Elmir Abbasov

Mənbə: Facebook

Başlıq: Elmir Abbasov

NİDA-çı 30 sutka həbs edilib

Hərəkat onun sosial şəbəkələrdəki paylaşımına görə cəzalandırıldığını deyir

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov həbs olunub. Sumqayıt Şəhər Məhkəməsində onun haqqında İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsilə 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Meydan TV-yə təşkilatdan verilən məlumatda bildirilir ki, Elmir Abbasov bir neçə gün əvvəl yoxa çıxıb, onun harada və niyə saxlanması barədə məlumat almaq mümkün olmayıb. Fevralın 22-də onun dostlarından birilə telefon əlaqəsi saxlayan şəxs özünü Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Elmir Abbasovun haqqında həbs qərarı çıxarıldığını bildirib.

Daha sonra yaxınlarının müqavilə bağladığı vəkil Zibeydə Sadıqova araşdırma aparıb və onun haqqında 30 sutkalıq həbs qərarı çıxarıldığını dəqiqləşdirib.

“Elmir Abbasov hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır”, - deyə vəkil bildirib.

Sumqayıt Şəhər Məhkəməsindən Meydan TV-yə bildirilib ki, Elmir Abbasov haqqında qərar fevralın 20-də çıxarılıb: “Həmin gün günorta saatlarında məhkəməyə gətirilib. Hakim Pərviz Hacıyev onun haqqındakı inzibati işə baxıb. Orada göstərilib ki, Elmir Abbasovun üzərindən narkotik maddə tapılıb”.

NİDA Vətəndaş Hərəkatı isə onun sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə cəzalandırıldığını bəyan edib.

“Elmir Abbasovun həbsinə səbəb siyasi və ictimai fəaliyyəti, sosial şəbəkələrdə yazdığı statuslardır. Elmir Abbasovun inzibati həbsi siyasi fəallara qarşı təqib və repressiyaların növbəti nümunəsidir. Azərbaycanda sivil və ədalətli siyasi mühitin yaranmasının başlıca şərti siyasi repressiyaların dayandırılması və bütün siyasi məhbusların azad edilməsidir”, - NİDA-nın bəyanatında bildirilir.

Elmir Abbasov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcək.

Gənc fəalın həbsindən əvvəlki son paylaşımlarından biri belə olub:

“Azərbaycan xalqı həqiqəti bilir, amma onu demir. Xalq bilir ki, ölkədə baş verən milyardlıq korrupsiya faktlarının əsl səbəbkarı İlham Əliyevdir. Nazirlər, məmurlar isə sadəcə bu işin kiçik payçılarıdır. Elə şey olar ki, dövlət büdcəsindən milyardlar silinsin və dövlətin başında dayanan şəxsin bundan xəbəri olmasın? Əlbəttə ki, xəbəri var və bundan öz qazancı da var. Yaxşı, xalq bunu bilir bəs niyə demir?

Çünki xalq İlham Əliyevdən qorxur. Daha dəqiq desək, İlham Əliyevə qarşı çıxacaqsa, itirəcəyi şeylərə görə qorxur. İşini, ətrafını, azadlığını, həyatını itirməkdən qorxur. Ən pisi isə özünə siyasətçi deyənlərin də belə olmasıdır. Nəticədə qorxaq siyasətçi / vətəndaş qorxaqlığı xalqa təbliğ edir və xalq da siyasətə qorxaq yanaşır. Əsas fiquru deyil, sistemin piyadalarını tənqid etməklə Azərbaycan siyasətində nələrinsə dəyişəcəyinə inanmaq, qorxaqlığın gətirdiyi sadəlövhlükdür”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p8r48i

Ən çox baxılan