Nərimanov sakini: “Qaya Qala” MMC evimizin üstündə bina tikir

O, mənzilin və həyətyanı sahənin dəyərinin ödənilməsi şərti ilə evini tərk edəcəyini bildirib.

Source: Specify Source


Evindən çıxmaq istəməyən vətəndaş təzyiqlə üzləşdiyini deyir

“Şirkət bizə əvvəl bildirşlər, sonra hədələr göndərməyə başladı ki, şərtləri qəbul etməsəniz, evdən çıxmasanız, evi başınıza uçuracağıq. İstədikləri də odur ki, ev-eşiyimizi onlara verək, kirayə evə köçək. Biz isə hesab edirik ki, bu tələblər vətəndaşların mülkiyyət hüquqlarını pozur. Bu üzdən də mülkiyyətçi hüquqlarımızı sona qədər qorumaqda israrlıyıq”.

Bakı sakini Rövşən Mövlamov Meydan TV-yə danışır ki, “Qaya Qala” MMC Nərimanov rayonu, Təbriz küçəsindəki 34 saylı ünvanda (Təbriz, Əliyar Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsi) pilot layihə çərçivəsində bina tikir. Şirkət bu ünvanda qalan iki ailəni kirayəhaqqı ödəməklə müvəqqəti köçürüb. Ancaq Rövşən Mövlamovun atası Allahverdi Mövlamov evini tərk etməyib. O, mənzilin və həyətyanı sahənin dəyərinin ödənilməsi şərti ilə evini tərk edəcəyini bildirib. Hazırda vəziyyət o yerdədir ki, Allahverdi Mövlanov evində yaşayır, şirkətsə evin üzərində çoxmərtəbəli binanın artıq ikinci mərtəbəsini tikməkdədir.


“Tikinti qanunsuzdur”

Rövşən Mövlanov danışır:

“Atam o evi həyətyanı sahəsi ilə birlikdə 1966-cı ildə alıb, 50 ildən çoxdur orada yaşayır. Mənzilin Çıxarışı var, ancaq 4 sotluq həyətyanı sahə ümumi mülkiyyətdədir, atam məhkəməyə müraciət edib ki, torpaq üzərində natural bölgü aparılsın, onun payçı hüququ müəyyən edilsin. 1 ildən çoxdur ki, məhkəmə davam edir. Şirkətin mübahisəli torpaq üzərində tikinti aparması qanunsuzdur. Hətta bu barədə məhkəmənin qərardadı da var. Ancaq nə şirkət, nə də Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə qərarlarını sayır”.

Ötən ilin yayında “Qaya Qala” MMC Nərimanov Rayon Məhkəməsində Allahverdi Mövlamovun mənzildən çıxarılmasına dair iddia qaldırıb. Məhkəmə araşdırıb ki, “Qaya Qala” MMC-nin bu iddianı qaldırmasına hüququ yoxdur. Çünki pilot layihə çərçivəsində ərazidə binaların tikintisini “RNQ GROUP” MMC həyata keçirir. “Qaya Qala” MMC isə həmin şirkətlə bağladığı müqaviləyə görə, tikiləcək binaların gələcəkdə maddi təminatı həyata keçirəcək. Buna görə də məhkəmə “Qaya Qala” MMC-nin payçıya qarşı mənzildən çıxarılma tələbi üzrə iddianın mülki icraatına xitam verib. Ancaq bundan bir neçə gün sonra Nərimanov Rayon İcra Hakimiyyəti “RNQ GROUP” MMC-nin Sərəncamı ləğv edərək, tikintinin “Qaya Qala” MMC tərəfindən aparılmasına dair yeni Sərəncam imzalayıb. İcra hakimiyyətinin başçısının ərizəyə baxıb 2 gün ərzində qərar qəbul etməsi də şübhəlidir. Belə ki, “Qaya Qala” MMC 19 iyun 2019-cu ildə quruma məktubla müraciət edib, iyunun 21-də başçı Sərəncam imzalayıb.

evin_heyeti.jpg
“Nə şirkət, nə də Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə qərarlarını sayır”.


“Şirkət cərimələnib”

“Həyətimiz və evimiz sanki mühasirəyə alınıb, hər gün başımıza daş-kəsək tökməklə evdən çıxmağa məcbur edirlər. Əvvəl evdən küçəyə çıxışa 10 metr dərinliyində katlavan qazdılar, üzərindən o tərəf – bu tərəfə keçmək üçün asma taxta “körpü” qoydular. Evin divarının altını qazmaqla o boyda tikilini 10 metr dərinliyində katlavanın üzərində saxladılar. Evi katlavanın içərisinə aşırmaq üçün hər gecə divarın altını içinə doğru traktorla qazırdılar. Məhkəməyə müraciət etdik, məhkəmə mühəndis-texniki təyin etdi, nəticədə şirkət 3 min manat cərimələndi. Şirkətin işçiləri dedilər, 3-5 min cəriməni ödəmək bizim üçün problem deyil, onsuz da sizi gec-tez burdan rədd edəcəyik”.

