Misir krallığı

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

Ərəb ölkələrində özündən əvvəlki və sonrakı çevrilişlərdən fərqli olaraq bu çevriliş qansız ötüşdü

Alban kökənli Osmanlı paşası Məhəmməd Əli 1805-ci ildə Misiri öz hakimiyyəti altına aldı. Ölkə formal olaraq Osmanlı ərazisi, paşa isə sultanın vassalı sayılırdı. Əslində isə Məhəmməd Əli buranı müstəqil idarə edir, İstanbulla hesablaşmırdı. Onu tabe etməyə çalışan sultanı isə iki müharibədə məğlubiyyətə uğratdı. Nəticədə sultan Misirlə yanaşı Sudanı da Məhəmməd Əlinin irsi mülkü kimi tanımalı oldu.

Osmanlı hökmdarı Əbdüləziz 1867-ci ildə Misir paşası İsmayıla irsi “hidiv” titulu verdi, bu da onları digər ərazilərin hakimlərindən fərqləndirirdi. Hidiv Osmanlı protokolunda baş vəzir və şeyxülislamdan sonra gəlirdi. İsmayıl paşadan sonra oğlu Tefvik və nəvəsi II Abbas hidiv titulunu daşıdılar.

1882-ci ildə İngiltərə-Misir müharibəsindən sonra ümumiyyətlə qarışıq vəziyyət yarandı: Misir Osmanlının ərazisi sayılırdı, amma buranı Osmanlı ilə hesablaşmayan hidivlər idarə edirdilər, üstəlik, İngiltərənin işğalı altında idi.

1892-ci ildə hakimiyyətə gələn II Abbas İngiltərə əleydarı, Osmanlı ilə yaxnlaşma tərəfdarı kimi tanınırdı. İngilislər də buna əks addımlarla cavab verirdilər. Amma Osmanlı dövləti Almaniya tərəfində və İngiltərə əleyhinə Birinci Dünya Müharibəsinə qoşulduqda, London belə vəziyyəti təhlükəli hesab etdi. II Abbas devrildi, onun yerinə ingilispərəst əmisi Hüseyn Kamilı gətirildi.

Bu hadisə Osmanlının Misir üzərində 4 əsr davam edən hakimiyyətinin sonu oldu. İndi Misir daha Osmanlının əyaləti, hidivlik yox, sultanlıq idi. Ölkə başçısı da sultan adlanırdı. Bu, yəqin ki, Osmanlı işğalına qədər mövcud olan Misir sultanlığının varisliyinə işarə idi. Amma indiki sultanlıq, eləcə də Sudan Britaniyanın protektoratlığı altında idi.

İlk sultan üç illik hakimiyyətdən sonra öldü. Onun oğlu Hüseyn Kəmaləddin səyyah, əntiq əşyaların və incəsənət əsərlərinin qızğın tədqiqatçısı və kolleksiyaçısı idi. O, öz hobbisi ilə məşğul olmağa üstünlük verərək hökmdarlıqdan imtina etdi. Buna görə də mərhum sultanın qardaşı Əhməd Fuad paşa I Fuad adı ilə taxta çıxdı.


Birinci Dünya Müharibəsi 1918-ci il noyabrın 11-də bitdikdən bir neçə gün sonra tanınmış hüquqşünas, daha əvvəllər hökumətdə maarif və ədliyyə nazirləri vəzifəsini tutan Səəd Zağlul paşa və daha bir neçə nəfər Britaniyanın ölkədəki Ali komissarı general Recinald Uinqeytlə görüşərək Misirin müstəqilliyini müzakirə etmək üçün Paris sülh konfransına nümayəndə göndərilmələrini istəndilər. Amma təklif qəbul olunmadı. Bu nümayəndəlik məsələsi o qədər populyar idi ki, həmin dövrdə müstəqillik tərəfdarlarının yaratdığı partiyaya bu səbəbdən Vəfd (nümayəndə) adı verildi.

Səəd Zağlulun rəhbərlik etdiyi partiya 1919-cu ilin ilk aylarında geniş fəaliyyətə, ölkəboyu təşkilatlanmağa, müstəqillik lehinə imza toplamağa başladı. Misirdə Britaniya protektoratlığına qarşı vətəndaş itaətsizliyi genişləndi. Vəziyyəti nəzarətdə saxlamağa çalışan ingilislər martın 8-də Zağlulu və daha iki nəfəri həbsə alaraq Maltaya sürgün etdilər.

