Nazir: ”Məktəblərə müstəqil müəllim seçmək imkanı veriləcək”

Mikayıl Cabbarov: ”Təhsil Nazirliyinin diqqət mərkəzində, ilk növbədə, zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasıdır”

Source:


Mikayıl Cabbarov: ”Təhsil Nazirliyinin diqqət mərkəzində, ilk növbədə, zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasıdır”

“Təhsil Nazirliyi son illər məktəblərə müəllim seçiminə diqqətlə yanaşır. Ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq, bu proqramı təkmilləşdirməyi düşünürük”.

“Report”un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan üçün öyrət” layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür: “Hazırda qarşıda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz hazırda bu sahədə mümkün ola biləcək imkanları araşdırırıq”.

O bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var: “İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, onda zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır”.

Mikayıl Cabbarov deyib ki, Təhsil Nazirliyinin diqqət mərkəzində, ilk növbədə, zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasıdır.

Nazirin sözlərinə görə, ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərən bölgələr və məktəblər var: “Nəzərdə tutulan layihənin məqsədi, ilk növbədə, ümumi nəticələri respublika səviyyəsindən daha aşağı olan məktəblər, yaxud akademik nailiyyətləri daha zəif olan şagirdlər üçün bərabər imkanların yaradılmasıdır. Təbii olaraq, bu hallar baş verdikdə ən mürəkkəb və ən vacib məsələ ondan ibarətdir ki, zəif akademik nailiyyətləri şərtləndirən amillər nədir? Onların kökü haradan qaynaqlanır? Məktəbdədirmi, təhsil sistemindədirmi, məktəbin idarə edilməsindədirmi? Yoxsa sosial faktorlardadır – ailə, sosial-iqtisadi səviyyədir? Çox güman ki, bu, müxtəlif faktorların – təhsil sisteminə məxsus olan faktorlardan, amma eyni zamanda təhsil sistemindən kənar olan faktorların birləşməsidir. Müxtəlif şəraitdə olan vətəndaşlarımız, şagirdlərimiz nəticə etibarilə müxtəlif akademik nəticələrə imza atmış olurlar, müxtəlif nailiyyətlər göstərirlər”.

Ana səhifəXəbərlərNazir: ”Məktəblərə müstəqil müəllim seçmək imkanı veriləcək”