Natiq Cəfərli: Manat heç vaxt bahalaşmayacaq, əksinə ucuzlaşacaq

Natiq Cəfərli, Foto: Meydan TV

“İnflyasiyanı yaradan amillər idxaldan asılılıq, vergilərin yüksək olması və korrupsiyadır”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7 faizə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində saxlanılıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, uçot dərəcəsinin artırılmasına səbəb kimi “inflyasiyanın azadılması cəhdi”, – göstərilir.

O əlavə edir ki, AMB-nin uçot dərəcəsinin ölkədə formal iqtisadi göstərici olması hamıya məlumdur: “Məmləkətdə iqtisadi institutlar çox zəif olduğu üçün uçot dərəcəsi vasitəsilə qiymət artımının qarşısını almaq mümkün deyil”.

Natiq Cəfərliyə görə, Azərbaycanda inflyasiya yaradan amillər idxaldan asılılıq, rüsumların, vergilərin yüksək olması və onların məntiqsiz tətbiqi, inhisarçılıq, rəqabətsiz mühit və korrupsiyadır.

Onun fikrincə, AMB-nin uçot dərəcəsini artırması təkcə kredit faizlərini yüksəldəcək. O da ki onsuz da çox yüksəkdir: “Biznes üçün yüksələn faizlər, tam tərsi, onların satdığı malların, göstərdiyi xidmətlərin bahalaşmasına səbəb olacaq. Deməli, əksinə, inflyasiya yüksələcək”.

AMB sədri Elman Rüstəmov konfransda Azərbaycan manatının məzənnəsindən də söz açıb.

İqtisadçı bildirib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, məzənnənin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var: “Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir”.

Natiq Cəfərli deyir ki, Elman Rüstəmov bu dəfə haqlıdır. Yaxın aylarda məzənnə dəyişikliyi olmayacaq, nə qədər ki neftin qiyməti bahadır, risk yoxdur: “Amma Elman müəllim də bilir ki, uzun zaman sabit və inzibatı məzənnə rejimini saxlamaq mümkün deyil. Günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq…“.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi.

Nəticədə manat iki dəfədən çox dəyər itirmişdi. Amma son illər manatın məzənnəsi sabit qalır. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

Uçot dərəcəsinə gəlincə, AMB sonuncu dəfə uçot dərəcəsinə ötən ay baxmışdı.

AMB-nin sentyabrın 17-də yaydığı açıqlamada bildirilirdi ki, uçot dərəcəsi 6,25 faizdən 6,5 faizə, faiz dəhlizinin aşağı həddi 5,75-dən 6-ə, yuxarı həddi isə 6,75-dən 7 səviyyəsinə yüksəldilib.

AMB bu qərarını da qlobal iqtisadiyyatda güclənən inflyasiya, xüsusilə ərzaq, xammal qiymətlərinin milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnən daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması və başqa amillərinin proqnozu ilə əlaqələndirmişdi.

Ana səhifəXəbərlərNatiq Cəfərli: Manat heç vaxt bahalaşmayacaq, əksinə ucuzlaşacaq