“Hər gün iş axtarıram, bezmişəm həyatımdan”
Mingəçevir şəhər sakini Natiq Əhəd oğlu Hüseynovun özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Hadisə avqustun 25-də, saat 20.30 radələrində baş verib. 41 yaşlı Natiq Hüseynov xəstəxanaya çatdırılıb, həyatı təhlükəsi yoxdur.
Hazırda ambulator müalicə alan Natiq Hüseynov bir müddət öncə 13 ilə yaxın çalışdığı Mingəçevir Dövlət Dram Teatrından çıxarılıb.
O, Meydan TV-yə açıqlamasında deyib ki, teatrın rəhbər İntiqam Soltan tərəfindən qeyri – qanuni işdən uzaqlaşdırıldıqdan sonra çoxsaylı borcları, problemləri yaranıb. Elə bu səbəbdən də intihara cəhd edib.
Natiq Hüseynovun sözlərinə görə, iş axtarışında olub və yenidən Mingəçevir Dövlət Dram Teatrına baş çəkib, yerinə yeni işçi götürüldüyünü eşidib. Nəticədə ümidsizliyə qapılıb və özünə qəsd etməyi qərarlaşdırıb:
“Hər gün iş axtarıram, bezmişəm həyatımdan. Dünən iki yerə getdim, alınmadı. Süründürməçilikdi. Cibimdə 20 qəpiyim belə yoxdur ki, çörək alım. İntiqam Soltan məni işdən çıxaranda sonra haqsızlığı işıqlandırdım. O, məni buna vadar edir. Qürurum alçalır. İşçilərə deyib “video çəksin, orada məndən üzr istəsin. Ondan sonra baxaram, fikirləşərəm işə geri alım, yoxsa almayım”. Hətta deyib ki, uşaqlarını himayədarlığı götürərəm. Bu, nə deməkdir? Mən də dedim ki, get naxçıvanlıları götür himayənə. Mənə edilən haqsızlığı danmalı və İntiqamdan üzr istəməliyəm alçalmışcasına?”
Natiq Hüseynov deyir ki, İntiqam Soltanın bu sözləri özünə qəsdə təhrikdir:
“Ona görə də səhər saatlarında getdim teatra. Maşını orada idi, işçilərə yaxınlaşdım, orada öyrəndim ki, iki işçi götürüblər, biri mənim yerimə gəlib. Özü ilə görüşə bilmədim. Axşam “Kapital bank” 3500 manatlıq borca görə zəng etdi. Hər gün zəng edir. Deyir: “Gətir pulu ödə”. Hər ay faiz yığılır. Aşağı düşürəm, mağazadan deyirlər gəl nisyələri ödə”. Zəng gəlir ki, borcu ödə. Min manat əlavə borcum var hələ. Heç yerdən gəlir gəlmir, iki məktəbli var evdə. Uşaqların təhsilinə heç nə edə bilmirəm. İşləyən zaman güclə də olsa borclarımı ödəyirdim, ailə dolanırdı, belə problem yaranmırdı. Həyat yoldaşım xadimə işləyir. Pulsuzluqdan, ehtiyacdan hər gün ailədaxili problem çıxır. Odur ki, bezib özümə xəsarət yetirdim. Özünü öldürmək istəyirəm ki, belə alçalıb yaşamayım”.
Mingəçevir Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerindən olub. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Məsələyə İntiqam Soltandan münasibət almaq mümkün olmayıb. Bundan əvvəl Meydan TV Natiq Hüseynovun şikayətini işıqlandırarkən, İntiqam Soltan onun öz ərizəsilə işdən çıxdığını, heç bir təzyiq edilmədiyini bildirmişdi.