Amma məhz bu addım vəziyyəti nəzarətdən çıxaran qığılcım oldu. Martın 9-dan başlayaraq ölkəni etirazlar bürüdü. Şəhərlərdəki etirazlar dinc cərəyan etsələr də, ingilislər onlara qarşı silah işlətdilər. Etirazların ilk günü 6 dinc nümayişçi öldürüldü. Kənd yerlərində etirazlar daha aqressiv keçirildi, insanlar müxtəlif obyektlərə hücumlar edir, dağıdır, talan edirdilər. İngilislər buna ifrat amansızlıqla cavab verdilər. İyulun sonlarına kimi 800-dən çox misirli öldürüldü, 1600-dən çox yaralandı.

Repressiyalara baxmayaraq, əhalinin etirazları səngimirdi. Ölkəni tətil hərəkatı bürüdü. Diqqətəlayiq haldır ki, ölkənin xristian sakinləri də müsəlmanlarla birlikdə müstəqillik uğrunda çıxış edirdilər. Hətta qadınlar belə aksiyalarda iştirak edirdilər ki, bu, ərəb ölkəsi üçün görünməmiş hal idi. Misirin yeni Ali komissarı Edmund Allenbinin tövsiyəsi ilə London siyasəti dəyişmək qərarına gəldi. Səəd Zağlul və dostları azad edildi, onlara Parisə getmək icazəsi verildi. Amma bu səfər uğursuz oldu, misirlilər sülh konfransından istədikləri nəticəni almadan döndülər.

Paris uğursuzluğu Misir millətçilərini ruhdan salmadı.Vətəndaş itaətsizliyi davam edirdi, ingilis malları boykot olunurdu, tez-tez nümayişlər keçirilirdi. 1921-ci ildə ingilislər Zağlul və bir neçə silahdaşını yenidən həbs etdilər və bu dəfə Seyşel adalarına göndərdilər. Yenə kütləvi etirazlar baş verdi

Bununla belə, Misirdə baş verənlər İngiltərə hökumətini düşünməyə vadar etdi. Hər şeyi əlində saxlamaq cəhdi heç nəsiz qalmağa səbəb ola bilərdi. Lloyd Corc hökumətinin hələ 1919-cu ilin payızında Misirə göndərdiyi komissiya (Milner missiyası) vəziyyəti təhlil edəndən sonra hökumətə və krala protektoratlıqdan imtinanı, əvəzində ittifaq müqaviləsinin imzalanmasını tövsiyə etmişdi.

Hökumət də Britaniyanın maraqlarınının qorunması ilə (imperiyanın kommunikasiya xətlərinin təhlükəsizliyi, Misirin xarici təcavüzdən müdafiəsi və s.) Misirin müstəqilliyini tanımaq qərarına gəldi. 1922-ci il fevralın 28-də məhz İngiltərə hökuməti Misirin (Sudansız) müstəqilliyini elan etdi. Amma ölkədə hətta Britaniya Ali komissarı belə qalmaqda idi.


Müstəqilliyin ardından I Fuad martın 15-də özünü kral, Misiri isə krallıq elan etdi. Onu da qeyd etmək lazımdır ki, misirlilər Sudanın ayrılmasını qəbul etmirdilər, buna görə də Fuadın rəsmi titulu “Misir və Sudanın kralı” idi.

1923-cü ildə krallığın konstitusiyası qəbul edildi. Sənədə görə ölkədə parlament bərpa olunurdu. Qanunverici orqan iki palatadan ibarət idi – Nümayəndələr palatası və Senat. Deputataların səlahiyyət müddəti beş il idi. Nümayəndələr palatasının bütün üzvləri, Senatın isə beşdə üç hissəsi ümumi səsvermə ilə seçilirdi. Beşdə iki hissəsi isə kral tərəfindən təyin olunurdu. Hökumət parlament qarşısında hesabatlı idi, amma kralın da parlamenti buraxmaq səlahiyyəti vardı.

