Münhen sazişi

Münhen sazişinin imzalanmasından 80 il ötdü

Source:
Münhen sazişi
Münhen sazişi

Münhen sazişinin imzalanmasından 80 il ötdü. 1938-ci il sentyabrın 30-da Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət rəhbərlərinin imzaladığı saziş əsasən almanların yaşadığı Sudet vilayətinin Çexoslovakiyadan qoparılaraq Almaniyaya verilməsini nəzərdə tuturdu.

Bəzən “Münhen rəzaləti” kimi disfemizmlə ifadə olunan bu saziş bir qədər sonra Çexoslovakiyanın dövlət kimi məhvinə, nasist Almaniyasının hərbi və siyasi cəhətdən xeyli güclənməsinə gətirib çıxardı. Sonrakı illərdə Münhen sazişi qorxaqlığın və siyasi korafəhmliyin simvoluna çevrildi.

***

Birinci cahan savaşından sonra imzalanan Versal müqaviləsi məğlub dövlət kimi Almaniyanın qarşısına ağır şərtlər qoyurdu. Ölkə təkcə müstəmləkələrini deyil, Avropadakı ərazilərinin də bir hissəsini itirdi. Fransa, Belçika, Danimarka, Polşa və Çexoslovakiya arasında bölünən bu torpaqlar keçmiş imperiya ərazisinin 13,2%-ni (72 min kv. km) təşkil edirdi.

İmperiyanın xarabalıqları üzərində yaranmış Veymar Respublikasını hərbi cəhətdən də zəiflətmək üçün bir çox məhdudiyyət nəzərdə tutulurdu. Almaniyanın quru qoşunları 7 piyada və 3 süvari diviziyasından ibarət olmaqla 100 min nəfər təşkil etməli idi. Ümumi hərbi mükəlləfiyyət ləğv olunurdu.

Qısamüddətli hərbi təlimlər vasitəsilə çoxlu sayda insanın təlim görməsinin qarşısını almaq üçün uzunmüddətli xidmət tətbiq edilirdi. Zirehli texnikaya və hərbi aviasiyaya malik olmaq qadağan idi.

Hərbi dəniz qüvvələrində xidmət edənlərin sayı isə 15 mindən çox olmamalı idi. Donanmada 6 yüngül linkor, 6 yüngül kreyser, 12 minadaşıyıcı gəminin və 12 torpeda katerinin olmasına icazə verilirdi. Sualtı qayıqlara malik olmaq hüququ yox idi.

Fransanın təhlükəsizliyi baxımından iki dövlətin sərhədindəki Almaniya ərazisində demilitarizasiya olunmuş Reyn zonası yaradılırdı. Əsasən Reyn çayının sol sahilindən və bir qədər də sağ sahilindəki zolaqdan ibarət bu zonanın eni 50 km-ə bərabər idi. Həmin ərazidə almanlar hərbçilər saxlaya, hərbi istehkamlar tikə, hərbi təlimlər keçirə bilməzdilər.

Versal müqaviləsini iqtisadi cəhətdən də xeyli ağır şərtləri vardı, onların hamısını sadalamaq bizi öz mövzumuzdan çox uzaqlaşdırardı. Onu qeyd edək ki, monarxiyanın yerində yaranan demokratik Veymar Respublikası üçün şərtlər öldürücü idi. Çarəsizlikdən Versal müqaviləsini imzalamağa məcbur olan respublika rəhbərliyinin nüfuzu alman cəmiyyətində xeyli sarsıldı.

Həmin dövrdə Böyük Britaniyanın Baş naziri olan, Almaniya ilə daha yumşaq davranılmasının tərəfdarı Devid Lloyd Corc qeyd edirdi ki, müqavilənin əsas təhlükəsi ondadır ki, “biz kütlələri ekstremistlərin ağuşuna atırıq”. Doğrudan da, Versal müqaviləsinin alçaldıcı şərtləri Almaniyada revanşizm meyllərini alovlandırdı. Bu meyllərdən Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Partiyası (NSDAP) daha bacarıqla istifadə etdi.

