“Nərmin işi”nin 3 ili: qan qrupundakı fərqdən tutmuş, ekspertizadakı ziddiyyətlərə qədər…

İlkin Süleymanov. Foto: Meydan TV

İlkin Süleymanovun atası dövlət orqanlarına cinayət işindəki ziddiyyətlərdən yazıb

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayətin bu gün 3 ili tamam olur. 2020-ci il yanvarın 6-da axşam saat 8 radələrində Dondar Quşçu kəndində yanmış meyit tapılmış və bu hadisə ölkədə səs-küyə səbəb olmuşdu. O vaxtdan ictimaiyyət bu hadisə ilə bağlı prosesin gedişini izləyir. Prosesin gedişində üzə çıxan ziddiyyətlər ötən üç il ərzində bu cinayətlə bağlı qaranlıqları daha da artırdı. Hətta Nərmin Quliyevanın qan qrupu ilə tapılan meyitin qan qrupu arasındakı fərqlər onun həmin azyaşlı olub-olmaması barədə sualları belə meydana çıxardı.

Azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun atası İbrahim Süleymanov prezident, birinci vitse-prezident də daxil, müxtəlif dövlət orqanlarının rəhbərlərinə məktub göndərib. O, oğlunun heç bir cinayət törətmədiyi halda, üç ildir ki, həbsdə saxlandığını yazır.

İbrahim Süleymanovun sözlərinə görə, ilyarımdan çoxdur davam edən məhkəmə prosesində çoxsaylı saxtakarlıqların üstü açıldı. O vurğulayıb ki, cinayət işinin materiallarında İlkin Süleymanovun yanvarın 10-da tutulduğu göstərilsə də, məhkəmə prosesi bunun yalan olduğunu, oğlunun əslində, yanvarın 6-dan Tovuz rayon Polis Şöbəsində saxlandığını ortaya qoydu. Bunu, hətta Nərmin Quliyevanın öz valideynləri və başqa qohumları da təsdiqlədilər:

“Polis şöbəsində oğlum 4 gün qanunsuz saxlanılıb, ona dözülməz işgəncələr verilib, nəticədə bu cinayət İlkinin boynuna zorla qoyulub. Bu cinayət işinin saxta olması, əsl cinayətkarları qorumaq üçün oğlumun şərlənib həbs olunmasına dair kifayət qədər faktlar var. Bu günə kimi keçən 3 il ərzində bu faktların bəzilərini nəzərinizə çatdırmaq ücün bir çox məktublar yazmışam. Yazdığım faktlar cinayət işində açıq-aşkar görünən saxtakarlıqların müəyyən bir hissəsidir. Çox təəssüf ki, bu məktublarım sizə çatdırılmır”.

İbrahim Süleymanov ekspertiza zamanı saxtakarlıqlara yol verilməsindən bəhs edir. O bildirir ki, meyitin üstündən çıxmayan paltarlar ekspertizaya təqdim olunub. Məsələn, cins şalvar. Meyitin üstündən çıxan paltarların siyahısı var. Həmin protokolda cins şalvar yoxdur. Lakin ekspert cins şalvardan İlkin Süleymanova məxsus paltarın lifinin tapılması haqda rəy verib. Həmin cins şalvarın ekspertə necə gedib çıxdığı məlum deyil. Yaxud da meyitin baş nahiyəsindən qan axmaması üçün bağlandığı iddia olunan qırmızı əski parçası.

Hadisə yerindən tapılan paltar və əşyalara dair protokolda bu əski parçası haqda heç nə yoxdur. Lakin ekspertiza bu haqda da rəy verib.

İbrahim Süleymanov. Foto: Meydan TV

“Meyit tapılan zaman onun üzərindən aşkarlanmayan bu “göy cins şalvar” kimin əli ilə və necə ekspertə göndərilən paltarların arasına qatılaraq, meyitin üzərindən çıxmış paltar kimi təqdim olunubsa, elə o şəxs də birbaşa cinayətlə əlaqəli olan şəxsdir. Bu şəxs hər kimdirsə, istintaqa müdaxilə etmək imkanına sahib olandır. Bunu inkar etmək mümkün deyil. Onu da qeyd edim ki, Nərminlə və tapılmış meyitlə heç bir əlaqəsi olmayan bu göy cins şalvarın üzərindən guya İlkinin gödəkçəsinin lifi aşkar edilib. Bu hal isə lifli materialların tədqiqatı zamanı baş vermiş saxtakarlığın təkzibolunmaz sübutudur. Bu, istintaqın birbaşa saxtakarlığını sübut edir. Necə olur ki, bədən kömürləşmə həddində yanır, amma paltar yanmır?”, – İbrahim Süleymanov məktubunda yazıb.

Onun sözlərinə görə, ekspertlər oğlu tutulandan sonra bazardan alıb polis şöbəsinə aparıb verdikləri isti alt paltarından da Nərminə məxsus paltarın lifini aşkarlayıblar. Halbuki, satıcı özü də gəlib məhkəmədə ifadə verib, həmin paltarı hadisədən sonra satdığını təsdiqləyib:

“İlkin tutulandan sonra satılmış paltarda Nərminin paltarının lifi necə ola bilərdi?! Məktubda qeyd etdiklərimiz bu cinayət işindəki saxtakarlıqların yalnız bir hissəsidir. Bu cinayət işi demək olar, başdan-ayağa saxtakarlıqlarla müşahidə olunur. Bu saxtakarlıqlar addımbaşı aydın şəkildə sezilir. Bu, haqsızlığın ərşə çəkilməsi anıdı…”.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgə“Nərmin işi”nin 3 ili: qan qrupundakı fərqdən tutmuş, ekspertizadakı ziddiyyətlərə qədər…