1924-cü ilin yanvarın 12-də keçirilən parlament seçkilərində Vəfd partiyası səslərin 90 faizinə yaxınını toplayaraq qalib gəldi və iki həftə sonra Səəd Zağlul hökumət başçısı oldu. Amma bu iqtidar 10 ay davam etdi. Noyabrın 19-da Sudanın ingilis general-qubernatoru Li Stek Qahirədə öldürüldü. İngilislər sevmədikləri Zağlula qarşı bu hadisədən istifadə etmək qərarına gəldilər.

Misir hökuməti 500 min funt-sterlinq cərimə ödəməli, üzr istəməli, hərbi hissələrini Sudandan çıxararaq buraya olan iddialarından vaz keçməli idi. Şərtləri qəbul etməyən baş nazir istefa verdi. Kral hökumət qurmağı öz adamı Əhməd Zivər paşaya tapşırdı. Səəd Zağlul isə 1927-ci ildə vəfat etdi.

Krallığın mövcud olduğu 30 il ərzində Misirin siyasi həyatında üç əsas oyunçu vardı: ingilislər, saray və Vəfd. Sonuncu xalq arasında populyarlığına baxmayaraq, digərlərindən daha zəif idi. Çünki real güc ingilislərdə və kralda idi. Bununla belə, mütəmadi qazandığı parlamentdə çoxluğu partiyaya müəyyən rıçaqlar verirdi.
I Fuad səlahiyyətlərinin konstitusiya və parlament tərəfindən məhdudlaşdırılmasından məmnun deyildi və buna görə də 1930-cu ildə yeni konstitusiya elan etdi. İndi kral Senat üzvlərinin çoxunu, beşdə üç hissəsini təyin edəcəkdi. Bu da parlamenti formal quruma çevirirdi. Üstəlik, seçki hüququ da məhdudlaşdırıldı. Əvvəlki ümumi seçki hüququnun əvəzinə əmlak və savad senzi tətbiq olunurdu.

1923-cü il konstitusiyası ilə müqayisədə yeni əsas qanun mürtəce xarakterə malik idi və demokratiya baxımından geriləmə idi. Təsadüfi deyil ki, bu addım Misir cəmiyyətində geniş narazılıq doğurdu. Nəticədə yeni konstitusiya yalnız 5 il qüvvədə oldu və 1935-ci ilin sonlarında köhnə konstitusiya bərpa edildi.

Kral I Fuad 1936-cı ilin aprelində öldü və taxta onun yeganə oğlu, 16 yaşlı Faruk çıxdı. Yeni kralın dövründə ilk yaddaqalan hadisə həmin ilin avqustunda Britaniya-Misir müqaviləsinin imzalanması oldu. Bu dövrdə İkinci dünya müharibəsinin əlamətləri görünürdü. Afrikada İtaliya Efiopiyaya qarşı təcavüzə başlamışdı və Misir də öz təhlükəsizliyindən narahat idi.

İyirmi illik müddətə imzalanan müqaviləyə görə, Britaniya Misirdən bütün hərbi qüvvələrini çıxarırdı, yalnız Süveyş kanalının qorunması üçün 10 minlik əsgər və 400 nəfərlik hava qüvvələri saxlanılırdı. Müharibə dövründə bu qüvvələr artırıla və Misirin bütün dəniz və hava limanlarından, yollarından istifadə edilə bilərdi. İsgəndəriyyədəki ingilis hərbi-dəniz bazası daha 8 il mövcud olacaqdı.

İngilislərin hətta hərbi vəziyyət və senzura tətbiq etmək hüququ vardı. Britaniya Misiri müdafiə etməyi və hərbi qüvvələrinə təlimlər keçməyi öhdəsinə götürürdü. Ali komissarlıq ləğv olunurdu, tərəfləri səfirlər təmsil edəcəkdi. Misir ordusu Sudana qayıdırdı və burada Britaniya-Misir kondominiumu bərpa olunurdu.

Müqavilə Misirin müstəqilliyini genişləndirdi, amma yenə də müəyyən məhdudiyyətlər qalırdı. Bu da millətçilərin etirazına və müqavimətinə səbəb oldu. Ümumiyyətlə, bu dövrdə əksər ərəb ölkələrində olduğu kimi Misirdə də Britaniya əleyhinə əhval üzərindən nasist Almaniyasına güclü rəğbət vardı. Müharibədə Almaniyanın qalib gəlməsini və Britaniyanın zəifləməsini arzulayanlar əksəriyyət təşkil edirdilər. Liberal Vəfd partiyasının eyni mövqeyi bölüşməməsi populyarlığını azaldırdı.


