Nə etmişəm ki?

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan.tv

Rasim Məmmədovun meyarı

Bakı Poladəritmə şirkətinin sahibi Rasim Məmmədov məhkəmədə soruşub: “Axı mən nə etmişəm ki? Mən kimin pulunu yemişəm?”

Haqlı sualdır. Rasim Məmmədov bacarıqlı adamdır, məntiqi düşünür, doğru sual verməyi bacarır. Ağıllı adamdır, sadəcə əxlaqı əksər vətəndaşların əxlaqından köklü fərqlidir. Vəziyyəti öz əxlaqi meyarları ilə ölçəndə onda tamamilə haqlı sual yaranır: “Axı mən nə etmişəm ki?”

Hər bir cəmiyyətdə əksəriyyətin qəbul etdiyi davranış qəlibləri var. Bütün sahələrdə. Məsələn, mənim cavanlıq illərimdə kişilərin 99%-i saqqalını qırxardı. Saqqal saxlayan adamı hamı “saqqallı kişi” kimi tanıyardı və tanıdardı, zira o, nadir istisna idi. İndi isə desən ki, “saqqallı kişi”, hamı soruşar ki, “hansı saqqallı, nə çoxdur saqqallı”.

Bir az asan olsun deyə xatırladım ki, ta 1980-cı illərin sonuna qədər sovet hakimiyyətini və Sov.İKP-ni aşkar söyən adam çətin tapılardı. 1990-cı ildən sonra isə sovet hakimiyyətini söyməyən adamı tapmaq çətin oldu.

Sözümün canı nədir? Cəmiyyətin əxlaqı, insanların dünyaya baxışları, yazılsa da, yazılmasa da, çox güclü amildir. Əgər cəmiyyətin əxlaqı tələb edirsə ki, vəzifə sahibi xalqın və dövlətin pulunu talasın, o, bu əxlaqa tabe olub xalqın və dövlətin pulunu talayacaq. Necə ki, indi kişilərin əksəriyyəti saqqal saxlayır. Talamasa, talaya bilməsə, onu yüksək vəzifəyə heç təyin etməzlər.

Hakim məhkəmədə Rasim Məmmədovdan işlərin niyə əyri qurduğunu soruşanda Rasim Məmmədov cavabında sadəcə demişdi ki, “İşləri düz qurmaq üçün gərək sistem dəyişsin”.

Heydər-İlham Əliyevlər üsul-idarəsinin sərt meyarları var. Bu meyarlara sərt riayət olunur. Məhz bu sərtliyin nəticəsidir ki, dövlətin və xalqın inkişafı tələblərinə əsla cavab verməyən bu səmərəsiz quruluş 50 ildir Azərbaycanda, kiçik fasilələrlə, palıda çalınmış mıx kimi möhkəm oturub və hədsiz sabitliyə malikdir. Bu meyarları tətbiq edərək hakim ailə ona nail olub ki, hakimiyyətin yuxarı səfinə seçilən adamlar ailənin sərt qəliblərinə uyğun gəlirlər və vəzifədə olduqları dövrdə cani-dildən vətəni də, vicdanı da ayaqlayaraq yuxarıların istənilən qanunsuz göstərişini sözsüz icra edirlər.

Bu meyarlara uyğun gəlməyən bircə nəfər belə Azərbaycan Respublikasında yüksək vəzifəyə təyin oluna bilməz. Hansı meyarlardır bunlar? Görünən dağa nə bələdçi? Əhalinin 99%-i bu meyarları gözəl bilir, odur ki, dübarə yazıb qan qaraltmaq istəmirəm. Kifayətdir ki, artıq dəstə kimi içəri ötürülən icra hakimiyyəti başçılarının nur sifətlərini və məhkəmələrdə ifşa olunan əməllərini xatırlayaq. Onların hamısının “axı mən nə etmişəm” sualını verməyə haqları çatır.

Rasim Məmmədov məhkəmədə soruşur:

“Mən hansı kişinin pulunu yemişəm?” Sonra fikrini dəqiqləşdirir: “Mən pulu üç yerə bölürdüm, Ramiz müəllim Mehdiyevin payı, Bəylər Eyyubovun payı və özümün payım. Mən o kişilərin payından bircə qəpik də götürməmişəm. Mən onlara oğul ataya baxan kimi baxmışam”.

Hakim zümrəyə mənsub nümunəvi məmuru “H. və İ. Əliyevlər” meyarları ilə ölçsək, Rasim Məmmədov tam haqlıdır. O, heç bir kişinin malını yeməyib. Çünki kişi Azərbaycanda Ramiz Mehdiyevdir, Bəylər Əyyubovdur, onlardan yuxarıda duran kişi İlham Əliyevdir, yenə kişilər var ki, onları da kişi məqamına İlham Əliyev təyin edib, ancaq o kişilərlə Rasin Məmmədov iş birliyi yaratmayıb, onların kişiliyi başqa sahələrə aiddir, Rasim Məmmədova aidiyyatı yoxdur.

