İş adamının müdafiəsi üçün 10 min imza atıldığı bildirilir
Türkiyədə həbs olunan iş adamı Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi yaradılıb. Komitə bəyanat yayıb. Meydan TV-yə göndərilən bəyanatda deyilir ki, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən “Palmali” Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimovun həbsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsinə səbəb olub:
“Biz Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsini yaratmaq məcburiyyətində qalmışıq. Komitə müstəqil qurumdur və heç bir dövlət, qurum, şəxs qarşısında siyasi, hüquqi, mənəvi öhdəliyi yoxdur. Bizim məqsədimiz ən qısa zaman ərzində Mübariz Mənsimovun azadlığına nail olmaq və onun öz fəaliyyətini bərpa etməsidir”.
Bəyanatı azərbaycanlı ziyalılar və xarici ölkələrdə yaşayan mühacirlər, jurnalistlər, iş adamları, sadə vətəndaşlar imzalayıb. On min imza toplandığı bildirilir. Bəyanata imza atanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Ədalət Nazirliyinə müraciət edirlər:
“Bildiririk ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov çirkin bir iftaraya məruz qalıb. Türkiyə Cümhuriyyətinə böyük yatırımlar etmiş bu iş adamı bütün fəaliyyəti boyunca xeyriyyəçiliyi təbliğ edib, Türkiyə və Azərbaycan qardaşlığının inkişafına çalışıb. Yüzlərlə insana, tələbəyə yardım edib. Biz onun fəaliyyətilə bağlı çox məlumatı sizə təqdim edə bilərik. İnternet resurslarında bu barədə kifayət qədər informasiya var”.
Türkiyə Prezidentinə ünvanlanan müraciətdə deyilir:
“Sizdən Mübariz Mənsimovla bağlı atılan çirkin iftiraların ədalətlə araşdırılmasını, millət və dövlətlər qarşısında xidmətlərini nəzərə alaraq, istintaq zamanı azadlıqda qalmasını təmin etməyinizi xahiş edirik. Biz əminik ki, ədalətli araşdırmalar bu vətənpərvər, Türkiyəsevər, xeyriyyəçi şəxsiyyətin çirkin iftiraya məruz qaldığını sübut edəcəkdir.
Biz Türkiyə Cümhuriyyətinin ədalətinə inanır və tezliklə maarifpərvər, xeyriyyəçi iş adamı Mübariz Mənsimovun haqq etdiyi azadlığına qovuşacağına əminliyimizi ifadə edirik.
Bütün bunlara rəğmən, həm də inanırıq ki, ilahi ədalət qalib gələcək”.
Komitə “#freedomforMubarizMansimov”, “Sizi deyirlər #RecepTayyipErdoğan” həştağı ilə paylaşımlar edir.
Mübariz Mənsimov martın 15-də saxlanılıb. İki gün sonra Türkiyə mediası Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Pekerin İstanbul Ədalət Sarayına aparıldığı haqda məlumat yayıb.
Bildirilib ki, məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs-qətimkan tədbiri seçilib. Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.
Martın 20-də
Mübariz Mənsimov
həbsxanadan ictimaiyyətə müraciət ünvanlayıb. O, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi, dəstəyilə ilə həbs edildiyini deyib.
SOCAR bu müraciətdən iki gün əvvəl – martın 18-də Mübariz Mənsimovun həbsi ilə bağlı adının hallanmasına etiraz olaraq bəyanat yayıb.
Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen İnşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “Palmali” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yaymışdı.
Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib.
Hazırda illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.