1929-cu ildə başlayan və “böyük depressiya” adlandırılan ümumdünya iqtisadi böhranından dolayı sosial vəziyyətin kəskin pisləşməsi nasistlərin işinə yaradı. Bu illərdə NSDAP ölkənin ən nüfuzlu partiyasına çevrildi. Nəhayət, 1933-cü ilin yanvarın 30-da Hitler çoxdan gözlədiyi arzusuna çatdı: prezident Hindenburg onu Veymar Respublikasının kansleri təyin etdi.

Adolf Hitler hakimiyyətə yiyələnən kimi xarici siyasətdə Versal buxovlarından qurtulmaq siyasətini yürütdü. Təəccüblü olsa da, İngiltərə və Fransa bu cəhdlərə dişsiz bəyanatlarla reaksiya verməkdən başqa bir iş görmədilər. Halbuki, Berlini məhdudiyyətlərə riayət etdirmək üçün bütün imkanları vardı.

1933-cü ili oktyabrında Almaniya Millətlər Cəmiyyətindən çıxdı. 1935-ci ilin martın 18-də isə Versal müqaviləsini birtərəfli qaydada denonsasiya etdi. Ümumi hərbi mükəlləfiyyət tətbiq olundu, qısa müddət ərzində icazə veriləndən beş dəfə artıq – 500 minlik ordu yaradılması nəzərdə tutuldu. Hərbi aviasiyanın və tank qoşunlarının yaradılması işləri də aparılırdı.

İngiltərə Almaniyanın Versal məhdudiyyətlərini pozmasına cavabı onun hərbi dəniz qüvvələrini limitləşdirmək üçün yeni müqavilə bağlamaqda gördü. İyunun 18-də imzalanan müqaviləyə görə Almaniya İngiltərənin suüstü donanmasının 35% və sualtı donanmasının 45% həcmində donanmaya malik olmaq hüququ qazandı.

Lakin ingilis-alman dəniz razılaşması kimi xatırlanan bu sənəd Hitler üçün müvəqqəti mərhələ idi. 1938-ci ilin fevralında fürer İngiltərənin sualtı donanmasına bərabər donanma yaratmaq istədiyini bildirdi. 1939-cu ilin aprelində isə Berlin sözügedən razılaşmanı birtərəfli denonsasiya edərək hər hansı bir limit məhdudiyyətini tanımaqdan imtina etdi.

1936-cı il martın 7-də fürer Reyn zonasının remilitarizasiyası barədə göstəriş verdi və 19 batalyon əraziyə daxil oldu. Verilən təlimata görə, əgər fransızlar buna öz hərbçilərini göndərməklə cavab versəydilər, almanlar dərhal geri dönməli idilər. Tarixçilərin fikrincə, daxildə bir sıra problemlər yaşayan nasist rejimi üçün belə uğursuzluq hətta çöküşlə nəticələnə bilərdi. Lakin Fransa hadisəyə Britaniya ilə məsləhətləşmələr və bəyanatla cavab verməklə kifayətləndi.

1938-ci ilin martında Almaniya Avstriyanın ilhaqını (anşlüs) həyata keçirdi və Mərkəzi Avropada nəhəng dövlətə çevrildi. Bundan sonra isə Hitlerin nəzərləri Çexoslovakiyaya doğru yönəldi.

***

Çexoslovakiya dövləti Birinci cahan savaşının övladı idi və Avstriya-Macarıstan imperiyasının parçalanması sayəsində yaranmışdı. Qalib dövlətlərin məğlub Avstriya ilə 1919-cu ildə imzaladıqları Sen-Jermen müqaviləsi Çexoslovakiyanın ərazisini müəyyən edir, o cümlədən Sudet vilayəti üzərində suverenliyini tanıyırdı.

Sudet vilayətinin əhalisinin 90%-ni almanlar təşkil edirdilər. Ümumən ölkə üzrə onların sayı 3,5 milyon idi. Bunlardan 2,8 milyonu Sudetdə, 0,7 milyonu isə Karpat Ukraynası adlanan ərazidə yaşayırdı.

Münhen sazişi
Münhen sazişi

Almanlar say baxımından çexlərdən sonra ikinci, hətta iki titul xalqdan biri olan slovaklardan çox idilər. Belə ki, ölkə əhalisinin 46%-ni çexlər, 28%-ni almanlar, 13%-ni slovaklar, 8%-ni macarlar, yerdə qalanını isə əsasən ukraynalılar, polyaklar və yəhudilər təşkil edirdilər.