İlham Əliyevin kişi məqamına təyin etmədiyi adamları, yəni Azərbaycan xalqının mütləq əksəriyyətini Rasim Məmmədov kişi saymır, kişi saymadığı üçün də saf qəlbli və məntiqi düşünən insan kimi soruşur ki, “mən hansı kişinin malını yemişəm?” Hə, indi hansısa sadəlövh insan durub ona desə ki, “sən Azərbaycan xalqının pulunu yemisən”, Rasim Məmmədov onu başqa planetdən gəlmiş məxluq sanar, zira Azərbaycan Respublikasında “Azərbaycan xalqı” adlı kişi yoxdur. Xalq var, amma onu Rasim Məmmədov kişi sinfinə aid etmir. Düz də edir, malına, torpağına, hüququna sahib durmayan məxluqatı necə kişi saymaq olar?

Əgər Rasim Məmmədov adları yuxarıda çəkilən kişilərin malını yeməyibsə, bəs onda onu niyə həbs edib ona ittihamnamə oxuyurlar? Bax, adamı yandıran haqsızlıq budur! Rasim Məmmədov o boyda zavodun qazancını halallıqla üç yerə bölüb, kişilərin qara qəpiyinə dəymədən əlbəəl onlara verib, hətta bəzən Ramiz müəllim Mehdiyev nasaz olanda onu gəzməyə çıxarıb, oğul atasına baxan kimi ona qulluq edib… Əvəzində nə? Qazamat.

Haradadır ədalət? Əgər kişilərin halal payını son qəpiyinəcən sahibinə verən Rasim Məmmədov kimi adam qazamatdadırsa, onda deyə bilərik ki, ədalət yoxdur.

Gəlin özümüzə sual verək: Rasim Məmmədov niyə qazamatdadır? Ona inanmaq olar ki, Rasim Məmmədov heç vaxt Ramiz Mehdiyev və Bəylər Eyyubov kimi kişilərin pulunu yeməyib. Yəni Rasim Məmmədovu nə Ramiz Mehdiyevin, nə də Bəylər Eyyubovun malını-payını yeməsi üstündə həbs etməyiblər. Bu da danılmaz həqiqətdir ki, Rasim Məmmədovu mücərrəd “Azərbaycan xalqı” adlanan kişinin pulunu yediyi üçün də həbs etməyiblər. Əgər xalqın pulunu yediyinə görə bizim ölkədə vəzifəli adamları həbs etsəydilər, indi dövlət cihazı adamsız qalardı, məhbəslər isə şişib azı Bakı şəhəri boyda olardı.

Deməli, başqa səbəblər var.

Bu səbəblərin sayı, məncə, ikidir.

1.Rasim Məmmədov hələ dərk etməyib ki, adlarını çəkdiyi kişilərdən biri, məhz ona hamilik və atalıq edən Ramiz Mehdiyev artıq kişi vəzifəsindən azad edilib. Yəni Rasim Məmmədovun başının üstünü örtən damın yarısı uçub və uçmuş tavanın yerindən, açıq səmadan kişi məqamından çıxarılmış və kişilərin artıq himayə etmədiyi məxluqun üstünə Azərbaycan Respublikasının amansız qarı və qəddar dolusu yağır.

2.Rasim Məmmədov məhkəməyə ifadəsində Bakı Poladəritmə zavodunun yüzmilyonlarla dəyəri və qazancı barədə məlumat səsləndirdi. Buradan da belə məntiqi nəticə çıxır ki, böylə yağlı tikənin sahibi artıq kişi vəzifəsindən azad edilmiş məxluq ola bilməz. Necə ki, vaxtilə Zülfüqarlı qardaşlarına Azərbaycan hakimiyyəti “haydı, bakalım, sürüşün buradan” əmrini vermişdi, indi də Rasim Məmmədova mədəni şəkildə, məhkəmə istintaqı vasitəsilə izah edirlər ki, “balası, dur ayağa, boşalt yeri, ona səndən layiqli kişi sahib çıxacaq”.

Kim? Uşaq-uşaq danışmayın.

Layiqli adam bizdə kimdir? Kimdi bizdə kişilərin kişisi? Təzə sahib elə həmin o kişi özü olacaq.

Heyf Rasim Məmmədovun kişilərə layiq həyat tərzi üçün çəkdiyi böyük zəhmətdən! Kişi saymadığı xalqdan oğurladığı yüzlərlə milyonlar getdi gedər-gəlməzə. Bağına gedən yolda Dövlət Avtomobil Müfəttişliyinin postunu qoydurmuşdu və kişi olmayan bir nəfər belə maşın sürüb yol gedə bilməzdi. Cavid prospektinə yaxın yerdə Disneyin nağıl qəsrlərinə bənzər bir gözəl qəsr ucaltmışdı, bu gözəl qəsrdə yaşamaq qismət olmadı.

Eh-h! Ey fani dünya! Süleymana qalmayan dünya Rasimə də qalmadı…

Görəsən daha kimə qalmayacaq?

Odey, Qazaxıstanda girişiblər Nazarbayevin topdağıtmaz xanimanına, başlayıblar əvvəl qohumlarından, qaçan qaçıb, tutulan tutulub, bəxti gətirən ölüb, növbə çatıb paytaxtın adına, Nursultanı təzədən Astana etdilər…

Allah, bu nə işdir gəlir zalım, gözü doymayan, nə qanundan, nə məxluqdan, nə də Xaliqdən qorxmayan kişilərin başına!

Allah rəhmət eləsin Mirzə Ələkbərə! Necə də deyib!

“Çərxi-fələk tərsinə dövran edir indi”…

Ana səhifəMənim FikrimcəNə etmişəm ki?