“Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi”

Həbsdəki sabiq nazir müavininə 8 il həbs cəzası verildi

Source: Сайт СГБ Азербайджана


Həbsdəki sabiq nazir müavininə 8 il həbs cəzası verildi

Mədəniyyət nazirinin keçmiş müavini, 2020-ci ilin mayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Rafiq Bayramovun məhkəməsi yekunlaşıb. Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən sabiq nazir müavini bildirib ki, özünü təqsirli bilmir: “İstintaq zamanı müstəntiqlərə də səmimi etiraflarım olub. Mənimsəmə ittihamı ilə özümü heç vaxt təqsirli bilməmişəm. Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi. 12 ay istintaq bu ittihamla getdi, amma sübuta yetirilmədi. Sonra rüşvət maddəsi ilə ittiham verildi. Mən ömür boyu rüşvət almamışam. Bu, heç cür mümkün deyil. Bir nəfər də burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam”.

Rafiq Bayramovun sözlərinə görə, dindirilən idarə rəisləri rəhbərlik tərəfindən təyin ediliblər. Onun həmin şəxslərdən rüşvət alması mümkün deyildi.

“Əgər onlardan rüşvət tələb etmişəmsə və ittihamda yazıldığı kimi, bu hərəkət mütəmadi baş veribsə, niyə məndən şikayətçi olmayıblar? Düşünə bilərsiniz ki, mən onlara təzyiq etmişəm. Amma bu da mümkün deyil. Mənim 4 idarə rəisindən rüşvət aldığım iddia olunur. Halbuki, həmin şəxslərin işdən çıxarılması ilə bağlı rəhbərliyə təqdimat yazmışam. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?“, – sabiq nazir müavini bildirib.

Rafiq Bayramovun sözlərinə görə, o, fəaliyyəti dövründə 450 müəssisənin bağlanmasına nail olub: “Bu, 1600 ölü ştat deməkdir. Həmin ştatlar üzrə pullar xərclənirdi. Mən rüşvət alan idimsə, niyə bu müəssisələri bağlayırdım? Mənə musiqi məktəblərinin direktorlarından rüşvət almaq ittihamı irəli sürülüb. Bu günə qədər qanunsuz hərəkətlərə yol verən ona yaxın məktəb direktorunun işdən çıxarılmasına, bəzilərinə şiddətli töhmət verilməsinə nail olmuşam”.

Rafiq Bayramov son sözündə etiraf edib ki, müəyyən səhvlərə yol verib, məsuliyyətsizlik edib: “Bunlara görə də cənab prezidentdən, sizdən üzr istəyirəm. Mən ömrüm boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam. O insana cəza verilir ki, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam? Mən uzun illər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Bundanmı islah olunacam?”

Rafiq Bayramov deyir ki, həbs olunmasının səbəbini hələ də bilmir: “Mən niyə burada olduğumu bilmirəm. Aylardır bu suala cavab tapa bilmirəm. Düşünürəm ki, kimlərsə mənim şəxsimlə bağlı mənfi rəy formalaşdırıb. Bunu da dəqiq bilmirəm. Hansı səbəbdən burda olduğumu bilmirəm. Nazirlikdə çalışdığım müddətdə minlərlə insan məni tanıyıb. Bu günə qədər bir nəfər də mənim rüşvət aldığımı deyə bilməz”.

Rafiq Bayramov ailə vəziyyətinin nəzərə alınmasını xahiş edib: “Anam 5 il əvvəl həkim səhvi ucbatından qızını itirib, indi isə oğlunu itirməsin. Üç azyaşlı övladım var, yoldaşım ağır xəstədir. Prokuror çıxışında dedi ki, zərər ödənilib. Sənədlərə fikir verilsə, zərərin necə ödənildiyi məlum olar. Bu da onu göstərir ki, mən rüşvət almamışam. Amma yenə də Vətən sağ olsun…”

Əfqan Hacıyev, Telman Hüseynov və Əli Məmmədovdan ibarət hakimlər kollegiyası qısa müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən, Rafiq Bayramova 8 il həbs cəzası kəsilməkdən əlavə, onun üzərinə həbs qoyulan əmlakları da müsadirə olunub. Həyat yoldaşı və özünün adına bankda olan hesabın üzərindən isə həbsin götürülməsinə qərar verilib.

Ana səhifəXəbərlər“Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi”