingem Forest” ilk dəfə Çempionlar kubokunu qazananda Cənubi Amerikanın ən güclü klub komandası ilə Qitələrarası kubok uğrunda qarşılaşmağa razılıq vermədi. Reqlamentə görə Avropanı bu qarşılaşmada Çempionlar kubokunun finalçısı “Malmö” təmsil etdi və Paraqvayın “Olimpiya” komandasın 0:1 və 1:2 hesabı ilə məğlub oldu.

İkinci il nottingemlilər özləri qarşılaşmada iştirak etdilər. Bu, Qitələrarası kubokun qalibinin bitərəf meydanda (Tokioda) bir oyunla müəyyənləşdirildiyi ilk oyun idi. Cənubi Amerikanın Libertadores kubokunu qazanmış Uruqvayın “Nasional” klubu “Nottingem Forest”ə 1:0 hesabı ilə qalib gəldi.

“Meşəçilər” Avropa Superkubokunu da qazana bilmədilər. Onlar iki oyundan ibarət qarşılaşmada evdə buraxdıqları qolun hesabına “Valensiya”ya uduzdular – 2:1 və 0:1.

image_from_ios.jpg
Brayan Klaf

1980-ci il “Nottingem Forest”in əfsanəvi dövrünün son ili oldu. Bundan sonra o, bir daha nə ölkəsində, nə Avropada çempion ola bilmədi. Növbəti Çempionlar kuboku turnirində “qırmızılar” elə ilk turda gözlənilmədən Bolqarıstanın ÇSKA klubuna uduzdular – 0:1, 0:1.

Aparıcı oyunçular bir-bir komandanı tərk etdilər. İlk dəfə Çempionlar kubokunun finalında oynayarkən əsas heyətdə meydana çıxan oyunçulardan 1982-ci ildən sonra komandada cəmi 2 nəfər qalmışdı – Con Robertson və Viv Anderson. Onlardan da birincisi 1983-cü ildə, ikincisi isə 1984-cü ildə komandanı tərk etdi. 1982-ci ildə Brayan Klafın sağ əli Piter Teylor da ondan ayrıldı və vaxtilə birlikdə çalışdırdıqları “Derbi Kaunti”nin baş məşqçisi oldu.

Sonrakı illərdə “Nottingem Forrest” daha iki dəfə dalbadal (1989 və 1990-cı illərdə) Futbol liqasının kubokunu qazandı. Ölkə çempionatlarında ən yüksək nəticəsi isə üç dəfə (1983/84, 1987/88 və 1988/89) bürünc medal qazanması oldu.

Nottingemlilər iki dəfə dalbadal (1983/84 və 1984/85) UEFA kuboku turnirində iştirak etdilər. Birinci dəfə komanda yarımfinala qədər irəlilədi və burada ilk oyunda “Anderlext”ə 2:0 hesabı ilə qalib gəldi. Amma səfər oyununda belçikalılar 3 cavabsız top vuraraq finala çıxdılar. Bu oyunda hakim “meşəçilər”in qapısına şübhəli penalti təyin etdi, üstəlik oyunun sonlarında vurduqları qolu hesaba almadı.

Yalnız 1997-ci ildə məlum oldu ki, ispaniyalı hakim Emilio Muronun bu hərəkətləri səbəbsiz deyilmiş. O, Belçika klubunun prezidentindən 18 min funt-sterlinq ekvivaletində rüşvət alıbmış. Bu fakt məlum olmazdan 10 il əvvəl Muro avtoqəza nəticəsində ölmüşdü. “Anderlext”ə qarşı isə UEFA heç bir tədbir görmədi.

“Forest”in UEFA kubokunda növbəti ildəki çıxışı uğursuz oldu. Komanda elə ilk mərhələdə Belçikanın başqa bir komandasına, “Brügge”yə məğlub olaraq (0:0 və 0:1) mübarizəni dayandırdı. Son iki dəfə bürünc medal aldıqda isə Avrokuboklarda iştirak edə bilmədi, çünki Eyzel faciəsi ilə əlaqədar İngiltərə klubları həmin illərdə Avrokuboklara buraxılmırdılar.