Müqavilənin imzalanmasından üç il sonra İkinci dünya müharibəsi başladı və ingilislər yenidən ölkədəki qüvvələrini artıraraq Qahirə küçələrində peyda oldular.

1940-cı ildə İtaliya da Almaniya tərəfində müharibəyə qoşuldu. Bu hadisədən sonra Misir kralı I Farukla görüşən Britaniya səfiri Mayls Lempson Britaniya hökumətinin ölkədəki bütün italiyalıların, o cümlədən kral sarayında qulluq edənlərin qovulmasını istədiyini bildirdi. Kral isə bu tələbə “nə vaxt siz öz italiyalılarınızı qovarsınız, mən də bizimkiləri qovaram” deyərək cavab verdi. Məsələ onda idi ki, səfirin öz arvadı italiyalı idi.

Şimali Afrikada 1940-cı ilin sentyabrından 1943-cü ilin mayına kimi davam edən hərbi əməliyyatların bir hissəsi Misir ərazisində aparıldı. Rommelin başçılıq etdiyi alman və italiyalılar əvvəlcə Misirin içərilərinə qədər irəlilədilər. Amma 1942-ci ilin iyulunda Birinci əl-Ələmeyn döyüşündə ingilislər düşmənin hücumunu dayandıra bildilər. Həmin ilin oktyabr-noyabrında İkinci əl-Ələmeyn döyüşündə qalib gəldilər və əməliyyatların gedişində dönüş yaradaraq hücuma keçdilər. Şimali Afrikada döyüşlər alman və italiyalıların məğlubiyyəti ilə bitdi.

Misir rəsmən müharibədə iştirak etmirdi. Amma onun piyada və süvari hərbi hissələri ingilislər tərəfdə hərbi əməliyyatlara qoşulmuşdu. Eləcə də zenit və artilleriya qüvvələri alman aviasiyasının hücumlarının dəf edilməsində önəmli rol oynadı. Əməliyyatlar zamanı ərəblərin 14 gəmisi alman sualtı qayıqları tərəfindən batırıldı. Misir rəsmən yalnız 1945-ci ilin aprelində Almaniya və müttəfiqlərinə müharibə elan etdi.

1942-ci ildə baş verən bir hadisə Misirin sonrakı taleyinə ciddi təsir göstərdi. İngilislər həm kral sarayında, həm də Misir cəmiyyətində mövcud olan almanpərəst əhvaldan xəbərdar idilər. Buna görə də əvvəllər yaxşı münasibətdə olmadıqları daha neytral Vəfd partiyasının təkbaşına, ya da koalisyon hökumət qurmasını istəyirdilər.
Amma səfir Lempson Londonun bu istəyini krala çatdıranda Faruk razılaşmadı. Belə olduqda, fevralın 4-də ingilislər qoşunları Abdin sarayını mühasirəyə aldılar və kraldan ya taxt-tacdan əl çəkməyi, ya da Vəfd lideri Mustafa Nəhhası baş nazir təyin olunmasını tələb etdilər. Kral ikinci ilə razılaşdı və Nəhhas 1944-cü ilin oktyabrına kimi baş nazir oldu.

Hadisə Misir vətənpərvərlərində, xüsusən də millətçi zabitlərdə olduqca böyük təəssürat oyatdı, Britaniya əleyhinə əhvalı körüklədi. Üstəlik, həm monarxiyanın, həm də bir zamanlar populyar Vəfd partiyasının nüfuzuna ağır zərbə endirdi. Bir çox tarixçilərin fikrincə, Abdin insidenti monarxiyanın devrilməsinə aparan yolda önəmli hadisələrdən biri oldu.


İkinci dünya müharibəsindən sonra Misirin taleyində önəmli rol oyanayan hadisə İsrail dövlətinin yaranması və ilk ərəb-yəhudi müharibəsi oldu. Misirin də daxil olduğu ərəb ölkələri koalisiyası İsraillə müharibədə ağır məğlubiyyətə uğradı. Ərəblərin “nəkbə” (fəlakət) kimi qiymətləndirdikləri savaşın nəticələri də Misir monarxiyasının nüfuzuna mənfi təsir göstərdi.

