Mehman Əliyev: “Sərhədlərin delimitasiyası prosesində Qazax rayonunun yeddi kəndi qaytarılacaq”

Foto: By LukeOnTheRoad/Shutterstock

Emil Məmmədli

Elman Nəsirov: “Qazağın yeddi kəndinin işğal altında olması yaddan çıxmayıb”

İkinci Qarabağ münaqişəsi başa çatandan sonra ilk dövrlərdə Qazax rayonunun işğal altında olan yeddi kəndinin geri qaytarılması məsələsi gündəmdə idisə, hazırda nə rəsmilər, nə də ekspertlər bu mövzu ətrafında danışırlar. Dövlət başçısı, Azərbaycanı təmsil edən digər rəsmilər, politoloqlar və media üçün hazırda ən populyar mövzu Zəngəzur dəhlizinin açılmasıdır.

Qazağın yeddi kəndi – Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri birinci Qarabağ müharibəsi zamanı işğal olunub.

Xüsusu strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşir. Kənd 1990-cı il martın 23-dən 24-ə keçən gecə hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında Ermənistanın nəzarətinə keçib. Bu kənd həmçinin işğal olunan ilk Azərbaycan kəndi kimi tarixə düşüb.

1992-ci il martın 8- də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri işğal edilib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu hərbi əməliyyatları Qarabağ və ətrafındakı işğal altında olan rayonların ərazisində aparıb. Qarabağdan kənar yerləşən Qazax rayonu istiqamətində əməliyyat nəzərdə tutulmayıb.

Müharibənin başa çatmasını şərtləndirən Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli sazişi işğal altında olan Ağdam, Laçın və Kəlbəcər rayonlarından erməni qoşunlarının döyüşsüz çıxarılmasını nəzərdə tutub.

Həmin zaman eksperlərə istinadən media Qazağın işğal altında olan kəndlərinin də yaxın zamanlarda azad ediləcəyini yazdı. Dövlət rəsmilərindən bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dilə gətirib və yuxarıda adları çəkilən üç rayonla birlikdə Qazax rayonunun yeddi kəndinin də azad ediləcəyini bəyan edib.

“Yeddi kəndin qaytarılması heç bir mübahisə predmeti ola bilməz”

Məsələni Meydan TV-yə şərh edən, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov qeyd edib ki, Qazağın işğal altında olan kəndləri haqqında danışılmırsa, bu, onların yaddan çıxması mənasını vermir və məsələlərin ardıcıllığı ilə bağlıdır.

“Hazırda “Zəngəzur dəhlizi” bir saylı məsələyə çevrilib. “Zəngəzur dəhlizi” Ermənistanda vahiməylə qarşılanıb. Halbuki, açılsa, onlar üçün xeyirli olacaq”.

Onun fikrincə, bu məsələlərin həlli fonunda paralel şəkildə Qazax rayonunun yeddi kəndinin qaytarılması heç bir mübahisə predmeti ola bilməz. Deputat deyib ki, Böyük Sülh sazişinin imzalanması labüddür, əks halda Ermənistan fəlakətə sürüklənir.

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

“Ermənistanın iqtisadi blokadadan çıxıb normal həyata qayıtması üçün sülh müqaviləsi hava-su kimi lazımdır. Belə olan şəraitdə həmin sülh müqaviləsinin şərtlərindən biri də Qazağın yeddi kəndinin qaytarılması olacaq. Bu aksiomadır”, -deputat deyib.

Bununla yanaşı deputat həmin yeddi kəndin qaytarılmasının Ermənistanla hər hansı bir torpaq mübadiləsi nəticəsində baş verəcəyini də istisna edib.

“Bu, qeyri-mümkün məsələdir. Çünki həmin kəndlərin işğalını Ermənistan tərəfi özü də etiraf edir. Ona görə heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz. Bu, təsdiqini tapmış məsələdir. Xəritələr, tarix var, həm də həmin kəndlər uzaq tarix deyil. 30 ilin reallığı olduğundan xüsusi isbata ehtiyacı yoxdur. Ona görə yeddi kəndin qaytarılması həllini gözləyən məsələlər sırasında ən sadəsidir”, – Elman Nəsirov deyib.

“Gələn ildən sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayacaq”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev də məsələlərə ardıcıl yanaşıldığını deyib və qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün əhəmiyyətli və strateji məsələdir.
“Ona görə də ardıcıl olaraq bu məsələ gündəmdədir və təzyiqdir. O biri məsələlər həll olunacaq, problem deyil”, – Mehman Əliyev deyib.

Mehman Əliyev
Mehman Əliyev, Foto: Meydan TV

Mehman Əliyev hesab edir ki, Qazağın kəndlərinin qaytarılması məsələsi Azərbaycan və Ermənisan arasında delimitasiya və demarkasiya prosesində aktuallaşacaq. O ehtimal edib ki, gələn ildən proses başlayacaq.
“Baş nazir Paşinyan özü bildirmişdi ki, yeddi kənd Azərbaycanın olduğu üçün qaytarılmalıdır”, – Mehman Əliyev deyib.

Ana səhifəSiyasətMehman Əliyev: “Sərhədlərin delimitasiyası prosesində Qazax rayonunun yeddi kəndi qaytarılacaq”