“Nərmin işi”ndə qalmaqal

İlkin Süleymanov. Foto: Meydan TV

Videogörüntüdən müstəntiqin müdaxilələri aydın görünüb

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı ilyarımdır məhkəmə araşdırmaları davam edir. Azyaşlı uşağı oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağər Cinayətlər Məhkəməsində baxılır.

Noyabrın 16-da məhkəmədə videogörüntülər nümayiş etdirilib. Bunlardan biri qoyunun yandırılması, digəri isə İlkin Süleymanov dindirilərkən lentə alınmış videogörüntülər olub.

İstintaq zamanı eksperiment məqsədilə qoyunun əyninə paltar geyindirilərək, yandrılılıb. Birinci dəfə qoyunun üstünə salyarka tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb. Lakin bu zaman görüblər ki, qoyunun arxa hissəsi yanmadı. Üstəlik, qoyun tam şəkildə – kömürləşmiş həddə yanmayıb. Ona görə onu ikinci dəfə yandırıblar. Amma yenə də arxa hissə yanmayıb. Hər iki videoya baxdıqdan sonra vəkillər sual veriblər ki, necə olur, Nərminə aid olduğu iddia edilən meyitin təxminən iki dəqiqə yanması barədə rəy verilib və iki tərəf də kömürləşmiş həddə yanıb?

“O meyitin arxa hissəsi torpağın üstündə idi. İki dəqiqə ərzində kürək nahiyəsi o vəziyyətə düşə bilməzdi axı…”, – vəkillər belə deyib.

Məhkəmədə həmçinin İlkin Süleymanovu hadisə yerinə gətirib, orada lentə alınmış görüntülər də nümayiş etdirilib. Müstəntiqin pıçıltıları, müdaxilələri videoda açıq-aşkar eşidilir, hiss olunurdu. Həmçinin İlkin Süleymanovun üzərində xəsarət izləri də görünürdü.

Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov özü bir sıra məsələri aydınlaşdırmaq istəyərkən məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov buna imkan verməyib. O bildirib ki, vəkillər bunları saxlayıb, məhkəmə prosesinin sonunda aydınlaşdırmalıdır. Bu da vəkillərin etirazına səbəb olub. Onlar hakimi ədalətsizlikdə, prosesi obyektiv idarə etməməkdə, ittiham və müdafiə tərəfinə bərabər şərait yaratmamaqda günahlandırıblar. Bu üzdən məhkəmə prosesində qalmaqal yaşanıb. Nəticədə məhkəmə iclası noyabrın 21-nə qədər təxirə salınıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgə“Nərmin işi”ndə qalmaqal