Nəsimi AYB üzvü olsaydı, ordan qovulardı…

AYB hansı mənəvi haqla öz yubileyini Nəsiminin yubileyinin arxasına qoşmağa cürət edir?

Foto: Meydan TV

Təzəlikcə sovetdənqalma, divarları hələ də 1937-ci il repressiyasının günahsız qurbanlarının – Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Çəmənzəminlinin, Vəli Xuluflunun, Sanılının, Mümtazın qanını qoxuyan Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qoca bir müsahibə vermişdi; elə həmin müsahibədə o demişdi ki, “…bu il “Nəsimi ili” elan olunub. Onunla bağlı dövlət səviyyəsində tədbir keçiriləcək. Biz də həmin ərəfədə AYB-nin 85 illiyini keçirmək niyyətindəyik. Çünki bunlar elə tədbirlərdir ki, qonaq dəvət etmək lazım olacaq. Ona görə düşünürük ki, iki dəfə xərcə düşməmək üçün qonaqlar Nəsiminin yubileyinə gəlmişkən onları AYB-nin 85 illiyinə də dəvət edək”.

Bəri başdan bunu yazım, baxmayaraq ki, bu günəcən az yazmamışam, ancaq bəzi həqiqətləri təkrarlamaqda həmişə fayda var: Yazıçılar Birliyinə yubiley yaraşmır. Yarandığı gündən bəri “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən, ədəbiyyatı partiya və hökumətin quyruğuna bağlamaq missiyasını üzərinə götürən və bu vəzifəsinin öhdəsindən artıqlaması ilə gələn, gerçək ədəbiyyatla heç bir bağı qalmamış, ədəbi prosesin tormozlayıcısına çevrilmiş bu qurum:

  1. 1937-ci il repressiyasında onlarla ləyaqətli, aydın insanın qətlində başda donosbazlıq olmaqla müxtəlif formalarda iştirak görə onların ruhundan üzr istəməli, bağışlanmasını (ki, bağışlanması mümkünsüzdür, tarixin bütün dönəmlərində lənətlə xatırlanacaqdır!) diləməlidir;
  2. Daha sonra isə özü öz əli ilə qapısından yekə bir qıfıl asmalı və tarixin tozlu arxivlərinə yollandığını elan etməlidir. AYB yaşadığı hər gün öz günahlarının sırasına yenisini əlavə edir, ədəbiyyatı, ədəbi prosesi hər gün bir az da boğmaqla, tormozlamaqla öz vəbalını artırır.

Lakin başda 32 ildir sədr postuna yapışıb qalan xalqsız xalq yazıçısı Anar Rzayev olmaqla, nə bu qurumu özlərinin, ailə üzvlərinin, qohum-əqrəbalarının maddi və mənəvi maraq yuvasına çevirənlər, nə də bu qurumdan ədəbiyyatı yaltaqlıq, mədhiyyə sənəti görmək istəyən siyası hakimiyyət heç vaxt yuxarıdakı iki addımın atılmasını istəməz, boş verin istəməyi, belə bir addımı ağıllarının ucundan belə keçirməz.

Bütün bunlar öz yerində.

İndi gələk yazımızın canına: AYB-nin öz 85 illik yubileyini götürüb Nəsiminin 650 illik yubileyinin arxasına qoşmaq istəməsi misli görünməmiş həyasızlıq nümunəsidir.

Nəsimi Şərq ədəbiyyatının ləyaqətini xilas etmiş böyük şairdir. O, sarayların mərhəmətinə, padşahların səxavətinə sığınmaq yerinə, fikrin, əqidənin qüdrətinə sığınmış, gücünü hökmdarların ənamından, imtiyazından deyil, ali dəyərlərin işığından almış, yaradıcılığı ilə şəxsiyyətini bütünləşdirmiş, həqiqətdən yazaraq yalanın əsirinə və buyruqquluna çevrilməmiş, sözün namusunu ölümü bahasına qorumuş əzəmətli bir simadır.

AYB hansı mənəvi haqla öz yubileyini Nəsiminin yubileyinin arxasına qoşmağa cürət edir?

Yuxarıda da yazdıq: onun divarları hələ də 1937-ci il repressiyasının günahsız qurbanlarının – Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Çəmənzəminlinin, Vəli Xuluflunun, Sanılının, Mümtazın qanını qoxuyur!

Onun divarları arasında pul, vəzifə imtiyaz, şan-şöhrət uğrunda nə qırğınlar düşüb, nə ürəklər partlayıb, onun divarları arasında Əli Kərim kimi necə parlaq istedadlar məhv edilib!

Elə ən yaxın tariximizi götürək: AYB özünün ən görkəmli üzvlərindən birini – Rafiq Tağını fərqli fikirlərinə görə sıralarından xaric edərək kütlənin, kütlə nifrətinin ağuşuna atmışdı.

AYB bir romanına görə daş-qalaq edilən Əkrəm Əylisliyə qarşı amansız hücumların “lokomotivi” rolunu sevinə-sevinə üstünə götürmüşdü.

Daha neçə bu cür örnək göstərə bilərəm ki, bu təşkilatın öz donosçu, üzəduran keçmişinə hələ də nə qədər sadiq olduğunun göstəricisidir.

Və ən əsası: zərrəcə şübhəniz olmasın ki, 6 əsr öncə düşüncələrinə, dünyagörüşünə görə təqib edilən, təzyiqlər görən, vətəndən dərbədər düşən, sonunda edam görən Nəsimi AYB üzvü olsaydı, yenə heç nə dəyişməzdi, AYB ona qarşı hücumların, basqıların da fəal iştirakçısı olar, Nəsiminin cəlladının baltasını böyük məmnuniyyətlə itiləyər, ən yaxşı halda onun sıralarından qovardı.

İndi isə bu qurum özünün 85 illik kirli tarixinin yubiley tədbirini Nəsiminin 650 illik yubileyinin arxasına qoşmağa özündə mənəvi haqq görür!

Dəhşətdir. Nə deyəsən, nə yazasan.

Mikayıl Müşfiq demiş: “Adamın üzündə həya gərəkdir!”

Ana səhifəMənim FikrimcəNəsimi AYB üzvü olsaydı, ordan qovulardı…