İyunun 9-dan 19-dək Polşada NATO-nun Baltik dənizində növbəti BALTOPS çoxmillətli hərbi təlimi keçirildi. Builki təlimdə 14 NATO üzvü daxil olmaqla 17 ölkədən 5600 hərbçi, 49 hərbi gəmi, 61 hərbi təyyarə cəlb olundu.
ABŞ-ın rəhbərliyi altında keçirilən təlimdə Belçika, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Latviya, Almaniya, Litva, Latviya, Niderland, Norveç, Polşa, İsveç, Türkyə və Böyük Britaniya da iştirak edirdi.
Bu təlimləri yaxından izləmək üçün NATO-nun təşkilatçılığı ilə iyunun 14-də 8 ölkədən olan jurnalist (Azərbaycan, Belçika, Polşa, Macarıstan, Estoniya, Litva, Çexiya, Estoniya) Polşanın şimalına Ustka şəhərinə yollandıq. Buradakı hərbi bazadan helikopterlə Böyük Britaniyanın “Okean” (HMS Ocean) hərbi gəmisinə aparıldıq. Gəmi BALTOPS təlimlərinin dənizdə iki əsas dayaq məntəqəsindən biri idi. Gəminin heyəti 400 nəfərdən ibarətdir, təlim zamanı isə ekipajın sayı 1000 nəfərə çatmışdı. Belə ki, gəmidə britaniyalı hərbçilərlə yanaşı NATO-ya üzv ölkələrin də nümayəndələri vardı.
NATO hərbçiləri bir-birlərinin təcrübəsini öyrənir.
“Okean”ın əsas məqsədi döyüşə hazırlıq, Baltik dənizinin təhlükəsizliyini təmin etmək, əməkdaşlıqı inkişaf etdirmək, konfliktlərin qarşısını almaq, Avropa İttifaqı və NATO-nun iqtisadi gücünü qorumaqdır.
Bu gəminin uzunluğu 208 metr, eni 36 metr, çəkisi 21,500 tondur. 40 hərbi-zirehli texnika daşıma qabiliyyətinə malikdir. Gəminin tikintisinə 1994-cü ildə başlanılıb, 1995-ci ildə başa çatmışd, 1998-ci ildə hərbi gəmi vəkaləti verilmişdir. Gəminin kapitanı Timoti Henridir.
Daşıdığı təyyarələr: 12x Sea King HC 4 helikopterləri, 6x Lynx AH Mk7 helikopterləri.
Əsas qəbulediciləri: Naviqasiya və Uçuşa nəzarət və müşahidə radarları və elektronik müşahidə sistemi ilə təchiz olunub.
Ümumi daşıyıcı kütləri 1103 hərbi donanma əməkdaşı və helikopter eskadriyaları.
Gəmidə ən son tibbi avadanlıqla təchiz olunmuş tibbi məntəqəsi də fəaliyyət göstərir.
Birləşmiş Krallığa məxsus gəminin təlimdə əsas məqsədi hərbi texnikanın və desant birliklərinin sudan quruya çıxarılmasını qüsursuz olaraq təmin etmək idi.
“Okean” gəmisində təkcə hərbi dəniz donanmasının üzvləri yox, həm də quru və hava qoşunları da xidmət keçir. Belə ki, NATO üzvü olan ölkələrin əsgər və zabitləri istər iş, istərsə də asudə vaxtlarını daha çox birlikdə keçirir və ölkələri arasında hərbi əməkdaşlığı inkişaf etdirirdilər. Təlimin digər bir məqsədi həm də bu idi ki, bütün NATO ölkələri zabitləri bir-birinin təcrübəsini öyrəsinlər və informasiya mübadilələri aparsınlar.
Ünsiyyətdə olduğumuz bütün yüksək rütbəli zabitlər 17 millətin bir araya gəlməsini xüsusi vurğulayaraq, ümumi düşmənə qarşı birgə mübarizənin daha effektiv və uğurlu olacağını deyirdilər. Doğrudur, onlar “ümumi düşmən” deyərkən konkret hansısa bir ölkənin adını çəkmirdilər, amma söhbət əsnasında məlum oldu ki, Rusiya Krımın ilhaqına qədər NATO-nun bu kimi təlimlərində hər zaman iştirak edib, bu il isə dəvət olunmayıb.
