”Neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir”

Vüqar Bayramov: ”Dövlət büdcəsində neftin qiyməti 60 dollar deyil, aşağı götürülməlidir”

Source: meydan TV
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov


Vüqar Bayramov: ”Dövlət büdcəsində neftin qiyməti 60 dollar deyil, aşağı götürülməlidir”

“Neftin qiymətində azalmalar davam edir. Oktyabrın əvvəllərində Brent markalı neftin bir bareli 86 dollardan satılırdı. Bunun dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşəcəyini bildirmişdik. İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilirlər”.

İqtisadçı Vüqar Bayramov belə deyir. Bildirir ki, oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inananların sayı azalıb:

“Neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər? 2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi? Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr “qara qızıl”a tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər də edir. Enmələr məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndi. Bu, qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi”.

İqtisadçı deyir ki, ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarına sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi:

“Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barel olub. Rəqəmlərin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir. Dünən “JP Morgan” şirkəti Brent markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Neftin qiymətinin 2019-cu ildə əvvəl 83 dollar olacağını düşünən “JP Morgan” ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda, gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir.

Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp, əslində, ABŞ-ın adını da öz “twit”ində qeyd etməli idi. 2018-ci ildə hasilatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır”.

V. Bayramov deyir ki, OPEC 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir:

“Digər tərəfdən neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik, bu potensial məhdudiyyətlər bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil”.

Neft bazarındakı durum nəzərə alınaraq 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsini daha məqsədəuyğun hesab edir Vüqar Bayramov. Deyir, Maliyyə Nazirliyinin hazırladığı gələnilki büdcə gəlirlərinin 60 faizinin neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər:

“Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələnilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədəuyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır. Beləliklə, neft bazarı ilin son ayına heç də nikbin əhval-ruhiyyə ilə yaxınlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yoludur”.

Ana səhifəAnalitika”Neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir”