Mingəçevir sakini: “Elə işgəncə veriblər, adam deməyə utanır, onlar bu əməldən utanmır”

Foto: Meydan TV

“Kürəkənim görüb ki, başqa yol yoxdur, məcbur olub qol çəkib, vəkili də yanına buraxmırlar”

Mingəçevir sakini Həmdiyə Məmişov kürəkəninin sifarişlə həbs olunduğunu iddia edir. Onun fikrincə, sifariş də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəlib.

“Narkotiki də özləri qoyublar”

Həmdiyə Məmişov deyir ki, kürəkəni Orxan Şəfiyevi Mingəçevir şəhərində tutublar. Onu təxminən iki-üç saat Mingəçevir Şəhər Polis Şöbəsində saxlayıblar:

“Görünür, Bakıdan onlara göstəriş veriblər ki, “tutub saxlayın, biz gəlib götürəcəyik”. Sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib, götürüb Bakıya gətiriblər. Bakıda da ittiham veriblər ki, guya cibindən narkotik çıxıb. Narkotiki də özləri qoyublar…”

Orxan Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhkəmə qərarı

Qayınatası deyir ki, Orxan Şəfiyevi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yox, Mingəçevir polisinin saxlamasını təsdiqləyən sübutlar – videogörüntü var.

“Ləyaqətini alçaltmağa çalışıblar”

Həmdiyə Məmişov kürəkəninin həm fiziki, həm də psixoloji işgəncələrə məruz qaldığını da vurğulayıb. Onun sözlərinə görə, işgəncələr Mingəçevirdə başlayıb, Bakıya gətirilərkən yolda və ardınca da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam edib:

“Ona ağlasığmaz işgəncələr veriblər. Elə işgəncə veriblər, adam onların elədiklərini deməyə utanır, amma onlar bunu eləməkdən utanmırlar. Ləyaqətini, kişilik qürurunu alçaltmağa çalışıblar. Kürəkənim görüb ki, başqa yol yoxdur, məcburiyyət qarşısında qalıb, narkotik ittihamına qol çəkib. Halbuki, narkotikin ona heç bir aidiyyəti olmayıb”.

“Qanunları ayaqlayırlar”

Orxan Şəfiyevin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollarda dövlət hesabına təyin edilmiş vəkilin imzası var. Onun barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında da dövlət hesabına vəkil iştirak edib. Yaxınları onun hüquqlarının müdafiəsi üçün vəkil tutsa da, onunla görüşməyə imkan verilməyib:

Ombudsmanın müraciəti

“Təkcə kürəkənimin yox, vəkilin də hüquqları pozulub. Xeyli vaxtdır vəkil tutmuşuq. Lakin vəkil Ramin Qocayevi hüquqlarını müdafiə etməli olduğu adamla görüşməyə qoymurlar. Bu, nə deməkdir? Görünür, üzərində işgəncə izləri var, yaxud da başqa nəyisə gizlətməyə çalışırlar, ona görə vəkillə görüşməyə imkan vermirlər. Halbuki, müdafiə hüququ konstitusion hüquqdur. Heç bir dövlət qulluqçusunun ixtiyarı yoxdur ki, Konstitusiyanı pozsun, qanunları ayaqlasın. Amma bunlar ayaqlayırlar…”

“Qanunsuzluq elədikləri insanların da ailələri, balaları, onların ahı var…”

Vəkil Ramin Qocayev özü də müvəkkili ilə görüşmək, konfidensial danışmaq hüququnun pozuntusuyla bağlı Daxili İşlər Nazirliyini “102” xidməti vasitəsilə məlumatlandırıb.

Vəkilin müraciəti

Həmdiyə Məmişov ayrıca daxili işlər naziri Vilayət Eyvazova da şikayət edib:

“Heç nə istəmirəm, göstəriş verilsin, polislərin hərəkətləri araşdırılsın. Amma araşdırma obyektiv, vicdanla aparılsın. Yoxsa polislərdir deyə, onların əməlləri ört-basdır edilməsin. Nəzərə alsınlar ki, qanunsuzluq elədikləri insanların da ailələri, balaları, onların ahı var…”

DİN: “Şəxsi mülahizələridir, əsassızdır”

Daxili İşlər Nazirliyi isə Həmdiyə Məmişovun dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, onun iddiaları əsassızdır, şəxsi mülahizələridir:

“Bu iddialar cinayətdə təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi daşıyır. Şəxsin qohumu tərəfindən bu cür mülahizələr gözləniləndir. Ancaq həqiqəti əks etdirmir. Şəxsin əməlilə bağlı mötəbər sübutlar var və istintaq materiallarına əlavə olunub”.

Ana səhifəBölgəMingəçevir sakini: “Elə işgəncə veriblər, adam deməyə utanır, onlar bu əməldən utanmır”