1992/93-cü il mövsümünün başlanğıcı parlaq olmasa da, heç nə fiaskodan xəbər vermirdi. Komanda 4 oyundan sonra 2 qələbə və 2 məğlubiyyətlə 11-ci yeri tutudu. Lakin bundan sonra 13 tur davam edən qələbəsizlik zolağı başladı. Bu zaman “Nottingem Forest” yalnız 5 heç-heçə edə bildi, 8 dəfə isə məğlub olaraq turnir cədvəlində sonuncu yerə yuvarlandı. Komanda çempionatın sonuna qədər çıxış zonasını tərk edə bilmədi.

Sonuncudan əvvəlki, 41-ci turda “qırmızılar” öz meydanlarında “Şeffild Yunayted”i qəbul edirdilər. Artıq premyer-liqa adlanan yüksək divizionda qalmağın nəzəri şanslarını saxlamaq üçün bu oyunda qalib gəlmək lazım idi. Amma qonaqlar hər hissədə bir qol vuraraq qalib gəldilər və “Nottingem Forest”in indi birinci divizion adlandırılan aşağı liqaya düşməsi rəsmiləşdi.

Brayan Klaf hələ oyundan əvvəl bildirmişdi ki, komanda premyer-liqada qalmazsa, futboldan uzaqlaşacaq. Hakimin final fitindən sonra Klaf meydana çıxaraq azarkeşlərlər vidalaşdı. Azarkeşlər də onu alqışlarla yola saldılar. Tribunada “Brayan Klaf, sən futbol dahisisən” şüarı gözə dəyirdi. İnsanlar sahəyə çıxaraq Klafa toxunmaq, onu qucaqlamaq istəyirdilər. Bu, aşağı liqaya düşən komandanın məşqçisini tribunaların alqışladığı yəqin ki, yeganə hal idi. Bununla da 18 il davam edən “Brayan Klaf və Nottingem Forest” əfsanəsi başa çatdı.

***

“Meşəçilər” bir il sonra güclülər sırasına qayıtdılar və 1994/95 mövsümündə hətta üçüncü yeri tutaraq UEFA kubokuna vəsiqə qazandılar. Burada isə 1/4 finala qədər irəliləyərək turnirin gələcək qalibi “Bavariya”ya məğlub oldular. Amma bu uğur keçici oldu. Komanda 1997-ci ildə yenidən birinci diviziona düşdü. Bir il sonra yüksəldi və daha bir il sonra yenə düşdü.

Amma bununla bitmədi. Komanda 2004/05 mövsümündə burada axırdan əvvəlki yeri tutaraq ikinci diviziona düşdü. Bu, yeganə haldır ki, Avropa kubokunu qazanmış bir klub öz ölkəsində əhəmiyyətinə görə üçüncü liqaya düşürdü. “Qırmızılar” üç il sonra indi çempionşip adlanan keçmiş birinci diviziona qayıtdılar. Amma bütün cəhdlərinə baxmayaraq, komanda hələ də premyer-liqaya qayıda bilmir. Nəticələr isə yaxşılaşmır. “Nottingem Forest” bu il çempionşipdə çıxış edən 24 komanda arasında 17-ci yeri tutub.

Brayan Klaf isə 2004-cü ilin sentyabrında vəfat etdi və sevimli komandasının ikinci diviziona düşməsini görmədi. Əvəzində ölümündən bir ay əvvəl yəqin ki, ürəyincə olmayan başqa bir hadisə ilə qarşılaşdı: “Arsenal” ölkə çempionatında 43-cü məğlubiyyətsiz oyununu keçirərək Klaf və “Forest”in rekordunu təzələdi (son nəticə 49 oyun oldu).

***

Uşaqlıq dövrünün təəssüratları daha güclü olur. Bu, başqa sahələrdə olduğu kimi, idmanda da belədir. Uşaq məşhur idmançılara heyranlıqla yanaşır. Yaşa dolandan sonra ortaya çıxan idmançı nə qədər parlaq olsa da, uşaqlıq dövrünün məftunluğu müşahidə olunmur.

“Nottingem Forest”in əfsanəvi dövrü mənim uşaqlığımla, idmanla yenicə maraqlanmağa başladığım vaxtla üst-üstə düşür. Ona görə də bu komandaya həmişə xüsusi ehtiramla yanaşmışam və təkcə İngiltərənin deyil, Avropanın güclüləri sırasına qayıtmasını arzulamışam. Ümid edirəm, bu, bir gün baş verəcək.

Ana səhifəXəbərlər“Nottingem Forest” və Brayan Klaf əfsanəsi