Moskva və Moskvaətrafı pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb

Foto: shutterstock/Viacheslav Lopatin

Dronlar minimum üç yaşayış evinə dəyib

“Novaya qazeta. Yevropa”nın materialı

Moskva və Moskvaətrafı sakinləri şəhərdə partlayışlar barədə xəbər verib. Hava Hücumundan Müdafiə işləyir, rayona pilotsuz uçuş aparatları hücum edib.

Moskva meri Sergey Sobyanin dronların Moskvaya hücumunu təsdiqləyib, onun dediyinə görə, bir neçə bina “cüzi şəkildə zərər alıb:

“Şəhərin bütün fövqəladə xidmətləri hadisə yerindədir. Onlar olayların baş vermə şəraitini aydınlaşdırırlar. Hazırda heç kəs ciddi zədə almayıb”, – mer bəyan edib.

Foto: Sosial şəbəkələr

Daha sonra Sobyanin dəqiqləşdirib ki, pilotsuz uçuş aparatlarının zədələdiyi evlərdən heç birinin sakinləri “ciddi zərər almayıb”: cəmi iki nəfər tibbi kömək istəyib, heç kəs xəstəxanaya yerləşdirilməyib. İki yaşayış binasında bir neçə blokun sakinlərini təxliyə ediblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov həmçinin dron hücumunu təsdiqləyib.
“Bu səhər Moskva vilayətinin bir neçə rayonunun sakinləri partlayış səsləri eşidə bilərlər – bu, bizim Hava Hücumundan Müdafiəmizin işidir. Moskvaya yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı zərərsizləşdirilib”, – o yazıb.

RF Müdafiə Nazirliyində bəyan ediblər ki, Ukrayna silahlı qüvvələrinin səkkiz pilotsuz uçuş aparatı Moskvaya hücum edib.

“Düşmənin bütün pilotsuz uçuş aparatları zərərsizləşdirilib”, – qurumda məruzə ediblər. Pilotsuz uçuş aparatlarının üçü radioelektron mübarizə vasitələri sayəsində idarəsini itirib və hədəfdən yayınıb. Daha beş dron Moskvaətrafında “Pansir-C” zenit raket-top kompleksi tərəfindən vurulub. Hərbi qurumda baş verənləri “terror hücumu” adlandırıblar.

TASS-ın fövqəladə xidmətlərə əsaslanaraq yazdığı kimi, pilotsuz uçuş aparatı Yeni Moskvada çoxmərtəbəli yaşayış binasına dəyib, nəticədə partlayış baş verib. “Binanın ətrafında pilotsuz uçuş aparatının fraqmentlərinə bənzər detallar aşkarlanıb”, – agentliyin əməkdaşı deyib. İlkin məlumatlara görə, zərərçəkən yoxdur.

“Mash”ın məlumatına görə, Yeni Moskvada hadisə səhər saat 4:30 radələrində baş verib, zərbə mənzilin pəncərələrinin üstündəki texniki mərtəbəyə dəyib. Qırıntılar, beton və dam parçaları yerə düşüb. “RİA Novosti” və “Shot”un dəqiqləşdirdiyinə görə, söhbət Yeni Moskvada, Atlasov küçəsinhdəki 24 mərtəbəli yaşayış binasından gedir.

Həmçinin digər pilotsuz uçuş aparatı Moskvada, Həmkarlar küçəsi 98-də yaşayış binasına dəyib, “Shot”, “RİA Novosti”, “Novosti Moskvı” və “Mash” yazır. Evin fasadı dağılıb və şüşələri qırılıb. Pilotsuz uçuş aparatı 16-cı mərtəbədə yaşayan moskvalı qadının mənzilinə dəyib və pəncərəni sındırıb. İlkin məlumata görə, zərərçəkən yoxdur. Bina sakinləri təxliyə ediliblər.

“Mash” və “Shot”un məlumatına görə, həmçinin Moskvada, Leninsk prospektində çoxmərtəbəli bina hücuma məruz qalıb: pilotsuz uçuş aparatının qırıntıları 92k1 saylı binanın mənzillərindən birinin pəncərəsinə dəyib. Oradan müvəqqəti olaraq 300-ə yaxın adamı təxliyə ediblər. Leninsk prospektindəki Udalsov küçəsindən şəhərin cənub-qərbindəki Mixail Pevsov küçəsinədək olan yol bağlanıb. “Mash” təsdiqləyir ki, pilotszu uçuş aparatına üç partlayıcı vasitə quraşdırılıb, lakin onlar işə düşməyib.

Partlayışlar həmçinin Odinsovoda, Krasnoqorskda, Yeni Riqa rayonunda, Barvixdə eşidilib. “Baza”nın yazdığına görə, bu səhər Moskvaətrafında ondan çox pilotsuz uçuş aparatı vurulub, onların çoxu İstrinsk, Krasnoqorsk və Odinsovo rayonlarına təsadüf edir.

“Baza”nın məlumatına görə, Moskva və Moskvaətrafına səhər hücumunda 25-ə yaxın pilotsuz uçuş aparatı iştirak edib: onların çoxu Moskvaətrafında Hava Hücumundan Müdafiə tərəfindən vurulub, bir hissəsi çox alçaqdan uçduğuna görə ağaclara və məftillərə ilişib.

Çərşənbə axşamına keçən gecə, mayın 30-u Rusiya hərbçiləri Kiyevə üç dəfə hücuma keçib. Bu, bir ay ərzində Ukrayna paytaxtına 17-ci kütləvi hücum olub. Hava həyəcanı siqnalı, demək olar ki, üç saat davam edib. Ukrayna Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində ölkəyə hücum çəkmiş 31 pilotsuz uçuş aparatından 29-u zərərsizləşdirilib.

Ana səhifəDünyaMoskva və Moskvaətrafı pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb