“Neftçi” klubuna etiraz edən azarkeşlər cəzalandırılıb

“Neftçi”nin rəsmi saytı

Azarkeşlərdən ikisi həbs edilib, ikisi cərimələnib

Martın 3-də futbol üzrə Azərbaycan çempionatında “Neftçi”nin “Qarabağ”a 1:4 hesablı məğlubiyyətindən sonra bakılı azarkeşlər hiddətlənərək, klub rəhbərliyindən hesabat tələb ediblər. Bir qrup azarkeş oyundan sonra “Neftçi” klubunun paytaxtın Xətai rayonu, Fəhlə prospektində yerləşən bazasına gedib. Onlar fişəng yandıraraq, etirazlarını ifadə ediblər.

Nəticələr belə davam eləsə, daha pis şeylər olacaq. Ya bu komandanı bizə qaytarın, ya da çıxıb gedin. Hamı təmiz vicdanıyla işləsin, nəticə əldə edək. “Neftçi” heç kimin şəxsi əmlakı deyil…”, – azarkeşlər binanın qarşısında bu fikirləri səsləndiriblər.

Azarkeşlər keçirdikləri etiraz aksiyasını videoya çəkib, sosial şəbəkələrdə paylaşıblar.

“Neftçi” rəhbərliyinə etiraza gedən azarkeşlərin kimliyi müəyyənləşdirilib və martın 4-də onlar saxlanılıb. Saxlanılan şəxslər Ceyhun Quliyev, Arif Dadaşov, Sabir Nəzərov və Vasif Rzayevdir.

Onlar xuliqanlıqda ittiham olunaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib edilib. Sabir Nəzərov və Vasif Rzayev cərimələnərək evə buraxılıb. Ceyhun Quliyev və Arif Dadaşov isə məhkəməyə aparılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, adları çəkilən azarkeşlərin işinə martın 4-də axşam saat 18 radələrində Xətai Rayon Məhkəməsində baxılıb. Hər ikisi eyni hadisə ilə əlaqədar məhkəmə qarşısına çıxarılsa da, onların işləri üzrə məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib. Lakin hər ikisinin işinə hakim Sülhanə Hacıyeva baxıb. O, Arif Dadaşovun 30 sutka, Ceyhun Quliyevin isə 15 sutka həbsi barədə qərarlar çıxarıb.

Ana səhifəİdman“Neftçi” klubuna etiraz edən azarkeşlər cəzalandırılıb