”Məmurların əmlakı satılsın, şəhidlərin pulu ödənsin”

Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı şəhid ailələrinə verilməli olan 11 min manat müavinətin verlməsi ilə bağlı yaranan problemlər müzakirə mövzusu olub

Milli Məclis
Milli Məclis


Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı şəhid ailələrinə verilməli olan 11 min manat müavinətin verlməsi ilə bağlı yaranan problemlər müzakirə mövzusu olub

“Sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı. Cahangir Hacıyevin milyardları ilə isə o şəhidlər hər il kompensasiya ala bilərdi”.

Bunu deputat Zahid Oruc deyib.

O, hesab edir ki, şəhid ailələrinə veriləcək müavinətlə bağlı süni problem yaradılır:

“Düşünürəm ki, bu işin içərisində hansısa bir “qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Ona görə gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır. Məlum fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi və bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur. Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur.

Zahid Oruc
Zahid Oruc

Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir:

“Fərman 8800 ailəyə şamil olunacaq”. Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır. O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi? Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı? Millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər?

O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun “yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat Fəzail Ağamalı deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub:

“Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını satıb, gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır? 11 min manat vəsait şəhid hərbi qulluqçuların vərəsələrinin hamısına verilsə, bu 264 milyon manat maliyyə vəsaiti edir. Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda olan mülkləri, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur. Buna görə də hesab edirəm ki, bu haqda düşünmək və məqsəd uğrunda ciddi addımların atılmasına ehtiyac var”.

Elmira Axundova
Elmira Axundova

Deputat Elmira Axundova da şəhid pulu ilə bağlı məsələyə toxunub:

“Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə Prezidentin bu yardımı edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn, kimsə 10 il qabaq 100 dollar, ya da 50 min manat (5 şirvan) pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq”.

Deputat Məlahət İbrahimqızı şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılmasını təklif edib:

Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

“Müxtəlif sahələri əhatə edən komissiyalar var. Mən təklif edirəm ki, Prezident yanında və yaxud Nazirlər Kabinetində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılmalıdır. Bu yolla onların problemlərini araşdırmaq və həll etmək olar. Belə bir komissiyanın yerlərdə də şöbələri yaradılmalıdır”.

Deputat Fəzail Ağamalının çıxışına münasibətini bildirən vitse-spiker Valeh Ələsgərov deyib ki, məmurların mülklərinin satılmasının hüquqi yolu olmalıdır: “O yolu bilirsinizsə, o zaman deyin. Yazın verin hökumətə, qoy etsinlər. Sonra da tələb edin”.

Fəzail Ağamalı vitse-spikerə cavab olaraq söz haqqı istəsə də, spiker Oqtay Əsədov məsələyə müdaxilə edərək deyib: “Fəzail müəllim, siz danışdınız biz qulaq asdıq. Eşitməyi bacarın”.

Ana səhifəReportaj”Məmurların əmlakı satılsın, şəhidlərin pulu ödənsin”