Naxçıvan – Azərbaycanın totalitar qalası

OCCRP

Naxçıvan – Azərbaycanın totalitar qalası

Vasif Talıbovun sözü Naxçıvanın Muxtar Respublikasında qanundur. O, təcrid olunmuş bölgəni qorxu və zorakılıqla idarə edib. Hətta oğullarının İsveçrə banklarındakı hesablarda milyonlarla vəsaiti  var 

Azərbaycanlı jurnalist Yafəz Həsənov dəhşətli bir hekayənin izində idi: İran üçün casusluq etməkdə ittiham olunan gənc hava limanı texniki Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb, lakin səhərisi gün ölü və cəsədi dəhşətli hala gətirilmiş şəkildə tapılıb.

Lakin Həsənovun reportajı qısa zamanda dayandırılıb. O, sığınacaq aldığı Almaniyadan verdiyi açıqlamada Azərbaycanın Naxçıvan Muxtar Respublikasının hakimiyyətinin onunla necə davrandığını açıqlayıb.

Gizli agentlər onu itələyərək maşına mindirib və İran sərhədindən kənara apararaq orada buraxıblar. Onların planının onu İran kəşfiyyat orqanlarına təhvil vermək olduğundan şübhələnən Həsənov qurtulmaq üçün Azərbaycanın paytaxtı Bakıya qaçıb.

“Mən dörd taksi dəyişdim”,- o deyir: “Arxamca məni təqim etməsinlər deyə taksi dəyişirdim”.

Plan uydurulma görünür, lakin növbəti il ölkədən qaçan naxçıvanlı təhlükəsizlik agenti “Amerikanın Səsi”nə bu planın həyata keçirildiyini təsdiqləyib.

“Plan belə idi ki, Həsənovun deportasiyasından bir neçə saat sonra İranın kəşfiyyat xidmətinə Amerikanın radio işçisinin İrana casusluq etmək üçün getdiyi söylənsin. Belə olan halda İran kəşfiyyatı onu həbs edib, sonra edam edəcəkdi. Sonra kimsə [şöbə müdiri] fikrini dəyişdi. Eşitdim ki, ona Bakıdan zəng ediblər”, – deyə agent qeyd edib.

Həsənovun sərhədlərarası macərası 2011-ci ildə baş verib, lakin o vaxtdan bəri çox şey demək olar ki, dəyişməyib. Naxçıvan Muxtar Respublikası zorakılıqla idarə olunmaqda davam edir və hələ də Azərbaycanın qalan hissəsilə arasında uçurum var.

Naxçıvanın rəhbəri Vasif Talıbov (solda) və eks prezident Heydər Əliyev. Mənbə: Rza Talibov / Twitter

Bu dağlıq, təcrid olunmuş ərazi ölkənin qalan hissəsindən hazırda Ermənistanın tərkibində olan bir parça torpaqla ayrılıb. Naxçıvan sakinləri də Azərbaycan vətəndaşlarıdır və hörmətli naxçıvanlılar Azərbaycanın hakim orqanlarında kifayət qədər yaxşı təmsil olunurlar. Bununla yanaşı, buranı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev tərəfindən naməlum şəkildə hakimiyyətə gətirilən, Sovet dövründə tikiş fabrikinin keçmiş müdiri olmuş Vasif Talıbov idarə edir.

“Əliyev Naxçıvanı Talıbova hədiyyə kimi verib”, – deyə ölkədən qaçan azərbaycanlı hüquq müdafiəçisi əlavə edib: “Bakının ora demək olar ki, gücü çatmır”.

Əsasən öz ixtiyarına buraxılan Talıbov  administrasiyasının qeyri-şəffaflığı, qəddarlığı və özbaşınalığı ilə Şimali Koreya ilə rəqabət apara biləcək bir rejim qurub.

Talıbov şıltaqlığına möhür vuran yerli parlamentə rəhbərlik edir. Sakinlər polisin zorakılığından qorxaraq həyatlarına davam edirlər. Müxaliflər həbs edilir, işgəncələrə məruz qalır və məcburi şəkildə psixoloji dispanserlərə yerləşdirilirlər.

Talıbov və ailəsi yerli biznes üzərində dəhşətli güc sahibidir. Dövlət işçiləri şənbə günlərini küçələri təmizləyərək və ya meyvə-tərəvəz toplayaraq keçirməlidir. Yerli sakinlər isə ərazinin boşaldığını, naxçıvanlıların əksəriyyətinin daha çox azadlıq və iqtisadi imkanlar əldə etmək üçün Azərbaycanın paytaxtına, eləcə də Türkiyəyə üz tutduqlarını deyirlər.

Bu qanun pozuntuları ilə bağlı hesabatlar illər ərzində sızdırılıb, lakin ən son məlumatları əldə etmək çətindir. Belə ki, Naxçıvanda insan haqları ilə bağlı ən son diqqətəlayiq hesabat Norveç Helsinki Komitəsi tərəfindən 2010-cu ildə dərc edilib.

Hətta Azərbaycanın qalan hissəsində də son günlərdə nə baş verməsi haqqında çox az məlumat var.

