Mətbuatın cəsarət balansı

Mətbua Şurası adlı əcaib qurum və onun əzəli, əbədi rəhbəri Əflatun Amaşov belə məsələləri heç zaman görməzlər.

Source:

4 il ölkənin ən mənasız fakultələrindən birində oxumuşam. Baku Dövlət Universitetinin Jurnalistika fakultəsi. Həmin fakultənin mənə xeyri o oldu ki, Zeynal Məmmədli, Aynur xanımlar (Aynur adlı 2 müəllim vardı) kimi müəllimləri gördüm və ictimai siyasi həyatla daha yaxından tanış oldum. Jurnalistikanı isə daha çox (80%-dən çox deyərdim) təcrübədə öyrəndim. Universiteti bitirdikdən sonra anladım ki, hər hansısa bir ixtisas verən fakültə seçməliydim, nəinki absurd bir fakultəni. İndi “jurfak” heç lazım deyil.

Bu il TQDK uzun illərdən sonra ilk dəfə jurnalistika fakultəsinə talib olanlardan qabiliyyət imtahanı götürdü. Ona görə uzun illərdən sonra deyirəm ki, bu imtahan sovet dövründə vardı və 1992-ci ildə ilk dəfə keçirilən test imtahanından sonra ləğv olunmuşdu. Bu, bir tərəfdən baxanda yaxşı haldı. Ona görə ki, biz oxuyan vaxtı jurnalistikaya çox az tələbə yoldaşımız yönəldi. Qalanı başqa peşə seçdilər. İndiki imtahan yəqin daha çox jurnalist olmaq istəyənləri yığar sinifə.

Fakultədən aldığım son məlumatlara görə, xeyli texniki imkanlar yaradılıb tələbələr üçün. Xüsusən tv və radio jurnalistlər üçün. Bizim o zaman xəyalında olduğumuz şərait var. Oranın məzunları 4-cü kursu bitirdikdə, mikrafon, kamera, montaj kimi məvhumlarla daha yaxından tanış olacaqlar. Tv, radio və qəzet redaksilarına gedəndə gözlərini döyməyəcəklər. Rahat alışacaqlar yeni işlərinə. Amma texniki biliklər hələ tam jurnalistika demək deyil.

Bizim zamanımızda dekan əvvəlcə Akif müəllim idi. Fakültə uşaqlarına mitinqlərə getməyi qadağan etmirdi. Sadəcə “ehtiyatlı olun” deyirdi (Sonrakı dekan isə əksinə olaraq getməməyə çağırırdı. İndikiləri Hafiz Hacıyevin mitinqlərinə sürüyürlər). Dərslərində jurnalistikanın azad mühit olmasa mövcud olmayacağını xüsusi qeyd edirdi. Dəfələrlə “peşə etikası” deyilən anlayış barədə diskussiyalarımız olurdu. Ən çox da üzərində durduğumuz balans məsələsiydi. Tərəflərin mövqelərini öyrənmək və ya vermək. Bunu olmazsa ,olmaz bilirdik. Əgər bu qayda pozularsa, artıq müstəqil jurnalistikanın olmadığını öyrənmişdik. Elə olurdu dərsə gələndə hər hansısa qəzet alırdıq, sinifdə müzakirə edirdik. Harada balans pozulub, hansında riayət olunub. Zeynal Məmmədlinin sözlərinə görə, bu, BBC-nin dünya mediasına ərmağanıydı. Hətta İngiltərənin özündə belə ümummilli məsələlərdə lazımsız şəkildə balanslı davranmaqda günahlandırmışdılar. Bu o dövlər idi ki, ölkənin müstəqilliyindən heç 10 il belə keçməmişdi və biz də ölkənin gələcək mediasını müstəqil, balanslı təsəvvür edirdik. Amma….

Məzun olduqdan sonrakı 13 il bir daha təsdiq etdi ki, jurnalistikada balans bel sütunudu. Onsuz mətbuat ancaq press-reliz ola bilər uzağı. Ancaq Azərbaycan ictimaiyyəti nəyi gördü? Getdikcə bir qütbə yığılan KİV-ləri. Müstəqil (həm də müxalif) mətbuat bacardıqca sıradan çıxardıldı. Əvəzində oliqarxların maliyyələşdirdikləri media qurumları parazit kimi yayılmağa başladı. Hamısı da bir-birinin tayı. Sadəcə dizayn və ad fərqləri ilə nəzərə çarpır. Yaydıqları xəbərləri təsnifatlaşdırsaq, belə mənzərə alınar:

-kriminal xəbərlər

-dövlət qurumların yaydıqları məlumatlar

-xarici mediadan tərcümələr

-fotosesiyalar

-media sahiblərinin sifarişli yazıları


Və digər xırda janrlar. Hakimiyyətin məmurlarının maliyələşdirdiyi bu KİV-lərin buynuzları sifarişli yazılarda çıxır. Məsələn, hüquq müdaifəçisi Leyla Yunus barədə həmin saytlara ötürülən yazılarda L.Yunus ağla gələn və gəlməyən cinayətlərdə suçlanılır. Yazı birində çıxan kimi digər saytlar da sanki təlimatları beləymiş kimi o yazını olduğu kimi qoyurlar. Heç biri də adı çəkilən şəxsdən və ya onun vəkilindən soruşmur ki, sizə qarşı belə ittihamlar var, nə deyirsiniz buna?