1951-ci il oktyabrın 15-də Misir parlamenti Britaniya-Misir müqaviləsinə xitam verilməsi barədə qanun qəbul etdi və ingilislərin Süveyş kanalı ətrafını tərk etməsini istədi. İngilislər isə müqavilənin müddətinin bitməsinə hələ 5 il qaldığını əsas gətirərək həmin istəyi rədd etdilər.

Belə olduqda Misir hökuməti sabotaj xəttini tutdu. İngilislərin bazasına ərzaq buraxılmadı, burada işləyən misirlilərə işə çıxmaq qadağan olundu, ingilislərə qarşı partizan hücumları həyata keçirildi. Prosesin kulminasiyası yanvarın 25-də baş verdi. İngilis hərbçilərlə Misir polisi arasında baş verən döyüşdə 43 polis və 3 ingilis öldürüldü.

Ertəsi gün Qahirədə baş verən hadisələr tarixə “qara şənbə” kimi düşdü. Küçələrə çıxan etirazçılar əvvəlcə hökumət binasının, sonra da kral sarayının qarşısına gedərək Britaniya ilə diplomatik əlaqələrin kəsilməsini tələb etdilər. Əvvəlcə dinc keçən nümayişlər daha sonra iğtişaşlara və xaosa çevrildi. Paytaxtdakı yüzlərlə bina – 300 mağaza, 40 kinoteatr, 13 otel, 92 bar, 8 avtosalon, 30 ofis və başqa tikililər yandırıldı. 26 nəfər həlak oldu, 550-dən çox adam yaralandı.


Konstitusiyalı monarxiya Misirdə demokratiyanın və parlamentarizmin təşəkkülündə və inkişafında önəmli rol oynaya bilərdi. Amma reallıqda baş verən hadisələr buna imkan vermədi. Bir tərəfdən həm kralın, həm də ingilislərin müdaxiləsi ölkənin xalqın seçdiyi şəxslər tərəfindən idarə olunmasına, demokratiyanın, çoxpartiyalılığın oturuşmasına mane oldu. Krallığın 30 illik tarixi ərzində parlament 10 dəfə vaxtından əvvəl buraxıldı. Həmin dövrdə 40 hökumət formalaşdı.

Digər tərəfdən, Misirin siyasi isteblişmenti üçün korrupsiya, nepotizm, səriştəsizlik, məsuliyyətsizlik kimi hallar adi idi. Hətta Vəfd partiyası da istisna deyildi. Səəd Zağluldan sonra partiyaya rəhbərlik edən Mustafa Nəhhas Misirin ən korrupsioner məmurlarından biri idi. Bütün bunlar ölkə əhalisində təkcə ayrı-ayrı şəxslərdən deyil, ümumilikdə siyasi sistemdən narazılığın artmasına səbəb oldu.

Misir ordusunda 1949-cu ildən “Azad zabitlər hərəkatı” adlı gizli təşkilat yaranmışdı. Məhəmməd Naqib, Camal Əbdül Nasir, Əbdül Hakim Amer, Ənvər Sadat, Kəmaləddin Hüseyn, Əhməd Hamruş və başqalarının daxil olduğu təşkilat1952-ci il iyulun 22-dən 23-ə keçən gecə çevriliş edərək hakimiyyətə yiyələndi.

Kral Faruk hakimiyyətdən əl çəkməyə məcbur edildi, amma monarxiya ləğv olunmadı. Farukun altı aylı oğlu II Fuad kral elan edildi. Kral sülaləsindən olan şahzadə Məhəmməd Əbdül Monim qəyyum təyin olundu. Amma real hakimiyyət qəsdçi zabitlərin əlində idi.

Ərəb ölkələrində özündən əvvəlki və sonrakı çevrilişlərdən fərqli olaraq bu çevriliş qansız ötüşdü. Faruka da heç nə edilmədi, sadəcə ölkədən çıxarıldı. O, ömrünün qalanını Avropada keçirdi və 1966-cı ildə Romada vəfat etdi.

Çevrilişdən 11 ay sonra zabitlər monarxiyanı ləğv etmək qərarına gəldilər. 1953-cü il iyunun 18-də Misir respublika elan edildi. Məhəmməd Naqib həm prezident, həm baş nazir, Camal Əbdül Nasir isə baş nazirin müavini oldu.

Ana səhifəMənim FikrimcəMisir krallığı