Avstriya-Macarıstan imperiyasının tərkibində imtiyazlı təbəqə hesab olunan almanlar üçün həmişə yuxarıdan aşağı baxdıqları slavyan xalqının hakimiyyətini qəbul etmək çətin idi. Rəsmi Praqa müəyyən millətçilik elementlərinə yol versə də, almanların hüquqlarının təmin edilməsinə də çalışırdı. Lakin bu, onları tam qane etmir, Almaniyaya birləşmək meylini zəiflətmirdi.

Ümumdünya iqtisadi böhranı daha çox sənayeləşmiş Sudet vilayətinə xüsusilə ağır təsir göstərdi. 30-cu illərdə Çexoslovakiyadakı işsizlərin 60%-ni almanlar təşkil edirdilər. Üstəlik, Almaniyada nasistlərin hakimiyyətə gəlməsi Sudet almanlarının separatçı meyllərini daha da gücləndirdi. Bu meyli Konrad Henleynin başçılıq etdiyi Sudet alman partiyası (SdP) ifadə edirdi.

1938-ci il martın 28-də Henleyn Berlində Hitlerlə görüşür və ondan Çexoslovakiya rəhbərliyinin qəbul etməyəcəyi tələblər qaldırmaq barədə təlimat alır. Aprelin 24-də SdP açıqladığı Karlsbad proqramında Sudet vilayəti üçün muxtariyyət tələb edir. Prezident Eduard Beneş alman azlığına daha çox hüquqlar verməyə hazır olduğunu, lakin muxtariyyəti qəbul etmədiyni bildirdi.

Mayın 22-nə planlaşdırılan bələdiyyə seçkiləri ətrafında baş verən hadisələr birinci Sudet böhranına səbəb oldu. SdP bu seçkiləri Sudetin Almaniyaya birləşdirilməsi haqqında plebisitə çevirməyi planlaşdırırdı. Eyni zamanda alman qoşunları Çexoslovakiya sərhədinə yaxınlaşdı.

Praqa buna nisbi səfərbərliklə cavab verdi. Çexoslovakiya ilə qarşılıqlı yardım haqqında sazişi olan Fransa və SSRİ kömək etməyə hazır olduqlarını bildirdilər. Hətta Hitlerin yaxın dostu Mussolininin rəhbərlik etdiyi İtaliya da güc tətbiqinə qarşı çıxdı. Hərbi güc ilə daha çox blef edən, əslində Almaniyanın hələ müharibəyə hazır olmadığını anlayan Hitler geri çəkilməli oldu.

Bununla belə, bir neçə gün sonra fürer Çexoslovakiyaya qarşı kod adı “Yaşıl variant” olan hücum planını hazırlamaq göstərişini verdi. Plana görə əməliyyatlar ən geci oktyabrın 1-də başlamalı idi. Bu niyyət vermaxt generalitetinin bir hissəsinin etirazına səbəb oldu. Etirazçılar hesab edirdilər ki, Çexoslovakiya və Fransaya qarşı iki cəbhədə müharibə labüd məğlubiyyətə aparacaq.

Mahir təbliğat ustası olan nasistlər bütün yay ərzində öz qəzetlərində Sudet almanlarının Çexoslovakiyada guya üzləşdikləri vəhşiliklər barədə uydurma məqalələr dərc edir, bununla da İngiltərə və Fransanın ictimai fikrinə təsir göstərməyə çalışırdılar.

Berlindən gələn göstərişlərlə hərəkət edən Henleyn və tərəfdarlarının törətdikləri təxribatlara cavab olaraq Çexoslovakiya polisi SdP-dən parlamentə düşmüş iki deputatı sentyabrın 7-də həbs etdi. Bununla da ikinci Sudet böhranı başladı.

Sentyabrın 12-də Nasist Partiyasının Nürnberqdəki toplantısında çıxış edən Hitler Çexoslovakiya Respublikasını çexlərin hegemonluq etdiyi, slovak, polyak və macarların hüquqlarının pozulduğu (halbuki həmin dövrdə Çexoslovakiyanın Baş naziri Milan Hodza slovak idi), almanların isə az qala genosidə uğradığı dövlət kimi təsvir etdi. Fürer Almaniya dövlətinin başçısı olaraq Sudet almanlarının öz müqəddəratını təyin hüququnu müdafiə edəcəyini bildirdi.

