Nazirliyin keçmiş aparat rəhbəri məhkəmə qarşısına çıxarılır

Əjdər Cəbiyev, Foto: https://www.ejderol.net/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeyinti və rüşvət iddialarıyla bağlı məhkəmə başladı

Səlim Müslümov nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri işləmiş, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev məhkəmə qarşısına çıxarılıb. 2021-ci ilin fevralından həbsdə olan Əjdər Cəbiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim təqsirləndirilən şairin anket məlumatlarını dəqiqləşdirib. Vəkillər deyib ki, müəyyən məsələlərin araşdırılması üçün vəsatətləri olacaq. Növbəti məhkəmə iclaslarında təqdim edəcəklər.

Qərara alınıb ki, iş məhkəmə baxışına verilsin və Əjdər Cəbiyevə qarşı ittihamlar mahiyyəti üzrə araşdırılsın. Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əjdər Ola qarşı ittihamlar onun Aparat rəhbəri vəzifəsində çalışdığı dövrü əhatə edir. Ona qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.

Əjdər Cəbiyev keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən az sonra tutulub. Onların hər ikisinin işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb. Sabiq Aparat rəhbəri haqqında cinayət işi dekabrda keçmiş nazirin işindən ayrılaraq, məhkəməyə göndərilib. Yaxın vaxtlarda Səlim Müslümovun da işi üzrə istintaqın yekunlaşacağı gözlənilir.

Səlim Müslümov nazir olduğu dövrdə onun rəhbərliyi altında çalışmış bir sıra idarə və şöbə rəisləri də istintaqa cəlb olunaraq dindirilib. İstintaq şəhid ailələri, əlillər üçün evlərin tikintisi, avtomobillərin paylanması və s. məqsədlərlə büdcədən ayrılmış vəsaitlərin necə xərcləndiyini araşdırıb. Araşdırmalar zamanı külli miqdarda yeyinti hallarının aşkarlandığı bildirilir.

Ana səhifəSiyasətNazirliyin keçmiş aparat rəhbəri məhkəmə qarşısına çıxarılır