Naxçıvan ən çox dotasiya alan regionlardan biridir [ VİDEO ]


Natiq Cəfərli: “Ölkə başçısının iki dəfə qəbul etdirdiyi Regionların İnkişaf  Proqramı fiaskoya uğrayıb”

 “Bunun üçün Naxçıvanda yeni moderinizasiya lazımdır. Yeni sahələr inkişaf etməlidir.  Naxcıvanın istehsalında mütərəqqi dəyişikliklər baş verir.  Sənaye inkişaf edir. Turistlər daha çox gəlir.  Bunu daha da dərinləşdirmək yolu ilə 100 milyona qaldırmaq olar”.

Bu sözləri Naxçıvandan keçmiş millət vəkili olan Əli Əlirzayev prezident İlham Əliyevin MR-nın ixrac potensialı ilə bağlı söylədiyi fikrə münasibətində deyib. Naxçıvanın 90 illik yubileyinə həsr olunan mərasimdə çıxış edən İlham Əliyev MR-nın hərbi, iqtisadi sahələrdəki inkişafına toxunub və bildirib ki, oranın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranıb:

 “Dünən Naxçıvanda sərgilənən yerli istehsal nümunələri ilə də tanış olmuşam. O sərgidə Naxçıvanda son illər ərzində yaradılan müəssisələrin məhsulları nümayiş etdirilirdi.  Bu da çox sevindirici haldır. Çünki yerli istehsal artır, Naxçıvanın sənaye potensalı artır, ixrac artır. 100 milyon dollar səviyyəsində Naxçıvanın artıq ixrac potensialı yaranmışdır”.


Naxcıvan büdcədən aslıdır

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, son dövrlər Naxçıvanda istehsal sahələri açılıb.  Amma real iqtisadi büdcə rəqəmləri onu deməyə əsas verir ki, Muxtar Respubliaknın büdcədən asılılığı ilbəil artır:

“Təqribən Naxçıvan büdcəsinin 80 faizi mərkəzi büdcədən dotasiyalaşdırılır. Baxmayaraq ki, həm Türkiyə, həm  İranla sərhədləri, həm də ciddi ticari potensialı var. Ölkənin bütün ərazisində olan inhisarçılıq Naxçıvanda daha kəskin formadadır. Bir nəfərin əlində cəmləşmiş iqtisadi model mövcuddur. Naxçıvanın 367 milyona yaxın büdcəsi var. Onun da 290 milyon manatı mərkəzi büdcədən transfer vasitəsilə ödənilir ki, bu da Naxçıvanın çox ciddi şəkildə asılılığından xəbər verir”.

Əli Əlirzayev isə  Naxçıvanın mərkəzi büdcədən asılılığının səbəbini oradakı istehsalın genişləndirilməsi ilə əlaqələndirir və bunu normal sayır:

“Naxçıvan strateji əhəmiyyət kəsb edən bölgədir. Burada istehsalı genişləndirmək , əhalinin rifahını yaxşılaşdırmaq üçün mərkəzi fondlardan vəsait lazımdır. Azərbaycan iqtisadiyyatının indiki şəraitində oranın gəlirlərini bilavasitə mərkəziləşdirilmiş gəlirlər hesabına stimullaşdırmaq çox sərfəlidir”.

Azərbaycan regionlarının inkişafı ilə bağlı  2009-2013 və 2014-2018 –ci illəri əhatə edən proqram qəbul olunub. Natiq Cəfərli deyir ki, son beş ildə bu proqramla  bağlı sahibkarlara yardım fondunun xətti ilə iki milyarda yaxın vəsaitlər ayrılsa da, 3 regiondan başqa Azərbaycanda digərləri  dotasiya ilə dolanır və mərəkzi büdcədən ayrılan vəsait hesabına onların dolanşığı təmin olunur:

“Bu, onu göstəriri ki, ölkə başçısının iki dəfə qəbul etdirdiyi Regionların İnkişaf  Proqramı fiaskoya uğrayıb. Və regionlar nə büdcənin formalaşmasında, nə də ixrac potensialının artırılmasında heç bir rol oynamır. Naxçıvan ən çox dotasiya alan regionlardan biridir.  Bunun da səbəbi orda olan siyasi və iqtisadi idarəetmə formasıdır”.

Ana səhifəVideoNaxçıvan ən çox dotasiya alan regionlardan biridir [ VİDEO ]