Mühacirətdə olan hüquq müdafiəçisinin sözlərinə görə, Naxçıvandan demək olar ki, xəbərlər gəlmir: 

“Onlar özbaşınadırlar. Orada baş verənlər tamamilə qaranlıq qalır. Kim ora gedibsə – hətta yerli azərbaycanlı jurnalistlər və ya hüquq müdafiəçiləri belə olsa, – deportasiya olunublar, oğurlanıblar və pis şəkildə döyülüblər”.

Bu ərazi hətta bəzi azərbaycanlı nazirlər və paytaxtdan olan digər yüksək vəzifəli şəxslər üçün də qadağandır.

“Mərkəzi Bankın rəhbəri Naxçıvana gedib. Onun ziyarətinə icazə verilməyib və beş saat saxlanıldıqdan sonra dərhal taksiyə minib, təyyarəylə Bakıya qayıdıb” –  deyə aktivist əlavə edir.

Hətta Azərbaycan parlamentində Naxçıvanı təmsil edən deputat da Talıbovun hakimiyyətini tənqid etməkdən dərs alıb. “O, Naxçıvanın daxili işlərinə qarışmaqda ittiham olunub. Naxçıvanlı deputatı təsəvvür edirsiniz?!”-  aktivist bildirib.

Özbaşına sifarişlər

 Yerli sakinlərin dediyinə görə, Naxçıvanı idarə edən Talıbov savadlı adam deyil. Deportasiya olunan jurnalist Həsənov Talıbov üçün hazırlanan çıxışda 21-ci əsrdən bəhs edərkən “XXI” kimi yazıldığını və Talıbovun bunu tək-tək  “X-X-I” kimi oxuduğu epizodu xatırladıb.

“Mən bunu televiziyada canlı yayımda gördüm”, – Həsənov bildirir.

Talıbov öz çıxışlarını yazmaya bilər, lakin o, naxçıvanlıların həyatını kiçik ölçüdə idarə etməyə cəhd edir. O, 2017-ci ildə rayon gənclərinin mütləq oxumalı olduqları 30 ədəbi əsərlə bağlı sərəncam imzalayıb.

Həmçinin məlumatlara əsasən, insanlar paltarlarını eyvandan asa bilməz və ya evdə ənənəvi təndir ocaqlarında çörək bişirmək qadağandır. Dövlət sektorunda çalışan qadınların necə geyinməli olduğunu diktə edən ciddi geyim qaydası var: rəngli şalvarlara, sarışın və ya qırmızı saç boyasına icazə verilmir.

İnsanları şənbə günləri zibilləri yığmaq və ya başqa ödənişsiz işləri görmək üçün “könüllü” olmağa təşviq edən, Sovet dövründəki “subbotnik”-i xatırladan geniş iməclik keçirilir.

Naxçıvanda isə belə iməciliklər dövlət qulluqçuları üçün məcburidir, hər həftənin şənbə günü həyata keçirilir və Talıbov və ailəsi üçün məhsul yığımı da buna daxildir.

“Subbotnikin nə olduğunu bilirsinizmi? Bu, qul əməyidir”, –  ölkədən qovulan jurnalist Həsənov bildirir.

“Həftə sonları evdə qalmalı, asudə vaxt keçirməlisiniz. Ancaq orda müəllimlər, həkimlər, hər kəs Vasif Talıbovun yanında işləməli olur”.

Bu qəribə iddialar Naxçıvandan xaricə ötürülən, çox vaxt bir növ maraq kimi qəbul edilən nadir xəbərlər silsiləsindəndir.

Naxçıvanın rəhbəri Vasif Talıbov və ölkə başçısı İlham Əliyev – Mənbə: Azərtac

Lakin əksər yerli sakinlər üçün daha aktual olan reallıq dərin və dözülməz yoxsulluqdur.

İnandırıcı rəqəmlər əldə etmək mümkün deyil. Rəsmi statistika Naxçıvanda işsizliyin faktiki olaraq olmadığını iddia edir. Lakin müstəqil müşahidəçilər naxçıvanlıların əksəriyyətinin çətinliklə dolandığını deyir.

“İqtisadi baxımdan orada həyat yoxdur. Orda fabrik yoxdur. İş yerləri yoxdur. Yaxud Naxçıvanda işə girmək üçün çoxlu rüşvət verməlisən və o işin davam edəcəyinə də heç bir zəmanət yoxdur”, – mühacirətdəki fəal bildirib.

Nəticədə bölgə tərk edilib. Azərbaycanda əhalinin son siyahıya alınmasına görə rəsmi əhalinin sayı yarım milyona yaxındır. Lakin yerli sakinlər faktiki rəqəmlərin xeyli aşağı olduğunu deyirlər.

Deportasiya olunmuş jurnalist Həsənov deyir ki, əhalinin 70-90 faizi ölkəni tərk edib; bu, çoxunun, o cümlədən Naxçıvan əsilli məşhur siyasətçinin də səsləndirdiyi qeyri-mümkün kimi görünən rəqəmlərdir.

