“Biz ümid edirik ki, beynəlxalq birlik İlham Əliyevi məyus edəcək”
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin müxalif partiyaların fəaliyyətini rəsmən qadağan etməyə hazırlaşdığını deyir.
Bu barədə Milli Şura bəyanat yayıb.
Bəyanatda bildirilir ki, hakimiyyətdə olduğu 20 il ərzində müxalifəti əzib tam sıradan çıxarmağa çalışan İlham Əliyev bu istiqamətdə növbəti addımlarını atır:
“Bilavasitə onun göstərişi ilə qəbul edildiyi şübhə doğurmayan “Siyasi partiyalar haqqında” yeni, mürtəce qanun və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər məhz real müxalifəti sıradan çıxarmağa yönələn növbəti cəhddir“.
“Əsas hədəfinin AXCP olduğunu düşünməyə əsaslarımız var”
Təşkilat bildrib ki, “Siyasi partiyalar haqqında” yeni qanun hakimiyyət üçün onun hədəfində olan prinsipial mövqeli müxalifət partiyalarını ləğv etməyə hüquqi mexanizm yaradır:
“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər isə qeydiyyatı ləğv olunmuş partiyanın fəaliyyətini rəsmi qaydada qadağan edir. Yeni İXM-də qeydiyyatı ləğv olunmuş siyasi partiya üzvlərinə və rəhbərliyinə qarşı 17 növ maliyyə cəzası nəzərdə tutulur. Ləğv olunmuş partiyanın sıravi üzvləri 700 manatdan 2000 manatadək, rəhbər şəxsləri 1500 manatdan 5000 manatadək, təşkilatın özü isə 6000 manatdan 15000 manatadək cərimələnə bilər“.
“Son illərdə hakimiyyətin hədəfində əsasən kütləviliyi və prinsipial mövqeyi ilə fərqlənən AXCP olub. Cəmi bir neçə ilin içində AXCP-nin 50 nəfərə qədər funksioneri şərlənərək cinayət ittihamları ilə, 200 nəfərdən artıq funksioneri isə inzibati qaydada həbs edilib. AXCP sədrinin xarici səfərlərinə qadağa qoyulub, 3 ildən artıqdır ki, interneti kəsilib. Bu baxımdan yeni qadağaların da əsas hədəfinin AXCP olduğunu düşünməyə əsaslarımız var”, – deyə Milli Şura qeyd edir.
“İlham Əliyev SSRİ idarəçiliyini xatırladan təkpartiyalı sistem yaratmaq istəyir”
Bəyanatda vurğulanır ki, “Siyasi partiyalar haqqında” Qanun və İXM-ə dəyişikliklər hansı partiyalara qarşı tətbiq ediləcəyindən, hətta ilkin mərhələdə tətbiq edilib-edilməyəcəyindən asılı olmayaraq, müxalif siyasi fəaliyyətin qadağan edilməsi, kriminal sayılması deməkdir:
“Bu addımlar ölkəmizdə çoxpartiyalı siyasi sistemi ləğv etmək və müxalif siyasi fəaliyyəti qanundankənar elan etməklə İlham Əliyevin faktiki olaraq qurduğu monarxiyanı hüquqi baxımdan rəsmiləşdirmək cəhdidir. Xalqımız bilməlidir ki, hakimiyyətin bu addımları təkcə real müxalifətə deyil, bütövlükdə cəmiyyətə qarşıdır. Ölkədə müxalif siyasi fəaliyyətin qadağan edilməsi ilk növbədə xalqı indiki rejimə qarşı qanuni alternativlərdən, hakimiyyəti dinc, seçki yolu ilə dəyişmək hüququndan məhrum etmək cəhdidir. Buna görə də xalqımız, ölkənin vətəndaş cəmiyyəti fəalları hakimiyyətin bu addımlarına qarşı etiraz səsini ucaltmalı, müxalifətə dəstəyini əsirgəməməlidir“.
“Belə görünür, İlham Əliyev nəyə görəsə özünü inandırıb ki, ölkədə keçmiş SSRİ idarəçiliyini xatırladan təkpartiyalı siyasi sistem yaratmasına beynəlxalq birlik adekvat, prinsipial reaksiya verməyəcək. Biz ümid edirik ki, beynəlxalq birlik İlham Əliyevi məyus edəcək və Azərbaycanda çoxpartiyalı sistemi ləğv etmək cəhdlərinə prinsipial qiymət verəcək, Azərbaycan hakimiyyətindən ölkə Konstitusiyasına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquq və azadlıqlarına, o cümlədən birləşmək, sərbəst toplaşmaq, seçib-seçilmək hüquqlarına təminat verməsini istəyəcək“, – deyə bəyanatda bildirilir.
Qanunun qəbulu
2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
Azərbaycanda hansı partiyalar buraxılıb?
Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.
Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Bəs partiyaları kim bağlayır?
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu sədrlərindən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.
Məsələn, Liberal və Cümhuriyyət Xalq partiyalarının adlarını xatırlatmaq olar.
İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və Əvəz Temirxan sədr seçilib.
Elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda mediada xəbər yayılıb.
Əvəz Temirxan isə bundan xəbərsiz olduğunu deyib:
“Həmçinin qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, “musavat.com” saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı haradan alıblar”.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev isə açıqlama yayılandan bir gün əvvəl partiyanı buraxmaq barədə düşünmədiyini demişdi. Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayılıb.
Adının açıqlanmasını istəməyən başqa bir partiya rəhbəri də Meydan TV-yə deyib ki, partiyasının buraxılması barədə xəbəri saytlardan oxuyub, araşdırdıqda isə məlumatın Prezident Administrasiyasından ötürüldüyünü öyrənib.