Norma-stabillik

Zəhmət olmasa, iki qutu “stabillik” verin

Source:



Hər gün TV-lərdən sabitlik proqramları yayımlanır. Qəzetlər hər gün insanlara stabillik yedirtməklə məşğuldur. Xalq o dərəcəyə çatıb ki, artıq belə dialoqlar da qurmaq olar : Məsələn, mağazaya gedirsən və satıcıya, “Zəhmət olmasa, mənə bir qutu stabillik ver”. Və ya qohumlarınla görüşürsən, hal-əhval tutursan, “Necəsiz?” “Stabil, allaha şükür, stabillik içindəyəm. Gündə iki qutu stabillik yeyirəm, bəs edir.”

Manatın ikinci devalvasiyasından sonra yaranan qiymət artımı insanlarda şok effekti yaratmışdı. İnsanlar hələ manatın ilk devalvasiyasından sonra bazarlarda aldıqları bütün məhsulların qiymətinin nə qədər yüksəldiyini hesablayır, ciblərini bazardakı məhsulların qiymətinə görə tarazlamağa çalışırdılar ki, ikinci devalvasiya gəldi və deyəsən, çox sərt oldu. İnsanlar gələcəklə bağlı onsuz da ümidsiz idilər, amma ikinci devalvasiyanın olacağına və onun bu qədər ağır olacağını yəqin ki, gözləmirdilər.

Elə bu dəmdə, ümumilli, dəyişməz, sabit AZTV kanalında qiymət artımı, daha doğrusu, qiymət artımının olmadığı ilə bağlı verliş efirə verildi. Verlişdə ən çox diqqətimi çəkən məqam, efir müddətində jurnalistin “ölkəmizdə sabitlikdir” cümləsini dəfələrlə vurğulaması, hətta ifadənin sorğu keçirlənlərin əksəriyyəti tərəfindən də təsdiqlənməsi oldu. “Allaha şükür, ölkəmizdə sabitlik və stabillikdir.”

Reportaja təkrar-təkrar baxıram, ürəyim sıxılmağa başlayır. Bu daima eşitdiyimiz “sabitlik, stabillik” sözündə insanın beynini zorlayan, ona işgəncə verən, içinin boşluğu, saxtalığı ilə adamın ürəyini bulandıran nəsə var.

Vladimir Sorokinin 1979-1984 cü illərdə yazılsa da, tam olaraq, 1994-cü ildə işıq üzü görən “Norma” əsərində Sorokin Sovet cəmiyyətində insanlar arasındakı münasibətin tamamilə çökdüyünü, idealoji jarqonun ağla və sözün gücünə qalib gəldiyini təsvir edir. Atomlaşmış Sovet cəmiyyətini birləşdirən yeganə faktor isə sellofanda insanlara yemək üçün verilən, insan nəcisindən hazırlanmış “norma”-dır. Metaforik olaraq, yazıçı bununla Sovet insanının həyatının, kobud formada, “bir p..x” olduğunu göstərməyə çalışır.

Hamı “normanı” sevir, onunla qidalanır və ondan iyrənmək bağışlanmaz günah sayılır. Hər bir Sovet vətəndaşı həmin “norma” yeməyini vacib sayır, hətta ona sahib olmaq prestij hesab olunur. Romanda maraqlı məqam budur ki, uşaqlar “norma” yeməyi xoşlamır, bununla yazıçı uşaqların hələ “Sovet havası” ilə zəhərlənmədiyinə işarə edir.

“Norma” Sovet cəmiyyətinin monotonluğunu, individuallığa qarşı nifrəti ifadə edir. Norma yeməyən, ondan iyrənən insan Sovetin kollektiv həyatının qatı düşmənidir, fərdiyyətçidir, bir sözlə, cəmiyyətə “yad ünsürdür”. Kitabın 2-ci hissəsində, 40-cı səhifədə nələrin “normal” sayıldığı ilə bağlı siyahı verilir: normal uşaq doğumu, normal oğlanlar, normal ağlamaq, normal ah çəkmələr, normal süd və s. ilaxır.