“Okean”ın suda ən böyük dəstəkçisi ABŞ Hərbi Dəniz Donanmasına məxsus San Antonio gəmisi idi. Britaniyalı dənizçilər bu gəmi haqqında kifayət qədər informasiya vermişdilər. Buraya da birbaşa helikopterlə yola düşdük. Təlimlər başlandığı gündən San Antonioda 800 hərbçi xidmət edirdi.
Bütov adı “USS San Antonio (LPD 17)” olan donanma gəmisinin tikintisi 2000-ci ildə başlanıb, 2003-cü ildə başa çatıb. Uzunluğu 208 metr, eni 32 metrdir. Gəmi ən yüksək silah və zirehli maşınlarla təchiz olunub, onun da geniş helikopter meydançası var. Bu gəminin bir özəlliyi bundan ibarətdir ki, onun 24 çarpayılıq palatası, 2 əməliyyat otağı, 2 dental kabineti fəaliyyət göstərir. Gəminin kapitanı Maykl Pattersondur. San Antonionun əsas məqsədi hərbi əməliyyatlara dənizdən dəstək verməkdən ibarət idi.
“Biz hər şeyə hazırıq”
Hərbi dəniz əməliyyatlarının son günü – iyunun 18-də hər iki hərbi gəmi Baltik dənizinin Polşa sahillərinə bir qədər irəlilədikdən sonra quru qoşunlarına məxsus hərbi texnika və qoşunu dənizdən sahilə yeritdilər, bundan əlavə, gəmilərin helikopter meydanlarından F-16 təyyarələri qalxaraq şərti düşmən obyektlərini bombalamağa başladı. Prosesi NATO-nun yüksək rütbəli zabitləri izləyir və göstərişlərini verirdilər. Admiral Kitçener deyirdi ki, biz bu texnikanı ona görə inkişaf etdirmirik ki, o yalnız bizi müdafiə etsin: “Hesab edirəm ki, qarşıya qoyduğumuz məqsədə çatdıq”.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa komandanı general Filip Bridlav (Philip Breedlove) təlimləri yüksək qiymətləndirdiyini dedi: “Biz hər şeyə hazırıq”.
NATO-nun qurudakı NOUBLE JUMP hərbi təlimi Polşanın Jaqan (Zagan) hərbi bazasında keçirildi. Bu təlimi NATO baş katibi, Niderland Krallığı və Almaniya Federativ Respublikasının müdafiə nazirləri də izləyirdilər. Təlimdə Polşa, Litva, Niderlandın xüsui xidmət orqanlarının əməkdaşları, Polşa və Belçika F-16 qırıcı təyyarələri, Polşanın Mİ-17 və Mİ-24 helikopterləri, Norveçin “Leopard” tankları, Almaniya, Çex Respublikası, Macarıstan və digər ölkələrin hərbi ehtiyatları cəlb olunmuş, NATO-nun Xəbərdaredici və Nəzarət Sistemi (AWACS) quraşdırılmışdı.
Təlimlərdən sonra hərbi texnikanın nümayişinə həsr olunmuş sərgi keçirildi.
NATO qoşunlarında xidmətin əsas fərqli cəhətləri
Hər iki gəmidə hərbçilərlə vaxt keçirmək, təlimləri canlı izləmək, onlarla birgə nahar etmək hətta gəmi kazarmalarında gecələmək imkanımız oldu. Bu da bizə müəyyən müşahidələr aparmağa imkan yaratdı. Öncə onu qeyd etmək yerinə düşərdi ki, hərbçilər arasında qadınlar da üstünlük təşkil edirdi. Onlar da hərbi fəaliyyətin əsas aparıcı qüvvələri idi. Qadın hərbçilər yalnız əməliyyat otağında kompüter qarşısında oturub koordinatları qeydə almır, həm də desant qoşunlarının tərkibində, zirehli texnikanın üzərində fəal xidmət aparırdılar. Bütün zabit və əsgərlər arasında münasibət səmimiyyət əsasında qurulurdu. Onlar birgə yemək yeyir, kofe, hətta pivə içirdilər. Əsgərlər təmizlik və yemək işləri ilə məşğul olmurlar, bunun üçün xüsusi işçilər var ki, onlar da gördükləri işin müqabilində əmək haqqı alırlar.
