Söhbət 150 milyon manata yaxın yeyintidən gedir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (MR) keçirdiyi əməliyyat nəticəsində maliyyə naziri Rəfael Əliyevin həbs olunduğu bildirilir.
O da DTX-da istintaqı aparılan cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı da külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Söhbət 150 milyon manata yaxın yeyintidən gedir.
DTX-nın Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində noyabrın 23-də keçirdiyi əməliyyat nəticəsində həbs olunanların sayı artıb. Bundan öncə Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. İki gün öncə komitənin sədri, general Səhət Həbibbəyli də saxlanılıb.
DTX-nın əməliyyatı nəticəsində Naxçıvan gömrüyündə 100 milyon manatdan çox yeyintinin üzə çıxdığı bildirilir. İddiaya görə, bu qurumda “qara mühasibatlıq” aşkarlanıb. Məlum olub ki, rəsmi elektron sistemlə yanaşı, qeyri-rəsmi hesblamalar da gedirmiş. Oradakı rəqəmlər isə rəsmi sistemdəkindən kəskin fərqlənir.
Həbs olunan gömrükçülərə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa ittihamlar irəli sürülüb.
Bu işin istintaq araşdırmasını da DTX-nın baş İstintaq İdarəsi aparır.
Səhət Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur. Atası onun tutulması xəbərini təkzib etməyib.
“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”, – Həbibbəyli “gununsesi.info”ya belə deyib.
“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına isə İsa Həbibbəyli ”Bilmirəm ki, haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.
Səhət Həbibbəyli 2019-cu ilin martından Naxçıvan MR Gömrük Komitəsinin sədri idi.