Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Media Dəstəyi (IMS) 2026-cı il üzrə mətbuat azadlığı mükafatlarının qaliblərini açıqlayıb.
Azərbaycandan Meydan TV və AbzasMedia “Azad Media Öncülü” (“Free Media Pioneer”) mükafatına layiq görülüb.
Mükafat azad informasiya axınının genişlənməsinə, müstəqil medianın inkişafına və jurnalistikanın yeni imkanlar qazanmasına töhfə verən media qurumlarına təqdim olunur. Bu il qaliblər dünyanın müxtəlif ölkələrindən seçilmiş təşkilatlar arasından müəyyənləşdirilib.
2026-cı ilin “Azad Media Öncülü” mükafatının digər laureatı Latın Amerikası Araşdırma Jurnalistikası Mərkəzi (CLIP) olub.
Mükafata 11 media orqanı namizəd göstərilmişdi.
2013-cü ildə yaradılmış Meydan TV vətəndaş jurnalistikası, korrupsiya və insan hüquqları pozuntularına dair reportajları ilə tanınır.
IPI və IMS-in məlumatına görə, 2024-cü ilin dekabrından 2025-ci ilin avqust ayınadək Meydan TV ilə əlaqəli 12 nəfər həbs edilib. Onlar bir qrup halında mühakimə olunurlar və pul yuma, vergidən yayınma da daxil olmaqla müxtəlif maliyyə cinayətlərində ittiham edilirlər, onları uzunmüddətli həbs cəzası gözləyə bilər.
Məlumatda qeyd olunur ki, Meydan TV jurnalistləri həbsxana kameralarından və məhkəmə zallarından söz və mətbuat azadlığının müdafiəsini davam etdirirlər. Media qurumunun fəaliyyəti isə mühacirətdə davam edir və o, Azərbaycanın getdikcə daha repressivləşən media mühitində müstəqil jurnalistikanın nadir mənbələrindən biri olaraq qalır.
Meydan TV-nin baş redaktoru Orxan Məmməd namizədliyin xüsusilə həbsdə olan jurnalistlər üçün mühüm mənəvi dəstək olduğunu bildirib:
“Bizim üçün Meydan TV-nin bu mükafata namizəd kimi nəzərdən keçirilməsi təkcə peşəkar fəaliyyətimizin tanınması deyil, həm də çox çətin və həssas bir dövrdə mühüm mənəvi dəstəkdir. Xüsusilə həbsdə olan həmkarlarımız üçün bu mükafat ümid, sevinc və dözüm mənbəyidir. Onların Azərbaycanda söz azadlığı, jurnalistika və həqiqət uğrunda apardıqları mübarizənin tanınmasıdır.
Üzləşdiyimiz çətinliklərə, təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq, bu mükafata namizədliyin nəzərdən keçirilməsi işimizin diqqətdən kənarda qalmadığını və beynəlxalq ictimaiyyətin Azərbaycanda dəqiq informasiyaya çıxışın qorunması uğrunda mübarizəmizdə bizimlə həmrəy olduğunu göstərir”.
IPI və IMS həmçinin müstəqil jurnalistikaya verdikləri mühüm töhfələrə görə “Dünya Mətbuat Azadlığı Qəhrəmanı” (“World Press Freedom Hero”) mükafatının qaliblərini də elan edib. Bu mükafata Filippindən Patrisia Evangelista, Çilidən Monila Gonzalez və Macarıstanın müstəqil jurnalistləri layiq görülüblər.
IPI-nin icraçı direktoru Skott Qriffenin sözlərinə görə, builki laureatlar mürəkkəb şəraitdə fəaliyyət göstərən müstəqil medianın dayanıqlılığını nümayiş etdirirlər:
“Qlobal miqyasda mətbuat azadlığına təzyiqlər artdığı bir vaxtda bu təşkilatlar və jurnalistlər korrupsiya və insan hüquqları pozuntularını işıqlandırmaqla yüksələn avtoritarizmə qarşı cəsarət və qətiyyət nümayiş etdiriblər”.