Müharibəməramlı, yoxsa sülhməramlı?

Rövşən Hacıbəyli

Foto: Meydan.tv

Soçi görüşü seçim imkanı tanımır…

Soçi görüşü başa çatdı, yalanlarla zəngin görüş. Putin İlham Əliyevlə təkbətək söhbətində bu görüşün Ermənistan Baş nazirinin və Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutduğunu bildirdi. Üçtərəfli görüşdə isə fərqli söz dedi:
“Mən öz həmkarlarıma – həm Ermənistanın Baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız”.
Bu isə o deməkdir ki, görüş Putinin təkidli tələbi nəticəsində baş tutub. Görünür, Putinin yaddaş problemi, ya da Ukraynada apardığı işğalçı müharibədəki uğursuzluqlardan yaranmış psixoloji problemləri var. Eyni tədbirdə, eyni adamlarla görüşdə nədən belə yanlışlıqlar olsun?
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin saytında verilən xəbərdə bu görüşün Putinin dəvəti ilə baş tutduğu yazılıb: “Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib”.
Təkbətək görüşlərdə Paşinyan da, İlham Əliyev də dəvətə görə Putinə təşəkkür ediblər. Bax elə buna görə “siyasət çirkli oyundur” deyirlər; hər şey yalanlar üzərində qurulduğu üçün…
Bəs qonşu, həm də qardaş xalqla ağır itkilərlə müharibə aparan Putin niyə nisbətən uzaq ölkələrdə sülhün qayğısına qalsın ki?! Açıq görünür ki, Putin Azərbaycan və Ermənistanın Rusiyanın təsir dairəsindən çıxacağından narahatdır, həm də çox ciddi. Münaqişənin həlli ilə bağlı Qərbin fəallığı, görünür, Putini belə bir görüşün təşəbbüsçüsü olmağa məcbur edib. Üstəlik, son çağlar Ermənistanda və Azərbaycanda anti-Rusiya meyilləri güclənib.
Hələ bu ilin iyun ayında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov mətbuata açıqlamasında demişdi:
“…Rus sülhməramlılarının prioriteti, işi-gücü Qarabağdakı separatçıları, cinayətkarları, terrorçuları himayə edib qoruyub-saxlamaq, onların Qarabağda daha rahat şəkildə cinayət törətmələrinə şərait yaratmaqdır. Rusiya hərbi kontingentinə sülhməramlı demək olmaz, onlar “erməniməramlıdırlar”. Məqsədləri də məlumdur, ərazilərimizə gələn gündən ancaq erməniləri məskunlaşdırmaqla, yardım göstərməklə məşğuldurlar. Azərbaycan qanunlarına zidd bütün fəaliyyətləri göstəriblər”.
Təyinatlı deputatların özbaşına belə açıqlamalar verməsinin izahına gərək yox. İlham Əliyev də son vaxtlar çıxışlarında Rusiya sülhməramlılarının missiyasına uyğun olmayan fəaliyyətindən danışırdı. Son çağlar AzTV-lərdə deputatların, politoloqların da bu tip çıxışlarını tez-tez eşitmək olur; İlham Əliyevin mövqeyinə uyğunlaşan çıxışlarını. Deputatları, politoloqları Rusiyaya qarşı çıxmağa, sülhməramlıları tənqid etməyə ya prezident cəsarətləndirib, ya da onlara bu yöndə danışmaq göstərişi verilib.
Rəsmi məlumata görə, 12-14 sentyabrda ermənilərin hücumu nəticəsində 50 şəhid verdik, 282 yaralımız oldu. Qeyri-rəsmi mənbələrdə isə şəhid sayının 80-dən çox olduğunu bildirilirdi. Bütün bunlarsa Qarabağa giriş-çıxışa nəzarət edən rus sülhməramlılarının gözləri qarşısında, kim bilir, bəlkə də, iştirakıyla baş verdi. Çünki qonşu ölkələrlə quru sərhədləri bağlı olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistandan gediş-gəlişə nəzarət Rusiyanın əlindədir. Ermənilər üçün (həm də erməni terrorçuları üçün) bu quru yolla gedib-gəlməyə heç bir qadağa yoxdur… Azərbaycanda və Ermənistanda artan anti-Rusiya çağırışları, görünür, Putini hərəkətə keçməyə hər iki ölkə başçısını sülh danışıqları adıyla “razborka”ya çəkməyə məcbur etdi. Soçi görüşündə o, ən azı, sülhməramlılarla bağlı istəyinə nail oldu. İstər İlham Əliyev, istərsə də Nikol Paşinyanın dilindən Qarabağda rus “sülhməramlıları“nın fəaliyyətinə müsbət qiymət aldı. Üstəlik, bunu üçtərəfli bəyanatla rəsmiləşdirdi:
“Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğuladıq”.
Bir daha xatırladaq, bəyanatda vurğulanan “mühüm töhfə” nəticəsində bu ilin 12-14 sentyabrında hər iki tərəf ümumilikdə 400-ə yaxın əsgər və zabitini itirdi.
Putinsə, yuxarıda vurğuladığımız kimi, bu itkilərin qarşılığında hər iki ölkə başçısından “sülhməramlı ruslardan” razı qaldıqları barədə yazılı sənəd aldı. Üçtərəfli bəyanata ümumi razılıqla bu bənd də salındı. Başqa mühüm razılaşmalar olmasa da, Rusiya “sülhməramlı” adıyla Qarabağda hələ uzun müddət “gərəkli” olduğunu hər iki tərəfin boynuna qoydu…
İndi problem bizim saxta mandatlı deputatlarda, politoloqlarda- bir sözlə, yapçılarda olacaq, onlar dünənə qədər yamanladıqları “sülhməramlı“ları yenidən xilaskar kimi qələmə vermək zorunda qalacaqlar… Keçmiş olsun!

Ana səhifəMənim FikrimcəMüharibəməramlı, yoxsa sülhməramlı?