Ümumiyyətlə, NATO sistemində xidmət müqavilə əsasındadır. Hər iki gəmidə mülki həyatdan gəlmiş, müqavilə əsasında fotoqraf, aşpaz və digər sahələrdə xidmət edənlər vardı. Bəzilərinin xidmət müddətlərinin bitməsinə az qalsa da, gələcəkdə müqaviləsini artırmaq istəyənlər də var idi, ölkəsinə qayıdıb ali məktəbə daxil olmaq istəyən də. Hər iki gəmidə 17 müxtəlif millətin nümayəndəsi xidmət etsə də, ümumi ünsiyyət dili ingiliscədir. Bu günlər ərzində hərbçilər arasında gərgin münasibətin, anlaşılmazlığın şahidi olmadıq. Xüsusi olaraq, “yat” və “qalx” komansı da yox idi. Sadəcə, hər kəs bilir ki, axsam saat 22:00-da işıqları söndürübsə, yatmaq, səhər saat 06:00-dək qalxmaq lazımdır. Gecələdiyimiz kazarmada da bunun şahidi olduq. Bu iki proseduru hərbşilərin özləri tənzimləyirdi. Saat 7-dək səhər yeməyini bitirmək lazımdır, gecikən əsgərlərə əlavə yemək verilmirdi. Bundan sonra hər biri aidiyyatı üzrə xidmət yerinə yollanırdı. Zabitlər kimi sıravilər də burada sanki iş yerlərindədirlər. Fərq bircə budur ki, daim hərbi geyimdə olurlar, məzuniyyətə ildə bir dəfə çıxırlar, bir neçə ay isə dənizdə olurlar. Çox nadir hallarda helikopterlə quruya getmək imkanları olur, bu da hər birinə şamil olunmur. İstədikləri zaman idmanla məşğul olurlar. Ya göyərtədə qaçaraq dövrə vururlar, ya da gəminin lap alt qatında silah və zirehli maşınlar olan mərtəbədə idman qurğuları ilə məşq edirlər.
NATO əsasən müqaviləli sistemdir. Azərbaycan isə mükəlləfiyyətli ordudur, burada əsgərin yüksək rütbəli zabitlərə birbaşa tabeçiliyi var, onların orduda müstəsna hüquqları yoxdur. NATO-da əsgər əmək haqqı alır, odur ki, onun öhdəlikləri olduğu kimi hüquqları da var. Azərbaycan əsgərinin isə əsas hüququ əmrlərə tabe olmaq, yataq yeri, geyim, qida və silahla təmin olunmaqdır. Mükəlləfiyyətli ordu anlayışı zabit və əsgər münasibətlərini də tənzimləmir, onlar arasında mütəmadi konfliktlərin yaranmasına səbəb olur. Bu da ölüm, döyülmə hallarının artmasına gətirib çıxaran haldır. NATO sistemindən fərqli olaraq, əsgərlər həm də qeyri-hərbi işlərlə məşğul olmağa yönləndirilirlər, belə ki, onlar təmizlik işlər aparmaqdan tutmuş, aşbazlığa qədər bütün funksiyaları yerinə yetirirlər. Halbuki əsgərin orduda tək işi hərbi ilə məşğul olmaqdır.
Qeyd edək ki, Azərbaycan ordusunda 2005-2009-cu illərdə NATO standartlarından istifadə olunmağa başlanmışdı. Sonradan bu proses dayandı. Xüsusilə də, Cənubi Qafqaz regionunda geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar, Gürcüstan-Rusiya müharibəsindən sonra Azərbaycan strateji sənədlərində dəyişiklik etdi. Hərbi doktrinanın bir sıra müddəaları dəyişdirildi. Bu müharibədən öncə qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasının bir sıra müddəaları ilə ziddiyyət təşkil etdi və qarşıya qoyulmuş məqsəd bu idi ki, balanslı, qarışıq sistemli ordu yaradılsın.
1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul da NATO standartlarına uyğun aparılırdı. 2001-ci ildə təhsili bitirdilər və 2002-ci ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində birillik hazırlıq keçdikdən sonra NATO standartlarına uyğun kadr kimi SQ-ə göndərildilər. Ancaq bu hərbçilər MN-nin keçmiş rəhbərliyi tərəfindən diqqətdən kənarda qaldı, onların bilik və bacarığından istifadə olunmadı, nəticədə bu zabitlərin əksəriyyəti ordudan getdi və bu da özünü ordu institutunun idarəetməsində göstərdi.
Qeyd edək ki, Azərbaycana qonşu ölkə olan Gürcüstan müqaviləli ordu sisteminə keçib.