MİDA-nın bütün evləri 10 dəqiqəyə satıldı: DIN 12 nəfəri saxladı

Foto: MİDA

Dekabrın 3-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı 627 ev 10 dəqiqə ərzində satılıb.

Saat 11:00-da başlayan satış prosesinin 12 dekabr saat 11:00-dək davam edəcəyi bildirilirdi. Bu dəfə mənzillər Bakının Binəqədi rayonu və Hövsan qəsəbəsində, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində satışa çıxarılıb.

Satış başladıqdan dərhal sonra alıcılar sosial şəbəkələrdə sistemin çökməsindən narazılıq ediblər.

Texnobloqçu Fərid Pərdəşünas da sosial şəbəkədə bildirib ki, MİDA-nın satışa çıxardığı evlərin alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər.

Onun sözlərinə görə, serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb:

“Paralel olaraq bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər”.

O, həmçinin vurğulayıb ki, bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır, amma bu, ədalətli yarışın təşkili demək deyil:

“Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər. Düşünürəm ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır. Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir”.

Yeri gəlmişkən, bu gün Daxili İşlər Nazirliyi (DİN) Bakıda MİDA mənzillərinin qanunsuz satışında şübhəli bilinən 12 nəfərin saxlanılması barədə məlumat yayıb.

Müəyyən edilib ki, həmin şəxslər dövlətin güzəştli şərtlərlə ayırdığı mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Saxlanan şəxslərin adları açıqlanmır.

Güzəştli mənzillərlə bağlı cəmiyyətdə daim müzakirə və narazılıqlar olub. Hətta bir neçə dəfə aparılan satışların nəticələri ləğv edilib. Həmin məsələlərlə bağlı saxlanan və həbs edilənlər olub.

Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Agentliyin əsasnaməsinə görə, hədəflərindən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Agentliyə müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır. O cümlədən, ev ipoteka krediti ilə alındığı zaman 10 faiz minimal ödəniş tələb olunur.

Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.

Ana səhifəTövsiyəMİDA-nın bütün evləri 10 dəqiqəyə satıldı: DIN 12 nəfəri saxladı