Şəkidə anadan olan Elxan Kərimov ixtisasca rəssamdır. Uşaqlıqdan rəssamlığa həvəsi olmağına baxmayaraq, öz hədəfinə çətinliklə çatdığını deyir:
“Rəssamlığa olduqca böyük həvəsim var idi. Elə buna görə də Bakı Rəssamlıq Akademiyasına imtahan verib təhsilimi orda davam etdirmək istəyirdim. Ancaq daxil ola bilmədim və təhsilimi Mingəçevir Turizm Kollecində davam etdirdim”.
İxtisasca tərtibatçı rəssam olan Elxan daha çox məişət tuallantılarından, çay daşlarından, istifadəyə yarasız əşyalardan əsərlər yaratmağa üstünlük verir: “Hər kəs rəssam ola bilmir, amma buna baxmayaraq rəssamların sayı az da deyil. Mən də sadəcə rəsm çəkmirəm, daha çox yaradıcı işlərə yönəlmişəm. Çay daşları, məişət tullantıları, meyvə tumu, taxta üzərində yandırma və s. ilə işləyirəm. Hər dəfə işlədikcə də, yeni-yeni fikirlər gəlir. Bu da məni irəliyə həvəsləndirir”.
Bugünə kimi yüzlərlə müxtəlif əsərlər satdığını deyən Elxan Kərimov pulun hələlik həlledici faktor olmadığını deyir: “Çəkdiyim əsərləri ən çox turistlər alır. Qiymətlər 10 manatdan 150 manata qədərdir, amma bugünə qədər pula görə çalışmamışam. Öz işimə qarşı sevgim olduğundan çalışıram. Əgər sevdiyim işdən pul qazana bilirəmsə, bunu artıq uğur hesab edə bilərəm”.
Elxanın rəssam dostları ilə Azərbaycanın bir neçə bölgəsində sərgisi olub. Hazırda ən böyük hədəflərindən biri fərdi sərgisinin olmasıdır.