“Nərmin işi”: Meyiti müayinə edən ekspert cavab verə bilmədi

İlkin Süleymanov. Foto: Meydan TV

İlkin Süleymanovun bədənində xəsarət olmadığını yazan da eyni ekspert imiş

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırmalar iki ilə yaxındır ki, davam edir. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun işi üzrə budəfəki məhkəmə iclasında Tovuz rayon məhkəmə-tibb eksperti Nurlan Abbasov şahid qismində dindirilib. O, 2020-ci il yanvarın 6-da Dondar Quşçu kəndində tapılmış yanmış meyitin müayinəsilə bağlı rəyə imza atmış ekspertlərdən biridir.

O, İlkin Süleymanovun vəkillərinin suallarının bir çoxuna “cavab verə bilmirəm”, xatırlamıram”, hətta bəzən “cavab verməkdən imtina edirəm” kimi cavablar verib.

Ekspertlər bu meyitlə bağlı “bir momentli yanma” rəyi verib. Yəni meyit bir dəfə yandırılıb.

Lakin müdafiə tərəfi araşdırmalardan sonra belə nəticəyə gəlib ki, sözügedən meyit əvvəlcədən başqa yerdə yandırılıb. Sonradan onun əyninə paltar geyindirilib. Bir daha İlkin Süleymanovgilin evinin yaxınlığında yandırılıb. Vəkillər deyir ki, onların bu nəticəyə gəlməsinə əsas verən hallar var. Bunlardan biri hadisə yerindən tapılan paltarlarla bağlıdır. Bədənin elə hissələri var ki, onlar kömürləşmə həddində yanıb, amma paltarların o hissələri tam salamatdır.

Bundan başqa, əvvəlki məhkəmə iclasında dindirilən ekspert Seyfulla İsgəndərovdan vəkillər soruşmuşdu ki, 100 qram dizel yanacağı ilə 5 dəqiqə 40 saniyə ərzində meyit kömürləşmə həddində yanıb, bu vəziyyətə düşə bilərdimi? Ekspert “yox” demişdi.

Bu səbəbdən vəkillər ekspert Nurlan Abbasovdan meyitin bir dəfə yandırılması haqda verdiyi rəyi əsaslandırmasını istəyiblər.

Mən bu suala cavab verə bilmərəm”, – Nurlan Abbasov belə deyib.

Vəkillər ondan sintetik paltar yanmadığı halda, bədənin həmin hissəsinin tam yanmasının mümkün olub-olmaması haqda soruşublar. Nurlan Abbasov belə cavab verib: “Bu, ola bilər…”.

Vəkil Zabil Qəhrəmanov bu ekspertdən İlkin Süleymanovu hardan tanıdığını, əvvəllər görüb-görmədiyini soruşub. O bildirib ki, ilk dəfə polis şöbəsində görüb, daha sonra isə mediada, telekanallarda. Lakin vəkilin digər suallarından sonra ekspert İlkin Süleymanovu polis şöbəsində görməsi haqda az öncə dediyi cavabı dəyişməyə calışıb. Məlum olub ki, İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalmaması – üzərində xəsarət izlərinin olmaması haqda rəy vermiş ekspert də bu imiş. Ekspert rəyində İlkin Süleymanovun ekspertiza şöbəsində müayinədən keçirildiyi yazılıb. Lakin o, vəkilin sualına cavab verərkən özü də fərqinə varmadan İlkin Süleymanovu polis şöbəsində gördüyünü dedi.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

İlkin Süleymanov ifadəsində bildirmişdi ki, Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldıqdan və etiraf ifadəsinə imza atdıqdan sonra ora eksperti gətiriblər. Həmin vaxt üzərində gözlə görünən çoxsaylı xəsarətlər olub. Lakin ekspert onların heç birini rəydə göstərməyib. Özü də polis şöbəsində saxlandığını nəzərə alaraq, həmin xəsarətləri yıxılma nəticəsində aldığını deyib.

İlkin Süleymanov martın 15-də məhkəmədə Nurlan Abbasova bu haqda da sual verib:

“Polis şöbəsində saxlanılan şəxsin üstündə gözlə görünən xəsarətlər var, amma onun özü döyülmədiyini deyir. Bu halda, siz o xəsarətləri rəyinizdə qeyd edirsiz, yoxsa yox?”.

Ekspert onun sualına cavab olaraq, “əlbəttə, qeyd edirik” deyib.

İlkin Süleymanovun sözlərinə görə, onunla bağlı halda isə Nurlan Abbasov xəsarətləri gözüylə görsə də, heç birini qeyd etməmişdi.

İlkin Süleymanovun Bakı İstintaq Təcridxanasındakı kamera yoldaşları məhkəmədə dindiriləndə də bildirmişdilər ki, o, təcridxanaya köçürüləndə onun üzərində xeyli xəsarətlər vardı. Uzun müddət onun yaralarına dərman sürtüb, onun sağalmasına yardım ediblər.

İlkin Süleymanovun işi üzrə məhkəmə prosesi martın 29-da davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgə“Nərmin işi”: Meyiti müayinə edən ekspert cavab verə bilmədi