Milli Şura: “Əliyev rejiminin budəfəki hədəfi  azad sözdür”

Foto: Meydan TV

Təşkilat hesab edir ki, Azərbaycanda söz azadlığının durumu bugünkü qədər fəlakətli olmayıb

Demokratik Qüvvələrin Milli Şurası “Toplum TV”-nin zorakılıqla qapadılması və kütləvi sifarişli  həbslərlə bağlı bəyanat yayıb.

Təşkilat bildirib ki, Azərbaycandakı rejim mətbuata qarşı repressiyaları və zorakılığı artırıb.

Bəyanatda qeyd olunur ki, Əliyevlər rejimi heç vaxt müstəqil mətbuata qarşı tolerantlığı ilə seçilməyib:

“Son 30 il ərzində ölkədə medianın durumu hər il daha da ağırlaşıb, azad sözün təmsilçiləri davamlı təzyiqlər və təqiblər altında fəaliyyət göstərmək məcburiyyətində qalıb, jurnalistlər şərlənərək həbs olunub, hətta öldürülüb. Ancaq Azərbaycanın müstəqillik tarixinin heç bir dönəmində ölkədə insan hüquqları və demokratiyanın, o cümlədən demokratiyanın təməl prinsipi olan söz azadlığının durumu bugünkü qədər ağır və fəlakətli olmayıb”.

Təşkilat vurğulayıb ki, ötən aylar ərzində “AbzasMedia”ya qarşı həyata keçirilən kütləvi repressiyalar son günlər “Toplum TV” internet televiziyasının kollektivinə qarşı eyni qəddarlıqla təkrarlanıb. Bu dəfə hədəfdə təkcə peşəkar jurnalistlər deyil, siyasi və vətəndaş cəmiyyəti fəalları da var:

“6 mart 2024-cü il tarixində başladılan repressiya dalğası hələlik “Toplum TV”-nin təsisçisi, tanınmış hüquqşünas Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”-nin əməkdaşları Müşfiq Cabbar, Fərid İsmayılov və Elmir Abbasov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əhmədova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılması ilə sonuclanıb. Fərid İsmayılov və Elmir Abbasov barəsində ev dustaqlığı, digərlərilə bağlı dörd ay azadlıqdan məhrumetmə şəklində həbs qətimkan tədbiri seçilib”.

“Bu repressiya dalğası “Toplum TV”-nin timsalında Azərbaycanda onsuz da məhv edilmiş media müstəvisində epizodik olaraq mövcud olan son nəfəslikləri qapatmaq, azad sözün son qalıntılarını da cəmiyyət həyatından silmək cəhdidir. III Respublika Platformasının rəhbərlərinin həbsi isə Azərbaycanda ən azı media qədər acınacaqlı vəziyyətdə olan siyasi müstəvinin qorxunc gerçəklərini bariz bir şəkildə ortaya qoyur. Sözdə Respublika olan Azərbaycanda müxalif siyasi və müstəqil jurnalistika fəaliyyəti ilə məşğul olmaq cinayət sayılır. Təkcə bu iki fakt dövlətin avtoritar və artıq hətta totalitar şəkil alan mahiyyətinin gün işığına çıxması üçün yetərlidir”, – deyə sənəddə qeyd olunub.

Milli Şura bəyan edib ki, hakimiyyətin budəfəki hədəfi azad sözdür:

“”Toplum TV” əməkdaşlarının saxlanılmasının həmən ardınca bu internet resursunun “Youtube” kanalının ələ keçirilərək silinməsi repressiya maşının əsas hədəfini ifşa edir: hədəf  azad sözdür”.

“Milli Şuranın Koordinasiya Mərkəzi olaraq bəyan edirik ki, nə Tofiq Yaqublu və Qubad İbadoğlu kimi böyük nüfuz sahibi olan siyasi liderlərin həbsi, nə “AbzasMedia” və “Toplum TV” kimi müstəqil internet resurslarının məhvi, nə də hər gün daha çox vüsət alan, cəmiyyətin siyasilərdən jurnalistlərə, ictimai fəallardan inanclı insanlaradək müxtəlif kəsimlərini əhatə edən repressiyaları rejimə arzusunda olduğu əbədi hakimiyyəti təmin etməyəcək”, – deyə bəyanatda vurğulanıb.

Milli Şura hesab edir ki, XXI yüzildə Avropa siyasi və çoğrafi məkanında Şimali Koreya və Türkmənistanın üçüncü əkizini yaratmaq cəhdləri xam xəyaldır:

“Əgər İlham Əliyev və rejimi bu xəyala qapılaraq özünü xoşbəxt hesab edirsə, onun Rusiya-Ukrayna savaşında Putin rejiminin süqutunadək vaxtı var. Ancaq bundan sonra məğlub tiranları hansı aqibətin gözlədiyini tarixdən öyrənmək çətin deyil. Azərbaycan hakimiyyətinin bu davranışları onun özü ilə bərabər, təəssüf ki, Azərbaycan xalqına da baha başa gələ bilər. Rus irticasının yedəyində dünyaya meydan oxumaq ölkəmizin və xalqımızın perspektivləri baxımından nəinki faydalı deyil, hətta bölgəmizdəki mürəkkəb geosiyasi və qaynar hərbi reallıqları nəzərə almaqla, təhlükəlidir”.

“Milli Şura olaraq Azərbaycan xalqını öz milli ləyaqəti və demokratik respublika dəyərləri uğrunda mübarizəyə, beynəlxaq təşkilatları isə Azərbaycan hakimiyyəti ilə öz xalqlarına divan tutan digər diktatura rejimləri ilə davrandığı kimi davranmağa çağırırıq”, – deyə təşkilat çağırış edib.

Nə baş verib?

Martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

III Respublika Platformasının ofisdən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

III Respublika Platformasının spikeri Akif Qurbanova, “Toplum TV”-nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan “Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, “Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb.

III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.

Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul “tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”, “Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəSiyasətMilli Şura: “Əliyev rejiminin budəfəki hədəfi  azad sözdür”