SdP-nın davam edən təxribatları Praqanı sentyabrın 13-də vilayətə qoşun yeritməyə və hərbi vəziyyət elanına vadar etdi. Bəzi yerlərdə silah işlədildi. Bu hadisə Almaniyanın nasist rəhbərliyinin növbəti şüvəninə səbəb oldu. Problemi müzakirə etmək üçün İngiltərənin Baş naziri Nevil Çemberlen təcili Berlinə uçdu.

Almaniyada nasistlər hakimiyyətə gələndən bəri İngiltərənin baş nazirləri olan Ceyms Ramsey Makdonald (1931-1935) və Stenli Bolduin (1935-1937) nəyin bahasına olursa olsun yeni müharibədən qaçmaq, təcavüzkarı sakitləşdirmək siyasəti yürüdürdülər. 1937-1940-cı illərdəki Baş nazir Nevill Çemberlen bu siyasəti daha yaxşı tətbiqə layiq olan bir inadla həyata keçirirdi.

Sentyabrın 15-də Çemberlenlə görüşündə Hitler Sudet probleminin yalnız və yalnız öz müqəddəratını təyin etmək hüququ əsasında həll oluna biləcəyini açıqladı. Çemberlen hökumət üzvləri ilə məsləhətləşmək üçün elə həmin gün Londona qayıtdı. Ertəsi gün Fransanın Baş naziri Eduard Daladye də İngiltərə paytaxtına gəldi.

Sentyabrın 17-də Hitler Sudet almanlarından silahlı könüllü dəstələrinin – fraykorun yaradılması göstərişini verdi. Bu dəstələr guya alman əhalisini Çexoslovakiya hökumətinin repressiyalarından qorumalı idi. Əslində isə sabitliyi sarsıtmalı, hökumət binalarına hücum etməli və hökuməti məhz repressiyalara təhrik etməli idi.

Sentyabrın 18-də birgə məsləhətləşmələrdən sonra İngiltərə və Fransa Çexoslovakiya hökumətinə sakinlərinin yarıdan çoxu alman olan rayonları Almaniyaya güzəştə getməyi təklif etdi. Bunun əvəzində ölkənin qalan ərazisinin toxunulmazlığına zəmanət verilirdi. Bu dəfə İtaliya da Almaniyanın dəstəklədi.

İngiltərənin nüfuzlu siyasətçilərindən Uinston Çörçill “sakitləşdirmə” siyasətinin əleyhinə çıxaraq həmin günlərdə bəyan etdi: “Söhbət təkcə Çexoslovakiyanın deyil, bütün ölkələrin azadlığı və demokratiyasına təhdiddən gedir. Kiçik dövlətləri canavarlara qurban verməklə guya təhlükəsizliyə nail olunacağına ümid bəsləmək – məşum yanlışlıqdır”.

İngilis-fransız təkliflərini qəbul etməyən Beneş hökuməti hərbi konflikt başlayacağı halda SSRİ-nin davranışını öyrənmək üçün Moskvaya müraciət etdi. Sovet quruluşuna qarşı antipatiyama baxmayaraq qeyd etməliyəm ki, Sudet böhranı zamanı irad bildirilməyəcək yeganə ölkə SSRİ idi. Moskva hətta Fransanın imtinası şəraitində belə Çexoslovakiyaya yardım etməyə hazır olduğunu bildirdi.

Lakin sovet-çexoslovak müttəfiqliyi üçün əsas maneə ondan ibarət idi ki, o zaman bu iki ölkə həmsərhəd deyildi. Çexoslovakiyaya köməyə getmək üçün sovet qoşunları ya Polşanın, ya da Rumıniyanın ərazisindən keçməli idilər. Onlar isə buna icazə vermirdilər.

Ümumiyyətlə, Çexoslovakiya ətrafında cərəyan edən hadisələr zamanı Polşa hakimiyyətinin davranışını xüsusi qeyd etmək lazımdır. Varşava bu məsələdə açıq-aşkar Almaniyanın tərəfdarı kimi çıxış edir, Çexoslovakiyadan Teşin Sileziyası vilayətini qoparmağa çalışırdı. Buna görə də SSRİ-nin Çexoslovakiyaya yardım etməsində maraqlı deyildi.

