Murad Adilovun şikayəti təmin olunmadı

Vəkil: ”Təəssüf ki, gözləntim təsdiqləndi”

Foto: M.Adilovun şəxsi arxivindən
Murad Adilov
Murad Adilov
Murad Adilov
Murad Adilov


Vəkil: ”Təəssüf ki, gözləntim təsdiqləndi”

Aprelin 22-də Ali Məhkəmədə külli miqdarda narkotik maddə saxlamaqda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Murad Adilovla bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib.

Bu barədə Meydan TV-yə məlumat verən Murad Adilovun vəkili Yalçın İmanov məhkəmədən xüsusi gözləntisi olmadığını deyib: “Təəssüf ki, gözləntim təsdiqləndi. Biz Ali Məhkəmə prosedurunu da keçməliydik. Murad Adilovun iki işi Avropa İnsan Haqları Məhkəməsindədir, bu isə mahiyyətlə bağlı üçüncü işi olacaq”

M.Adilov 2014-cü il avqust ayının 11-də Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış nəticəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. 2015-ci il may ayının 14-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Adilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Adilov apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib. Daha sonra M.Adilov məhkəmə qərarından kassasiya şikayəti verib.

Murad Adilov ona qarşı ittihamların siyasi motivli olduğunu deyərək rədd edib.

Beynəlxalq Amnistiya Təşkilatı Murad Adilovu “vicdan məhbusu” elan edib.

M.Adilov hazırda Fransada mühacirətdə olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilovun qardaşıdır.

Ana səhifəXəbərlərMurad Adilovun şikayəti təmin olunmadı