“Əsas yolun bloklanması qlobal neft tədarükünün 15-20 faizinin nəqlini təhdid edir”
İranda HƏMAS liderinin öldürülməsi daha geniş Yaxın Şərq münaqişəsi təhlükəsi yaradıb. Bu da dünya bazarlarında neftin qiymətinə təsir edib, qiymətlər artıb.
Brent markalı xam neftin fyuçersləri 0.46 sent və ya 0,6 faiz artaraq bir barel üçün 81,30 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 55 sent və ya 0,7 faiz artaraq barreli 78,46 dollara çatıb.
Hər iki göstərici üzrə ən aktiv müqavilələr əvvəlki sessiyada təxminən 4 faiz artıb.
HƏMAS-ın lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. Onun ölümü Livanda yerləşən Hizbullahın ən yüksək rütbəli hərbi komandirinin Beyrutda İsrailin hücumu nəticəsində öldürülməsindən 24 saatdan az bir müddət sonra baş verib.
Qətllər İsrail və HƏMAS arasında Qəzzada 10 aydır davam edən müharibənin daha geniş Yaxın Şərq müharibəsinə çevrilməsi ilə bağlı narahatlığı artırıb. Bunun bölgədən neft tədarükünün pozulmasına səbəb ola biləcəyi düşünülüb. Odur ki, neft bazarlarında qiymətlər qalxıb.
“Neft bazarları haqlı olaraq Haniyənin öldürülməsinin İranı birbaşa İsraillə müharibəyə aparacağından narahatdır. Bu isə İranın neft təchizatını və əlaqədar infrastrukturunu riskə ata bilər”, – Avstraliya Birlik Bankının analitiki Vivek Dhar bildirib.
Dhar qeyd edib ki, bazarlar İranın Hörmüz boğazına nəzarəti vasitəsilə gərginliyi artıra biləcəyindən narahatdır:
“Əsas yolun bloklanması qlobal neft tədarükünün 15-20 faizinin nəqlini təhdid edir. Belə blokadadan yan keçmək üçün ehtiyat boru kəmərinin məhdud imkanları ilə Hörmüz boğazı neft bazarları üçün böyük potensial pozulma riski kimi görünür”, – Dhar bildirib.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) çərşənbə günü verdiyi məlumata görə, güclü ixrac tələbi ABŞ-nin xam neft ehtiyatlarını iyulun 26-da bitən həftədə 3,4 milyon barel azalaraq 433 milyon barelə çatdırıb.
Bu arada, ABŞ dolları indeksi, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini saxlayıb, sentyabr ayında endirim üçün qapını açıq qoysa da, əvvəlki sessiya ilə müqayisədə dəyərini itirib. Daha zəif dollar isə digər valyutalara sahib olan investorların neftə tələbini artıra bilər.