Məscidlərə paylanan kitablar

Kamal Abdulla nə istəyir?

Source:

Bü günlərdə bir xəbər oxudum. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri (hər dəfə bu uzunluqda təyinatı yazmayaq deyə, bundan sonra yazıda «mmdmdm» yazaq) Kamal Abdulla görüşlərin birində Azərbaycandakı məscidlərə kitab paylanacağı barədə məlumat verib. Onun sözlərinə görə, kitabların məscidlərə paylanmasında dövlət özü maraqlıdır. Və digər sözlərindən belə çıxıb ki, dövlət və şəxsən mmdmmd Kamal müəllim özü bərk kompleksə düşüblər ki, ölkədəki kilsə və sinaqoqlarda o qədər kitab olduğu halda, məscidlərimizdə Qurani-Kərim və dini hədislərdən başqa kitab görmək mümkün deyil.

İlk baxışdan təqdirəlayiq addımdır. Bu addımdakı maarifpərvər, mütərəqqi, yenilkçi çalarları görməmək mümkün deyil. Əlbəttə, məscidlərdə dinə aid olmayan kitablar da varsa, bu çox yaxşıdır, çünki ömründə cəmi bircə kitab oxumuş adamla danışmaq çətindir. Axır ki, məscidə gələnlər də Qurani-Kərimdən başqa kitab tanıyar, oxuyar, dünyagörüşlərini artırar, savadlanar və s. Təkrar qeyd edirəm ki, ilk baxışdan kifayət qədər maarifləndirici addım kimi görünür.

Amma bir qədər düşünəndə, sual yaranır: məscidlərə kitab paylamaq dövlətin dini radikallıq, dini fanatizm, hicab aksiyaları, insanların məscidlərə kütləvi axını qarşısındakı acizliyindən xəbər vermirmi? Məktəbləri, ali təhsil ocaqlarını yaman günə qoyub, rüşvətlə, qeyri-peşəkarlıqla təhsili pis günə salandan sonra məscidlərə kitab paylamağın başqa adı nədir? İllərlə şou-biznesə yatırım elə, müğənniləri gətir xalqın təpəsində otuzdur, televiziyada gündə bir düşük ulduz parıldat, gəncliyin marağını elmdən, təhsildən uzaqlaşdırıb, şoulara çək. Ölkənin yazıçıları, alimləri kirayələrdə sürünsün. 500 manat maaşa görə hansısa saytın əsirinə çevrilsin. Kitaba dəxli olan hər kəsi gözdən sal. Kitab urvatdan düşəndən sonra məscidlərə kitab payla? Bunun adı «odu söndürüb, külü ilə oynamaq» deyilmi?

Vaxtında idmançılarla bağlı nə qədər boğazımızı cırdıq. Yazdıq, dedik, dedik, yazdıq. Dedik ki, ölkənin kitaba, elmə, maarifə xərclənməli pulunun hamısını gücə, təpiyə, yumruğa xərcləməyin. Bu adamlar televiziyaya çıxanda allahın bir cümləsini quraşdırıb deyə bilmirlər. Onlar danışanda adam dəhşətə gəlirdi ki, gör, bu boyda ölkəni kim tanıtmalıdır? Ölkənin tanıdılması kimlərin ümidinə qalıb? Dedik ki, ölkəni idmanla yox, mədəniyyətlə tanıdarlar. Dedik ki, biləyində bu qədər güc, beynində bu qədər boşluq olan insanlara bu qədər yatırım eləmək təhlükəlidir. Dedik. Amma dövlət milyonları bu adamalara axıtmaqda davam elədi. Axırı nə oldu? Birinin sədası İŞİD-in yanından gəlir, biri əlinə silh alıb cihada gedir, biri molla məktəbi açır, biri arvadına hicab bağlatdırır. Siz pul xərcləyib, idmançı yetişdirdiniz, onlar da gedib molla oldular. Sabah dindarlar hakimiyyət uğrunda savaşa başlasalar, bu adamların hamısı onlara qoşulsa, heç kim təəccüblənməyəcək. Bu adamların hamısı günlərin bir günü öz yumruqlarını dövlətə tərəf tuşlayacaqlar. Onda gec olacaq. Onsuz da, artıq gecdir…

Elm, təhsilin vacibliyi barədə də illərdir yazırıq, deyirik. Niyə dövlət anlamır ki, elmsiz, təhsilsiz kütlə ilə danışmaq mümkün deyil. Humanizmdən, insanlıqdan, mütərəqqi dəyərlərdən xəbəri olmayan insanları bir ayın içində huri, cənnət, şərab çayları sevdası ilə terrorçuya çevirməyə nə var? Ölkənin gəncliyi niyə elm ocaqlarına, universitetlərə yox, məscidə pənah aparmalıdır ki, siz də ora kitab paylamaqla gələcəyin terrorçularını zərərsizləşdirməyə çalışasınız?

Dövləti başa düşdük. Dövlət bəri başdan özünü sığortalamağa çalışır. Ara yerdə də Kamal Abdullanın əlinə fürsət düşüb. Öz mənasız kitablarını heç olmasa, məscidlərdə kiməsə oxutdurmağa ümid edir. Gedib xaricdə puldan verib, kitab çıxartdırıb, bir-iki kitab dükanına paylamaqla deyil. Özündən asılı vəziyyətdə saxladığı adamlara lazım gələndə sifarişli məqalələr yazdırmaqla da deyil. Tutmayanda, tutmur. Alınmayanda, alınmır. Adam ya yazıçı olur, ya da yox. Kamal müəllimin ümidi məscidlərə qalıbsa, deməli illərlə rektoru olduğu universitetin tələbələrini belə öz oxucularına çevirə bilməyib. Ümumiyyətlə, Kamal müəllim və onun fəaliyyəti (yazıçılıqdan çox məmurluqla məşğul olduğu üçün «yaradıcılığı» yaza bilmirəm) ayrı bir yazı mövzusudur ki, yaxın zamanlarda vaxtı çatacaqdır.

Ana səhifəMənim FikrimcəMəscidlərə paylanan kitablar