Mübariz Mənsimovla bağlı Türkiyə Prezidentinə müraciət edildi

“Bu məktubu imzalayan Azərbaycan ziyalıları olaraq Mübariz Mənsimov haqqında həbs qərarının dəyişdirilməsinə yardımçı olmanızı və istintaqı şəxsən izləmənizi rica edirik”.

Source: Meydan TV


“Azərbaycan ziyalıları olaraq həbs qərarının dəyişdirilməsinə yardımçı olmanızı və istintaqı şəxsən izləmənizi rica edirik”

Bir qrup Azərbaycan ziyalısı Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana müraciət edib.

Onlar “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun həbsindən ciddi narahatlıqlarını ifadə edərək bildiriblər ki, sahibkar Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub, hər iki qardaş ölkədə nüfuz və hörmət qazanıb. Müraciətdə deyilir:

“Mübariz Mənsimova qarşı irəli sürülən ittiham əsassız olduğundan Türkiyənin hüquq sisteminə güvənərək istindaqın ədalətli aparılacağına inandığımızdan Sizə müraciət edirik. Mübariz Mənsimovun qanunlara qarşı hərəkətinə və qanundan kənar işlərə müdaxilə etdiyinə ehtimal etmirik. Bu məktubu imzalayan Azərbaycan ziyalıları olaraq Mübariz Mənsimov haqqında həbs qərarının dəyişdirilməsinə yardımçı olmanızı və istintaqı şəxsən izləmənizi rica edirik”.

Prezident R.T. Ərdoğana müraciəti şair Rüstəm Behrudi, istiqlalçı millət vəkili Hacıbaba Əzimov, V.Vilson Mərkəzinin araşdırmaçısı, professor Cəmil Həsənli, ABŞ Rutgers Üniversitetinin araşdırmaçısı, iqtisadçı Qubad İbadoğlu, professor-həkim Adil Qeybulla, professor, telejurnalist Qulu Məhərrəmli, iqtisadçı, sabiq maliyyə naziri Saleh Məmmədov imzalayıblar.

Mübariz Mənsimov martın 15-də saxlanılıb. İki gün sonra Türkiyə mediası Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Pekerin İstanbul Ədalət Sarayına aparıldığı haqda məlumat yayıb.

Bildirilib ki, məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs-qətimkan tədbiri seçilib. Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.

Martın 20-də iş adamı Mübariz Mənsimov həbsxanadan ictimaiyyətə müraciət ünvanlayıb:

"Mənimlə bağlı bu işi SOCAR, Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi və dəstəyilə ilə edirlər. Mən həyatımda Allahdan başqa kimsədən qorxmadım. Bu saatdan sonra da savaşmaqdan imtina etməyəcəyəm. Şərəfsiz yaşamaqdansa, şərəfimlə ölməyi seçərəm. SOCAR-ın rəhbəri və onun adının nə olduğu bəlli olmayan Anar Əlizadə adlı əqrabası mənim satılmış işçilərim olan qrupa – Alaatdin Aykaç, Ali Kemal Çelikten, Mehmet Erçil və Fatih Berbere pul verərək bu ittihamlarla bağlı ifadələri verdiriblər. Çünki Londonda milyard dollarlıq məhkəmə prosesində uduzacaqlarını bilirlər. Buna görə bu yola baş vuran saxtakarlar Türkiyədə hüququ ayaqlar altına atıblar. Bu 4 saxtakara qarşı mənim illərlə açdığım məhkəmə davam edir. Prokuror və hakimlərə pul yediriblər. Bunların mənə edəcəklərini və bir oyun quracaqlarını 5 ay öncə bir rus dost mənə söyləmişdi. Buna görə bu məlumatı dəyərli cümhurbaşkanımız Recep Tayyip Erdoğanla paylaşdım. Hüquq- mühafizə orqanlarına məlumat verdim. İndi heç bir şey olmamış kimi gülüb keçənlər var. Heç hüququn üstünlüyünə inanmırsınızmı? Bütün bunlar Türkiyədə hüququn qalmadığının sübutudur. Ancaq yenə də mənə qarşı bunu edənlərlə bağlı hüquq yolunu seçdim. Allahın icazəsiylə savaşımı aparacağam. Sizin aciz və nə qədər xaraktersiz olduğunuzu görürəm. Əxlaq və kişilikdən məhrum adamlarsınız. Sahiblərinizə unutmasınlar deyə bunu xatırlatmaq istəyirəm: Biz, şərəfli insanlar ailəmizdə Atatürk prinsipləri ilə yaşayırıq. Biz şərəfli həyat yaşayırıq. Amma bu, sizdə yoxdur".


SOCAR

bu müraciətdən iki gün əvvəl – martın 18-də Mübariz Mənsimovun həbsi ilə bağlı adının hallanmasına etiraz olaraq bəyanat yayıb.

Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen İnşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “Palmali” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yayılmışdı.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib.

Hazırda illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.

Ana səhifəSiyasətMübariz Mənsimovla bağlı Türkiyə Prezidentinə müraciət edildi