Mühacirətdəki fəal isə deyir ki, “Kim fürsət tapsa, hər hansı bir iş və ya başqa bir şey tapsa, Bakıya qaçır. İstanbulda naxçıvanlı küçələri var, Naxçıvandan qaçıb qalacaq yer, iş tapan və orada yaşamağa başlayan çox adam var”.

“Bu, təkcə maaşların az olması ilə əlaqəli deyil”, – Həsənov deyir: “Həmçinin diktatura rejiminə görədir. İnsanlar özlərini azad hiss etmirlər”.

Sərhədsiz səlahiyyət

 Kiçik korrupsiya həmişə mövcuddur. Polis bütün bölgədə vətəndaşları qorxutmaq üçün cəzalandırır və rüşvət tələb edir.

“Polis qorxutmaq, pul qoparmaq və istənilən cinayəti törətmək üçün sərhədsiz səlahiyyətlərindən istifadə etməkdən zövq alır”,- deyə yerli universitet professoru Norveç Helsinki Komitəsinə 2010-cu il açıqlama verib. O, müsahibədə “Sıravi vətəndaşlara qarşı zorakı hərəkətlərə və pis rəftara görə heç kim onları məsuliyyətə cəlb etmir”, – deyib.

Təşkilatın Naxçıvanı “Azərbaycanın qaranlıq adası” adlandırdığı hesabatında hər şeyi mənimsəyən Talıbov rejimini tənqid etmək cəsarəti göstərən hər bir şəxsə qarşı törədilən silsilə təzyiqlər də qeyd olunub. Bura insanların işini itirməsi və ya daha pis hadisələr daxildir.

“Dəyənək ilə vurmaq, elektrik cərəyanından istifadə, dırnaqları sökmək, qaz maskasını çıxartdıraraq oksigensiz buraxmaq, cinsi təhqir kimi metodlardan geniş istifadə olunur”, – hesabatda qeyd olunur. 

“Keçmiş məhbus bildirib ki, o, cəzaçəkmə müəssisəsində saxlanılır. Səbəb isə “polisə qarşı müqavimət göstərmək” kimi yayılmış, lakin qeyri-müəyyən ittihamdır. O, 6 gün ac saxlanılıb və əslində günahı olmadığı cinayət əməlinə görə ictimai şəkildə üzr istəməkdən imtina etdiyi üçün ayaqlarından asılıb”.

Mühacirətdə olan fəal hesabatda da qeyd olunan bir hadisədən, yerli sakinlərlə polis arasında toqquşmalardan sonra hakimiyyət orqanlarının Bənənyar adlı kəndə basqın etməsindən danışıb.

Vasif Talıbov və İlham Əliyev Mənbə: Vasif Talibov / Facebook

“Şahidlər var ki, milli təhlükəsizlik nazirinin məhbusların üzərinə işədiyini görüb. Bəziləri qarda uzanmağa məcbur edib və nazir onların üstünə işəyib. O, kiminsə oğlunu atasının üstünə işəməyə məcbur edib”.

Son illərdə bu cür təzyiqlərin azaldığını düşünmək üçün heç bir əsas yoxdur.

Son bir neçə ayda Naxçıvandan məlumatlar yeni layihə vasitəsilə yayılıb: “Gündəlik Naxçıvan” adlı “Facebook” səhifəsi anonim mühacirlər tərəfindən idarə olunur.

Keçən ay səhifədə yerli rejimi açıq şəkildə tənqid etdikdən sonra dindirilməyə çağırılan, polis rəisi tərəfindən əvvəllər işgəncələrə məruz qalan yerli sakinin hekayəsini yayımlayıb.

“O mənə işgəncə verən iki polisdən biri idi”,- deyə yerli sakin bildirib: “Şəxsən məni asdı və huşumu itirənə qədər vurdu. İndi deyir ki, mən Naxçıvan hakimiyyətini tənqid etməyə davam etsəm, yenə də belə olacaq, həmin işgəncələr təkrarlanacaq”.

Yaxın gələcəkdə bu cür anonim şəxslər tərəfindən göstərilən cəhdlər Talibovun bölgəsində nə baş verdiyini öyrənə bilməyimiz üçün yeganə yol olacaq.

2011-ci ildə İrana deportasiya olunmuş jurnalist Həsənov nisbətən təhlükəsiz yaşadığı Bakıda olanda Azadlıq Radiosunun Azərbaycan servisi üçün Naxçıvan bölgəsi haqqında reportajlar hazırlamağa davam edib. Ancaq onun sözlərinə görə, Bakıda belə onu və ailəsini Talıbovun agentləri izləyiblər.

“Mənə fəaliyyətimi dayandırmaq üçün çoxlu pul təklif ediblər”, – Həsənov əlavə edir: “Lakin mən onların hamısından imtina etdim. Sonra dedilər ki, sənin üçün daha pis olacaq. Səni və ailəni öldürəcəyik”.

O, 2014-cü ilin sonunda, Azadlıq Radiosunun ofisi bağlandıqdan cəmi bir gün sonra Azərbaycanı tərk edib.

Vasif Talıbov şərh üçün suallarımıza cavab verməyib.

Ana səhifəAraşdırmaNaxçıvan – Azərbaycanın totalitar qalası