Azərbaycan siyasi hakimiyyətin lüğətində uzun illərdən bəri istifadə etdiyi əsas söz “stabillik və sabitlik” olub (Bu sözlə nəzərdə tutduqları eyni məna olduğu üçün yazının davamında biri ilə məhdudlaşacam). Bu sözün dövriyyəyə buraxılması 1992-1993-cü illərin Azərbaycanına gedib çıxır. İndiki siyasi hakimiyyət, Xalq Cəbhəsinin həmin dövrünü tərif vermək üçün “xaos, anarxiya, qeyri-stabillik, qanunsuzluq” və s. kimi sözlərdən istifadə edir, onun əvəzinə Heydər Əliyevin hakimiyyətə keçidindən sonrakı dövrü və “Post-Heydər” dövrünü “stabillik” deyə adlandırır.

Xalqın düşdüyü ağır durumdan məharətlə istifadə edən indiki siyasi hakimiyyət, özlərinin hakimiyyət dönəmini “stabillik” ilә əlaqələndirməyə ciddi cəhdlər edir və buna nail olur. Hakimiyyət “stabilliyin” yaxşı (Xeyir), qeyri-stabilliyin isə pis (Şər) olduğunu xalqa sırımaqla məşğul olur.

Stabillik dedikdə, siyasi hakimiyyət nəyi nəzərdə tuturdu?

Məsələ burasındadır ki, bu dövrlərə görə dəyişib. İlk olaraq, siyasi mənası əsas götürülüb. Siyasi stabillik dedikdə hazırda siyasi hakimiyyətə sahib olan Əliyevlər ailəsinin hakimiyyətdə qalması, ölkəni daima idarə etməsi ilə dərindən əlaqələndirilir. Amma məsələ burasındadır ki, ailənin hakimiyyətə uzunmüddətli (və Allah imkan verərsə, daimi) qalması özlüyündə ona siyasi müxalif olan qüvvələrin, vətəndaş cəmiyyətinin, medianın, eləcə də bütün digər insanların siyasi hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxardır.

Stabilliyin iqtisadi mənası siyasi mənası ilə dərindən bir-birinə bağlıdır. Burada yenə də, siyasi hakimiyyətdə təmsil olunanların və onların yaxın çevrələrinin (tayfalarının) iqtisadi monopoliyası, ölkənin sərvəti üzərində yalnız onların nəzarətlərini ifadə edən mənada qəbul edilir. Bu mənada, azad sahibkarlıq, siyasi hakimiyyətə yaxın olmayan çevrələrdən gələn bütün iqtisadi təşəbüsslərin boğulması (MTN, “Bandotel”, Vergilər Nazirliyi, Gömrük bu məqsədə xidmət edir) yalnız və yalnız həmin bu “stabilliyi” qorumaq üçün edilir.

Manatın devalvasiyasından sonra vergilərin artırılmasında məqsəd, gəlirlərini bir az itirmiş olan siyasi hakimiyyətin “gəlirlərinin stabilliyinin” təmin olunmasına xidmət edir. Krizis anında qəbul edilən vergi artırılması qərarı paradoksal görünsə də, siyasi hakimiyyətin stabil gəlirlərinin təmin olunması işığında tamamilə anlaşılan qərar kimi qəbul edilməlidir.

Gün keçdikcə, siyasi hakimiyyətin ritorikasındakı stabillik anlayışı müxtəlif yeni mənalar almağa, hər şeyə aid edilə biləcək universal, bir istiqamətli inkişaf edən (azadlıqların, hüquqların, individuallığın məhdudlaşdırılması istiqamətində) məna qazanmağa başlayır. Məsələn, 2003-cü ilə kimi siyasi müxalifətin çoxsaylı mitinqlərinə “qeyri-stabillik yaratmağa çalışan qüvvələr” kimi baxan siyasi hakimiyyət, 2003-dən sonra olan istənilən azadlıq istəklərinə, “xaos, qeyri-stabillik” yaratmağa cəhd etmə kimi yanaşmağa başlayır.