Halbuki sadəcə xəritəyə baxmaq kifayətdir ki, Sudet vilayətinin, sonra da Çexiyanın Almaniyanın tərkibinə qatılmasının Polşanın strateji vəziyyətini nə qədər pisləşdirdiyini görəsən. Bunun üçün dahi strateq olmaq lazım deyildi. Heç bir il keçmədən Almaniya həm də Sudet ərazisindən istifadə edərək daha böyük ərazidə Polşaya qarşı hərbi əməliyyatlara başladı.

Sentyabrın son dekadasının başlanması ilə Sudet problemi ətrafında vəziyyət daha da gərginləşir. İngilis-fransız təkliflərinin qəbuluna meyllənən Milan Hodza hökuməti ümummilli tətil nəticəsində istefa verdi. General Yan Sırovının başçılıq etdiyi yeni hökumət ümumi səfərbərlik elan edir. Əhali bu qərarı coşğu ilə qarşıladı; 24 saat ərzində bir milyondan artıq insan çağırış məntəqələrinə müraciət etdi.

Hitler isə ultimatum verərək sentyabrın 28-i saat 14.00-a qədər Sudetin Almaniyaya verilməsi barədə razılığa gəlinməyəcəyi təqdirdə müharibəyə başlayacağını bildirdi. Həmin gün səhər guya Mussolinin xahişi ilə əməliyyatların başlanması bir gün təxirə salındı. Eyni zamanda Çemberlen füreri əmin etdi ki, o, istədiklərini təcili və müharibəsiz əldə edəcək.

Hitlerin təşəbbüsü ilə sentyabrın 29-da Münhendə Almaniya, İngiltərə, Fransa və İtaliyanın hökumət başçılarının iştirakı ilə konfrans başladı. Guya İtaliyanın hazırladığı, əslində isə tamamilə Hitlerin istəklərindən ibarət olan plan müzakirəyə çıxarıldı. Görüşə buraxılmayan Çexoslovakiya nümayəndələri isə qapı arxasında gözləyirdilər.

Sentyabrın 30-da gecə saat 1-də imzalanan Münhen sazişi Sudet vilayətinin oradakı bütün əmlakla birgə Almaniyaya verilməsini nəzərdə tuturdu. Yalnız bundan sonra Çexoslovakiya nümayəndələri otağa dəvət olundular və öz iştirakları olmadan barələrində çıxarılan hökmlə tanış edildilər. Bu hökmə görə oktyabrın 1-10 tarixlərində Çexoslovakiya Sudeti tərk etməli, onun yerini isə mərhələli şəkildə alman qoşunları tutmalı idi. Praqa həmçinin Polşa və Macarıstanın ərazi iddialarını da təmin etməli idi.

Bunun müqabilində Çexoslovakiya digər dövlətlərlə hərbi sazişlərini ləğv edərək bitərəf dövlətə çevriləcəkdi. Münhen sazişini imzalayan dövlətlər isə onun təhlükəsizliyinə və sərhədlərinin toxunulmazlığına təminat verirdilər.

Çexoslovakiyanın hərbi potensialı kifayət qədər yüksək idi: Almaniyanın 47 diviziyasına qarşı 45 diviziyası vardı. Ölkənin hərbi zavodları hər ay 3000 əl və 1600 dəzgahlı pulemyot, 200 top, 7 min qranatomyot, 130 min tüfəng, xeyli tank və təyyarə istehsal edirdi. Dünya silah və sursat ticarətinin 40%-i Çexoslovakiyanın payına düşürdü.

Buna baxmayaraq, İngiltərə və Fransa hökumətlərinin öz müttəfiqlərinə münasibətdə görünməmiş xəyanəti ilə üzləşən, Polşa və Rumıniyanın mövqeyi səbəbindən SSRİ-dən kömək ala bilməyən Çexoslovakiya hökuməti, təəssüf ki, təcavüzkara təkbaşına müqavimət göstərməyə cəsarət etmədi.

Münhen sazişi nəticəsində Çexoslovakiya ərazisinin 20, əhalisinin 25, ağır sənayesinin 50, metallurgiya sənayesinin isə 70%-ni itirirdi. Almaniya ilə sərhəd indi Praqadan cəmi 40 km-lik məsafədə keçirdi. Bütün istehkamlar Sudetdə yerləşdiyi üçün ölkə faktiki olaraq müdafiəsiz qalmışdı.

