Nigar Köçərli: ƏDV-nin ləğvi kitabların qiymətinə təsir edəcək

Foto: Marja.az

“Rəqabətin artması birmənalı şəkildə qiymətlərin azalmasına səbəb olacaq”

“Azərbaycanda kitabların ƏDV-dən azad edilməsi çox müsbət nəticə verəcək. Dünyanın əksər ölkələrində kitab görə ümumiyyətlə vergi tutulmur”.

Bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Azərbaycanda kitab və dərsliklərin, KİV məhsullarının satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsinə münasibət bildirirkən Meydan TV-yə deyib.

O bildirib ki, Azərbaycanda kitablara vergi güzəşti ilə bağlı dəfələrlə müraciətlər etsə də, nəticəsiz qalıb:

“2012-ci il iyul ayında “Ali və Nino” kitab mağazalar şəbəkəsi, “Qanun” Nəşriyyatı, Bakı Dövlət Universitetinin tələbələri hamımız birlikdə paytaxtın müxtəlif yerlərində, o cümlədən Vergilər Nazirliyinin qarşısında “ƏDV-yə yox deyək!”, “Kitaba dəstək verək!” şüarı ilə aksiyalar keçirmişdik. Təəssüf ki, Vergilər Nazirliyi dialoqa gəlmədi, hətta bunu çox aqressiv qəbul etdi. Hərçənd ki, bu çox normal təşəbbüsdür. Biz bu məsələni 9-10 il ərzində dəfələrlə qaldırmışıq. Kitab incə, intellektual bir məhsuldur. Onun üzərinə əlavə vergi yükləmək doğru deyil”.

Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov kitabların idxalı və satışının ƏDV-dən azad olunacağını bildirib.

O deyib ki, KİV məhsulları, kitablar üçün kağızların kodları müəyyən olunacaq: “Bunu Nazirlər Kabineti müəyyən edəcək. Bu, kağız rulonlarının nomenklaturası ilə bağlıdır. Yəni burada kiminsə kitabı, yaxud kitab adlarının siyahıya alınmasından söhbət getmir”.

Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənənn kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Nigar Köçərli deyib ki, Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı ictimai dinləmədə iştirak edib və bununla bağlı fikirlərini bildirib:

Foto: Nigar Köçərlinin şəxsi arxivi

“Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak edirdilər. Milli Məcilisin İqtisadiyyat Komitəsinə təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, bu məsələyə, nəhayət, çox ciddi baxıldı. İstər bundan öncəki görüşə, istərsə də ictmai müzakirəyə bizi də dəvət etdilər, fikirlərimizi öyrəndilər. ƏDV-nin ləğvi birmənalı şəkildə kitabların qiymətinə təsir edəcək. Bu, bir gündə baş verməyəcək. Amma biz qısa bir zamanda bunun bəhrəsini görəcəyik. Vergi ləğvindən sonra rəqabət artıracaq. İnanıram ki, bu işə daha yeni kitabçılar, kitab şəbəkələri, nəşriyyatlar qoşulacaq. Rəqabətin artması da birmənalı şəkildə qiymətlərin azamasına səbəb olacaq”.

Hazırda ƏDV dəyəri 18 faiz təşkil edir.

Azərbaycana gətirilən kitablara görə 7 faiz gömrük rüsumu tutulur.

Sosial Tədqiqatlar Mərkəzi bu ilin sentyabrında Azərbaycanda əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı 1067 respondent arasında sorğusu keçirib.

Sorğu bütün iqtisadi rayonları əhatə edib.

Sorğuda iştirak edənlərin yarısı, (49.8%) adətən, kitab oxuduğunu bildirib.

Hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı 1-3 kitab aralığındadır.

Texnologiyanın inkişafına baxmayaraq, mütləq əksəriyyət (81.3%) kitabları əsasən hələ də çap formasında oxuyur.

Ümumi romanlar (23.6%), tarixi romanlar (23.8%) və detektiv janrındakı (24%) əsərlər oxucular arasında daha geniş yayılıb.

Elmi-kütləvi kitablar isə sorğuda iştirak edən oxucuların 9.8%-i tərəfindən oxunur. Bədii ədəbiyyata gəlincə isə oxucular arasında Azərbaycan (51.4%) və dünya ədəbiyyatı (21.9%) daha çox yayılıb.

Hər 10 oxucudan 1-i isə əsasən rus ədəbiyyatı oxuyur. Detektiv, elmi-kütləvi və motivasiya (şəxsi inkişaf) janrları 18-25 və 26-35 yaş qrupları arasında, poeziya isə 56-65 yaş qrupu daxilində daha çox yayılıb. Tarixi romanlar daha çox orta və yuxarı yaş qrupları arasında oxunur.

Sorğu nəticələrinə əsasən, bütün janrlar üzrə azərbaycan dilinə daha çox üstünlük verilir.

Ana səhifəSiyasətNigar Köçərli: ƏDV-nin ləğvi kitabların qiymətinə təsir edəcək