Mirvari Qəhrəmanlı: SOCAR-da 5 minədək işçinin ixtisarı gözlənilir

“Nəticədə maliyyə problemi yaranacaq, insanlar iş yerlərini itirəcəklər, həmçinin ekoloji problem ortaya çıxacaq”.

Mənbə: SOCAR


SOCAR hüquq müdafiəçisinin dediklərini yalanlayır

“May ayından başlayaraq ilin sonunadək SOCAR strukturuna daxil olan “Azneft” İstehsalat Birliyinin 5 minədək işçisinin öz iş yerini itirməsi gözlənilir”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata bununla bağlı məlumat daxil olub. Bildirilib ki, “Azneft” İstehsalat Birliyinin struktrundakı quruda neft hasilatı ilə məşğul olan bir neçə neft və qazçıxarma idarəsinin bağlanılması üçün müzakirələr aparılır. Həmin NQÇİ-lər bunlardır- “Tağıyev adına NQÇİ”, “Əmirov adına NQÇİ”, “Bibiheybətneft”NQÇİ, “Siyəzənneft”NQÇİ və, “Abşeronneft” NQÇİ-nin quruda neft hasil edən sahəsi. Bununla yanaşı, gündəlik hasilatı 3 tondan az olan quyuların ləğvi də nəzərdə tutulub:

““Azneft” İstehsalat Birliyinin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir ki, onlar da 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Yataqlarda 5700-ə qədər quyu istismar olunub. Bu yataqlardan 20-i quru ərazilərdə, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir”. Qəhrəmanlı qeyd edib ki, neçə illərdir neft üzrə ən yaxşı mütəxəssislər ya işdən çıxarılıb, ya da təqaüdə göndərilib. Buna görə də OPEC-in verdiyi qərarı, yəni “Azneft” İstehsalat Birliyinin planlaşdırılmış gündəlik neft hasilatında 2500 ton azaltmağı, 290 quyunun bağlanılmasını, sonradan bu quyuların reabilitasiyası üçün tələb olunan müddəti və vəsaiti, quruda yerləşən 4 NQÇİ-nin və “Abşeronneft”-in quru hissəsinin bağlanılmasını tənzimləyə bilmirlər.

“Təsəvvür edin ki, şirkətdə peşəkar mütəxəssis qalmayıb. İşçilərin əksəriyyəti ya tanışlıq, ya da qohumluq prinsipi ilə işə götürülüb. Şirkət ixtisardan qaçmağa çalışaraq bağlanılması gözlənilən idarələrdə “boşdayanma elan etmək və işçilərə əmək haqqının 2/3 hissəsini (70%) ödəmək istəyir .Bu isə qanunvericiliyə ziddir və mümkün olmayan variantdır. Bu hal yalnız qısamüddətli boşdayanmalarda tədbiq oluna bilər”,- Mirvari Qəhrəmanlı deyib.

O, çıxış yolu üçün təkliflər də səsləndirib. Məsələn, SOCAR-ın tabeliyində olan Media İctimai Birliyini şirkətin tabeliyindən çıxarmağı təklif edib:

“SOCAR mətbuatı maliyyələşdirməyi dayandırmalıdır. Şirkətin strukturuna daxil olan şöbə, idarə və müəssisələrin funksiyasını təkrarlayan MMC-lər də ləğv edilə bilər. Həmin MMC-lər elə şirkət rəhbərliyində təmsil olanlara məxsusdur. Rəhbərlik və idarəetmə aparatında işçilərin sayını azaltmaq lazımdı. Eləcə də şirkət və onun strukturlarındakı çoxsaylı müşavirləri ixtisar etmək olar, onsuz da həmin müşavirlər vəzifə sahiblərinin qohumları, yaxud vaxtı ilə vəzifədə işləyən şəxslərdir”.

38566
Mirvari Qəhrəmanlı

Qəhrəmanlı daha sonra deyib ki, maydan “Bibiheybətneft”dən 552 quyu, Əmirov adına NQÇİ-dən 441 quyu, Tağıyev adına NQÇİ-dən 158 quyu, “Siyəzənneft”dən 374 quyu, “Abşeronneft”- Pirallahı və Abşeron yataqlarındakı quyuların istismarı dayandırılır:

“Neft Daşlarında may-iyul aylarında gündəlik hasilatın 1200 tonadək azaldılması məqsədilə gündəlik hasilatı 7 tona qədər olan 202 quyunun, 2 mədəndə istismar üsullarının dəyişdirilməsi planlaşdırılan 101 quyu, verilən və hasil olunan ümumi 30 min kub metr qaz və lift boruları pərçimlənmiş 10 quyunun bağlanması nəzərdə tutulur. İyul-dekabr aylarında isə orta gündəlik hasilatın 300 ton/gün azaldılması məqsədilə gündəlik hasilatı 1 ton olan 44 quyunun, 2 mədəndə 101 quyunun bağlanması nəzərdə tutulub. İki mədəndə quyuların bağlanması işçi agent kimi 28 May adına NQÇİ-dən götürülən 150 min kub metr/gün qazın təhvil verilməsinə imkan veriləcək”.

Uzun illər SOCAR-da çalışmış neftçilərdən biri isə Meydan TV-yə deyib ki, quruda və dənizdəki neft-qaz quyularının bir çoxunun fəaliyyətinin tam saxlanılması texnoloji və maliyyə baxımından həm də mövcud qanunvericiliyə uyğun deyil:

“Bağlanması nəzərdə tutulmuş 290 quyunun yenidən reabilitasiyası üçün müddət və böyük maliyyə vəsaiti tələb olunacaq. Nəticədə maliyyə problemi yaranacaq, insanlar iş yerlərini itirəcəklər, həmçinin ekoloji problem ortaya çıxacaq”.

Adının açıqlanmasını istəməyən başqa bir neftçi isə deyib ki, idarədə ixtisarlarla bağlı söhbətlər gəzir, amma hələlik bildiriş almayıblar:

“Düşünürük ki, heç kimi ixtisar adı ilə işdən çıxarmayacaqlar. Şirkətin bütün idarə və müəssisələrində müvəqqəti əmək müqaviləsi ilə çalışanlar var. Müqavilənin başa çatmasını bəhanə edib müddəti uzatmayacaqlar. Birinci dəfə deyil ki, bu üsuldan istifadə edirlər”.

Neftçilər deyir ki, “Siyəzənneft”in bağlanılması xəbəri xüsusi təşvişlə qarşılanıb. Çünki sözügedən rayonda xeyli adam bu müəssisədə çalışır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnozlaşdırıb. Təşkilatın bu aykı hesabatında bildirilir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 90 min barel azalacaq.

SOCAR-dan isə bildiriblər ki, şirkət hazırda ixtisarlarla bağlı müzakirə aparmır. Ümumiyyətlə, işçilərin kütləvi ixtisarı nəzərdə tutulmayıb.

Ana səhifəİqtisadiyyatMirvari Qəhrəmanlı: SOCAR-da 5 minədək işçinin ixtisarı gözlənilir