***

Sentyabrın 30-da həmçinin hücum etməmək haqqında üç abzasdan ibarət ingilis-alman bəyannaməsi imzalandı. Fransa ilə analoji sənəd dekabrda imzalandı. İki Qərb demokratiyasının Münhen rəzaləti müqabilində əldə etdikləri bu sənədlər oldu. Hansılarını ki, Hitler heç ciddi qəbul etmirdi.

Londona qayıdan Çemberlen hava limanındakı mətbuat konfransında ingilis-alman bəyannaməsini əlində yelləyərək “mən sizə bir insan nəsli ərzində sülh gətirmişəm” söylədi. ABŞ prezidenti Ruzvelt Çemberlenə bir sözdən ibarət teleqram göndərdi: “Afərin”. Bu zaman İkinci cahan savaşının başlanmasına cəmi 11 ay qalırdı.

Uinston Çörçill Münhen sazişini belə şərh edirdi: “Böyük Britaniya müharibə və şərəfsizlik arasında seçim etməli idi. O, şərəfsizliyi seçdi və tezliklə müharibəni də alacaq”.

Adolf Hitler Münhendə verdiyi təminatın əksinə olaraq Sudetlə kifayətlənmədi. 1939-cu ilin martın 14-də Almaniyanın təhriki ilə Slovakiya öz müstəqilliyini elan etdi. Çexiya isə Almaniya tərəfindən işğal edildi, Bohemiya və Moraviya protektoratı adı altında nəzarətə alındı.

İngiltərə və Fransa hökumətləri bu hadisəyə belə reaksiya verdilər: təhlükəsizliyə və sərhədlərin toxunulmazlığına təminat bütöv Çexoslovakiya dövlətinə verilmişdi. Onun parçalanması səbəbindən İngiltərə və Fransanın öhdəlikləri də qüvvədən düşür.

Çexiyanın işğalı Almaniyanın həm strateji mövqelərini gücləndirdi, həm də hərbi potensialını xeyli artırdı. Hitler çıxışlarının birində Çexiyada 1582 təyyarənin, 581 tank əleyhinə topun, 2175 müxtəlif kalibrli artilleriyanın, 735 minomyotun, 500 zenit silahlarının, 486 ağır tankın, 42876 pulemyotun, 114 min tapançanın, 1 milyondan artıq tüfəngin ələ keçirildiyini bildirirdi. Nəhəng hərbi zavodlar da Almaniyaya qismət oldu.

Beləliklə, Avropanın tam mərkəzində əhəmiyyətli dövlət ortadan qaldırıldı, çox hissəsi Almaniyanın nəzarətinə keçdi. Özü də buna demək olar ki, atəşsiz və qurbansız nail olundu (yalnız bir yerdə silahlı müqavimət göstərildi və nəticədə 6 alman əsgəri öldürüldü). Öz yaxın ətrafı ilə söhbət zamanı Hitler hadisəni belə şərh etdi: Lovğalıq olmasın, amma mən bunu çox eleqant şəkildə həyata keçirdim.

Çexoslovakiyanın süqutu Hitler üçün eleqant olduğu qədər Çemberlen və Daladye üçün, onların rəhbərlik etdikləri ölkələr üçün biabırçılıq idi. Münhen rəzaləti Qərb demokratiyalarının üzərində bir ləkə kimi qaldı.

Sudet almanları Almaniyaya birləşmələrini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Sonralar Üçüncü reyxin tərkibində sudetlilər ən nasistyönümlü əhali sayılırdılar. Onların 17,34%-i NSDAP üzvü idi. Halbuki bütün Almaniya üzrə bu rəqəm 7,85%-ə bərabər idi.

İkinci cahan savaşından sonra Sudet Çexoslovakiyanın tərkibinə qaytarıldı. Sudet almanları nasizmə yuvarlanmalarının əvəzini ağır ödədilər. Onlar Çexoslovakiyadan deportasiya olundular, bu zaman bəzən xüsusi qəddarlığa, hətta qətllərə məruz qaldılar. Konrad Henleyn isə 1945-ci ilin mayında amerikalılara əsir düşdü, sındırdığı eynəyinin şüşəsi ilə damarlarını kəsərək intihar etdi.

Ana səhifəAnalitikaMünhen sazişi