Digər yanaşma müxalifətlə bağlı xəbərlərə münasibətdi. Belə ki, hansısa müxalifət nümayəndəsinə (əsas deyil ki, rəsmi müxalif partiyanın üzvü olsun. Hakimiyyət üçün haqqı müdafiə edən vəkil də, ictimai fəal da, yazar da, adicə fəhlə də təhlükəli müxalifətçidi) aid xəbərlərdə qərəz mütləq olur. İnformasiya ayrıca götürəndə qərəz görsənməsə də, kontekstdə mütləq var. Bir neçə misal verim. NİDA-çıların məhkəməsində baş verən hadisələri quru informasiya kimi yazdılar: Filan vaxtı məhkəmə oldu, filan vəsatət qaldırıldı, filan vaxta keçirildi. İlk baxışdan qeyri-adi heç nə yoxdu. Amma müstəqil saytlara və facebook-a baxırsan ki, məhkəmə prosesində xeyli insident olub. Lakin pultla idarə olunan media bunu verməz, daha doğrusu, verə biməz. Həmin media həm də NİDA-çılarla bağlı əvvəllər heç bir informasiya da verməyiblər. Yəni NİDA mövzusu onların səhifələrinə birdən düşür.

Elə həmin NİDA-çılar barədə (məhkəmə hökmü çıxmamış) hakimiyyət nümayəndələrinin fikirlərini həmin KİV-lər nöqtə-vergülünə toxunmadan verdilər. NİDA-çıların vəkillərini, valideynlərini, yaxınlarını arayıb soruşmadılar ki, bəs siz nə düşünürsünüz? Ağır cinayətdə ittiham olunursunuz axı.

Həbsdə olan siyasi və vicdan məhbuslarına əhv ərizəsi yazdırılır, ancaq mövqe verilmir, hansısa biri çıxıb AXCP-dən çıxdığını bəyan edir, amma partiyanın fikrini soruşan yox. Xarici mediadan hansısa uydurma xəbəri tərcümə edib verirlər, amma həmsöhbətinə bir zəng belə qıyılmır.

Cəmil Həsənliylə Əli Kərimlinin hansısa tədbirə qatılmamağını əldə bayraq edib atılıb düşdülər. Öz aləmlərində ara vururdular. Lakin peşə etikasını nəzərə alıb Əli Kərimli bir kənara (ona qarşı xüsusi qadağanın olduğunu nəzərə alıb) Cəmil Həsənlidən belə hesab sormaq olardı. O ki bütün zənglərə açıqdı, həvəslə suallara cavab verir.

Həmin bu pultla idarə olunan medianın rəhbərliyini hər il iyulun 22-də hansısa mükafatın təqdimatında, ziyafətlərdə görün. Ədalanırlar. Sanki böyük bir media holdinqinin sahibidirlər. Yazdıqları ictimai rəyə elə təsir göstərir ki, bütöv nəsli bunların yazıları tərbiyə edib. Gənclərə “bizim vaxtımızda” sözüylə başlayan cümlələr qururlar, indiki jurnalistləri hazırın naziri olmaqda suçlırlar: “Bizim vaxtımızda internet nə gəzirdi, bir xəbərin dalınca hardan hara gedirdik”. Sanki öz zamanlarında internet bu qədər yayğınlaşsaydı, istifadə etməyəcəkdilər. Ancaq heç biri də dilinə gətirmir ki, “bizim zamanımızda az-çox balans qorunurdu. Maraq və intriqa xatirinə qarşı tərəfin fikrini öyrənirdik. Lakin pulu verən boslarımız artıq bunu da qadağan ediblər”.

Mətbua Şurası adlı əcaib qurum və onun əzəli, əbədi rəhbəri Əflatun Amaşov belə məsələləri heç zaman görməzlər. İndiyə qədər bir dəfə də olsun iclaslarında balans məsələsini müzakirə etdiyini nə gördüm, nə də eşitdim. Əvəzində arada yığışıb hakim siyasi konyukturaya sadiqliklərini nümayiş etdirmək barədə yaradıcılıqlarını işə salırlar.

Medianın monitorinqi ilə məşğul olanlar da bu problemi qabartmazlar. Araşdırma hədəfləri filan sözü neçə dəfə istifadə etdilər, filan mözular əsas oldu, filan adlar çox çəkildi və s. statistik hesabatlar.dır Olsa-olsa bəzi müxalifyönlü QHT-lərin hesabatlarında media balansı qeyd olunsun. Ümumilikdə isə bu mövzuya toxunulmur.

Ana səhifəMənim FikrimcəMətbuatın cəsarət balansı