Ötən ilin yayında Allahverdi Mövlamov Nərimanov Rayon Məhkəməsində daha bir iddia qaldırıb ki, həyətyanı sahə üzərindəki payın müəyyən edilməsi üzrə məhkəmə prosesi bitənədək ərazidə tikinti işləri dayandırılsın. Məhkəmə iddianı təmin edib. Ancaq şirkət işini də davam etdirir. Nəticədə, yaşayış evi sakinləriylə birlikdə tikintinin içərisində qalıb. Bu isə mənzildən çıxmayan ailənin həyatı üçün günbəgün təhlükəni artırır.


“Mülkün dəyərini ödəsinlər, çıxaq”

“Həyətin 70 faizi dağıntı içərisindədir. Evə gediş-gəlişi çətinləşib. Faktiki evimizin üstündə bina ucaldılır. Bizim heç kimin qarşısında kirayəyə çıxmaq kimi öhdəliyimiz yoxdur, mülkiyyət hüquqlarımızı məhdudlaşdırmağa imkan verməyəcəyik. Nə hansısa şirkət, nə də hansısa iribynuzlu məmur bizi mülkiyyət hüquqlarımızdan məhrum edə bilər. Bizi köçürmək istəyirlərsə, əvvəlcə məhkəmə həyətyanı sahəyə görə mülkiyyət hüququmuzla bağlı Qətnamə çıxarmalıdır. Dövlət Reyestr Xidməti bizə həyətyanı sahəyə görə Çıxarış verməlidir. Məhkəmə isə hələ də davam edir. Bu o deməkdir ki, şirkət müvafiq sənədin alınmasınadək gözləməli, biz həmin sənədi əlimizə aldıqdan sonra şirkətə mülkümüzün dəyərini bildirməliyik, şirkət şərtimizi qəbul etdikdən və dəyərini əvvəlcədən tam şəkildə ödəyəndən sonra evdən çıxa bilərik. Görün özbaşınalıq hansı həddə çatıb ki, vətəndaşı evindən çıxarmaq üçün üzərinə polis göndərib hədələyirlər. Polis vətəndaşın təhlükəsizliyini, asayişi qorumaqdansa, gəlib hədələyir ki, çıxmasanız elə olacaq, belə olacaq…”, – şikayətçi deyir.

allahverdi_movlanovun_evinin_qarshisi_1.jpg
“Evin divarının altını qazmaqla o boyda tikilini 10 metr dərinliyində katlavanın üzərində saxladılar”


Mənzillər satışa çıxarılıb

“Qaya Qala” MMC-nin ərazidəki nümayəndələri Meydan TV müxbirinin suallarını cavablandırmayıb. Şirkətin rəsmi internet səhifəsindəki əlaqə nömrəsinə edilən zənglər isə cavabsız qalıb.

İnternetdə “Qaya Qala” Residense-nin hazırda Əliyar Əlizadə ilə Təbriz küçəsinin kəsişməsində pilot layihə çərçivəsində tikməkdə olduğu həmin binadakı mənzillərin satışı ilə bağlı çoxsaylı elanları var. Şirkət hələ tikilməkdə olan binadakı mənzilləri bir müddətdir ki, kvadratmetri 1350 manatdan satışa çıxarıb.

Nərimanov Rayon İcra Hakimiyyətindən bildirlib ki, “Qaya Qala” MMC-nin rəhbərliyi 1 il əvvəl quruma məktubla müraciət edib, başçının 2017-ci ildə verdiyi Sərəncamının dəyişdirilərək “Qaya Qala” MMC-nin adına keçirilməsini xahiş edib. “RNQ GROUP” MMC də quruma yazdığı məktubla Sərəncamın “Qaya Qala” MMC-nin adına sənədləşdirilməsi üçün öz razılığını bildirib. Buna görə də başçının əvvəlki sərəncamı qüvvədən düşüb. Tikinti işlərinin aparılması məqsədilə həmin ünvandakı torpaq sahəsi “Qaya Qala” MMC-nin daimi istifadəsinə verilib. Pilot layihə çərçivəsində sakinlərə kirayəhaqqı ödənilib, Allahverdi Mövlamova da aylığı 500 manatdan ödənilməklə kirayə ev tutulması təklif edilib. Bildirilib ki, 50 kv.metr mənzilin qarşılığında Təbriz, Əlişərəf və Əliağa Vahid küçələrinin kəsişməsində inşa olunacaq çoxmərtəbəli binadan 75 kv.metr sahəsi olan ikiotaqlı mənzillə təmin olunacaq. Ancaq Allahverdi Mövlamov təklifi qəbul etməyib.

evin_qapisi.jpg
Şirkətin işçiləri dedilər ki, onsuz da sizi gec-tez burdan rədd edəcəyik


“Qaya Qala”dan şikayətlər var

Bu ilin fevralında “Xalq” qəzetində Prezident Administrasiyasının (PA) Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən il vətəndaşların PA-na müraciətləri ilə bağlı məqaləsi dərc olunub. Məqalədə ötən il ərzində pilot layihə çərçivəsində çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan 100-dən çox tikinti şirkəti ilə bağlı vətəndaşlardan şikayətlər daxil olduğu da qeyd edilib. Həmin şirkətlərin siyahısında “Qaya Qala” MMC-nin də adı var.

evin_etrafi.jpg
“Həyətin 70 faizi dağıntı içərisindədir”
Ana səhifəSosialNərimanov sakini: “Qaya Qala” MMC evimizin üstündə bina tikir