“Millət öz başını itirən günü…” – İqbal Əbilov bu köynəklə məhkəməyə çıxıb

İqbal Əbilov – Foto: Facebook hesabı

İyulun 7-də Yasamal Rayon Məhkəməsində hazırda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun ATV, Trend, Hit.az və Qafqazinfo-ya qarşı qaldırdığı mülki iddia üzrə ilk məhkəmə iclası keçirilib. Proses açıq məhkəmə iclası şəraitində baş tutub.

İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, tədqiqatçı məhkəmə iclasına üzərində istiqlal şairi Əli Nasirin şəkli və onun talış dilində yazılmış:

“Millət öz başını itirən günü, 

Qazanır yurdunun ölüm hökmünü” – misraları yazılmış qısaqol qara köynəklə iştirak edib.

Məlumata görə, məhkəmə iclasında cavabdeh qismində göstərilən media qurumlarının nümayəndələri iştirak etməyiblər.

Proses zamanı İqbal Əbilovun vəkili Rövşanə Rəhimli bir neçə vəsatət qaldırıb. Vəkil məhkəmədən İqbal Əbilovun proses zamanı müdafiəçisinin yanında əyləşməsinə şərait yaradılmasını xahiş etsə də, məhkəmə bu vəsatəti təmin etməyib. Bundan başqa, İqbal Əbilovun talış dilində çıxış etmək istədiyini bildirib və bu məqsədlə talış dilində tərcüməçinin cəlb olunması barədə vəsatət verib. Hakim müvafiq tərcüməçi ilə təmin edə bilmədiyini bildirdikdən sonra müdafiə tərəfi pedaqoq Oqtay Əsgərov Əsəd oğlunu tərcüməçi qismində təyin olunmasını xahiş edib. Məhkəmə Oqtay Əsgərovun növbəti prosesdə tərcüməçi kimi iştirakını təsdiqləyib.

Növbəti məhkəmə iclası avqustun 11-nə təyin edilib.

Komitə bidlririr ki, İqbal Əbilovun həbsindən dərhal sonra ATV, Trend, Hit.az və Qafqazinfo-da yayımlanan materiallarda onun təqsirsizlik prezumpsiyası pozulub, barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar dərc edib. O, həmin məlumatların hüquq pozuntusu kimi tanınmasını, cavab hüququnun təmin edilməsini, media qurumlarının rəsmi üzr istəməsini və ümumilikdə 6000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Bu tələblərlə əlaqədar adıçəkilən media qurumlarına qarşı mülki iddia qaldırılıb.

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

Əbilov bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasət“Millət öz başını itirən günü…” – İqbal Əbilov bu köynəklə məhkəməyə çıxıb