Mingəçevir SES-in təhlükəsi

1997-ci ildə güclü leysan yağışı Mingəçevir SES-in (Su Elektrik Stansiyası) işini iflic hala salmışdı

Source:
Mingəçevir SES
Mingəçevir SES

1997-ci ildə güclü leysan yağışı Mingəçevir SES-in (Su Elektrik Stansiyası) işini iflic hala salmışdı. O vaxt Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi idim və bölgədə bütün xüsusi təyinatlı mühəndis qurğularının vəziyyətinə nəzarət edirdim. Qəzayla əlaqədar SES-in bəndinin vəziyyətini yoxlamaq üçün rəsmi tapşırıq almışdım. Vəziyyəti araşdırdım. Rəsmi orqanlara nəticəni məruzə edərkən şok vəziyyəti alınmışdı. Birbaşa təklif eləmişdim ki, yalnız suvarma kanallarını suyla təmin edən bu SES-in vura biləcəyi zərər xeyirindən qat-qat çoxdur və sökülməlidir. O vaxt üçün tam məxfi hesab edilən bəzi məlumatların məxfilik qrifi götürüldü. Və məruzəm Təhsil Nazirliyinin “Elmi əsərlər” buraxılışında (Bakı, 1998 “Ümman” nəşriyyatı) çap olundu. Bəzi rəqəmlərlə vəziyyətin nə qədər ciddi olduğunu yenə də xatırladım:

1. Bənddə suyun səviyyəsi 80 m-ə çatanda dəryaçanın tutumu 16 kub km olur. Bu, nə deməkdir? O deməkdir ki, əgər bənd yarılarsa:

-Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su basımına məruz qalır. İlkin dalğanın hündürlüyü 70 m-ə çatır. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 m suyun altında qalır. Fəlakətli subasma zonasında 70 min əhali yaşayır (1997- ci il üçün). Yevlax rayonunun 190 kv.km ərazisi 28-30 dəqiqə; Ağdaş rayonunun 75 kv. km ərazisi və 22 min əhalisi 80 dəqiqə ərzində; Ucarın 100 kv.km ərazisi və 34 min əhalisi 2 saat ərazisində subasmaya məruz qalır.

2. Bənd hansı hallarda yarıla bilər? Dörd halda:

– Rixter üzrə 11 bal gücündə zəlzələdən

– Şəmkir su anbarının bəndinin dağılmasından

– Bəndin sağ-sol hissəsində Bozdağın yuyulub çatlamasından

– Turbinlərə gələn suyun axıdıcı qalareyanı tədricən öz-özünə aşındırmasından.

Düzdür, Azərbaycan 8 baldan artıq zəlzələ görməyib; Şəmkirin bəndində qəza olarsa, artıq suyu boşaltmağa axıdıcı kanallar nəzərdə tutulub; bəndin torpaq yamacları və filtrasiya sisteminin aşınması da ciddi nəzarətdədir.

– 1997-ci ildə izafi suyu boşaltmaq üçün ehtiyat kanalın jalüzü açılmamışdı.

– bəndin mühəndis-texniki təhlükəsizliyi minumum hesab olunsa da, bənd 1985-ci ildən əsaslı təmirə möhtacdır.

P.S. Su bəndləri zarafatı sevmir. Həm də heç sevmir! Bənd əsasən suvarma məqsədi daşıyır, mümkün qədər tez sökülməlidir ki, fəlakətli daşqın təhlükəsindən canımız qurtarsın. Tuqay, Sultanbud və Samux meşələri təzədən cana gəlsin. Aran bölgəsini cəhənnəmə döndərən şoranlıqlar birdəfəlik çəkilsin. Xəzər, Kür və Arazın zəngin faunası cənnətə qovuşsun.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMingəçevir SES-in təhlükəsi