“Stabilliyә” təhlükə olan qüvvələrin dairəsi getdikcə daha da çoxalır, bura artıq jurnalistlər, hüquq müdafiəçiləri, azad söz deyən və siyasi hakimiyyəti tənqid edən istənilən şəxs düşə bilir. “Stabillik” sözü yeni məna çalarları ilə zənginləşməkdə davam edir. Artıq iqtidar özünün bütün əməllərini “stabillik” adına, ona qarşı olanların əməllərini isə “anarxiya” (“stabilliyə” əks məna kimi bu sözdən istifadə edirlər) adına yazmağa, bunu propaqanda etməyə başlayır.

Sadə formada, “stabillik” tərəfdarları, yəni, siyasi hakimiyyətin tərəfdarları yaxşı (xeyir), “stabilliyə” qarşı olanları pis (şər) qüvvə kimi tanıdır. Siyasi hakmiyyətə görə, hökumətin hamıya nəzarət etdiyi bir durum, stabillik yaratdığı üçün yaxşıdır. Həddən artıq propaqanda ilə zorlanmış beyinlər, “yeriyən ölülər” TV-lərə çıxdıqca “stabillikdən” danışır, ölkənin statik durumunu, durğunluğunu “stabillik” kimi təqdim edir. Bütün ənənəvi və əksər alternativ medianı “stabillik” adına nəzarətə götürən siyasi hakimiyyət Azərbaycan xalqına “stabillik” nəğmələri oxuyur, ölkə dəhşətli beyin yuyulmasının, monotonluğun məskəninə çevrilir.

Bütün ölkə stabil və sabitdir, bu artıq hər bir azərbaycanlının həyat normasına çevrilib, o acdır, susuzdur, xəstədir, fərq etməz, əsas odur ki, ölkədə “stabillikdir”. Stabillik azərbaycanlı üçün “92-93-ün” çörək növbələrinin, müxtəlif ərzaq qıtlıqlarının aradan çıxdığı dövrlə tərs mütәnasibdir, hətta o indiki halında istədiyi ərzağı ala bilmsə də, vitrinlərə ac-ac baxsa belə də.

Hər gün TV-lərdən sabitlik proqramları yayımlanır. Qəzetlər hər gün insanlara stabillik yedirtməklə məşğuldur. Xalq o dərəcəyə çatıb ki, artıq belə dialoqlar da qurmaq olar : Məsələn, mağazaya gedirsən və satıcıya, “zəhmət olmasa, mənə bir qutu stabillik ver”. Və ya qohumlarınla görüşürsən, hal-əhval tutursan, “Necəsiz?” “Stabil, allaha şükür, stabillik içindəyəm. Gündə iki qutu stabillik yeyirəm, bəs edir.”

Son hadisələrdən sonra “stabillik”, deyəsən, bir az pozulub. İnsanlar yavaş-yavaş , uzun illər özlərinin də bilərəkdən razı olduqları yalanın qurbanı olduqlarını anlamağa başlayıblar. Sözün buzu əriməklə məşğuldur, “stabillik” sözü qarşısıalınmaz çürüməyə məruz qalır. İnsanlar “mən ac olduğum üçün bura gəlmişəm” deyib meydanlara tökülür. Onlar “stabilliklə” aclıqları arasında nəsə uyğun gəlməyəni tapıblar.

Qeyd: “Sabitlikdir”. Bu sözü pəncərəsindən bayıra baxaraq sonuncu dəfə gündəliyinə yazan Fransa kralı XVI Lüdovik bilmirdi ki, ertəsi gün Bastiliya inqilabı baş verəcək.

Uğur olsun!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNorma-stabillik