Prezident Əliyev, siz müstəqil medianın olmadığını desəniz də, Azərbaycanda müstəqil jurnalistlər var, olub və olacaqlar!
Bizim müstəqilliyimiz hər cür zorakılığın və özbaşınalığın olduğu, qorxu rejimi yaratdığınız ölkədə ən təməl haqları tapdalanıb zülmə uğrayan xalqın yanındakı yerimizdir.
Müstəqilliyimiz sizi dəhşətə gətirən, söz azadlığına olan sədaqətimizdir. Hər cür yalan və manipulyasiya qarşısında qalxan kimi durub cəmiyyətə doğruları çatdırmağımızdır.
İşsizliyin və yoxsulluğun tüğyan etdiyi ölkədə “Yoxsulluq 5%-dir”, “İnsanlar iş bəyənmir” kimi çıxışlarınızı öz süjetlərimizlə darmadağın etməyimizdir.
Həzm etmədiyiniz müstəqilliyimiz beynəlxalq legitimlik qazanmaq üçün “COP29” kimi tədbirlərə ev sahibliyi edərkən bizim “yaşıl” siyasətinizdən mazut qoxusu gəldiyini aşkara çıxarmağımızdır.
Söyüdlüdür bizim müstəqilliyimiz, cənab Əliyev.
Müstəqilliyimiz qaranlıqda boğmaq istədiyiniz bu yerdə ölkə insanının üz tutduğu alternativ səs olan Meydan TV kimi medianı ərsəyə gətirməyimizdir.
Nəhayət, əgər müstəqil media görmək istəyirsinizsə sizi 15 aydır qapadıldığımız 1 saylı Bakı İstintaq Təcridxanasına dəvət edirik.
Dövlət televiziyasının canlı müşayiəti ilə bizimlə görüşmək üçün təcridxanaya gəlin.
Bugünədək bizim kameralarımızı özünüzə yaxın buraxmamısınız. İndi isə yerimiz sabitdir – Kürdəxanıdayıq, sizi gözləyirik.
Aytac Əhmədova
Xəyalə Ağayeva
Aysel Ümüdova