Məhkəmədən: Jurnalist binalarının pulundan Əli Həsənovun oğluna və baldızına 1.2 milyon verilib

Əli Həsənov, Foto: Meydan TV

Vüqar Səfərlinin məhkəmə istintaqı yekunlaşıb

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaranandan 11 il bu quruma rəhbərlik etmiş, 20 milyondan artıq yeyintidə ittiham olunan Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin işi üzrə məhkəmə istintaqı noyabrın 30-da yekunlaşıb. Dekabrın 2-də prokuror Vüqar Səfərli və digərlərinə cəza istəyəcək.

Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə araşdırmalar yekunlaşmamışdan əvvəl Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş “Portos” MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev dindirilib. O bildirib ki, jurnalist binaları üçün şirkətin hesabına köçürülən vəsaitdən təxminən 1 milyon 200 min manata yaxın pulu Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu və baldızına verib.

Baş mühasibin sözlərinə görə, binaların tikintisi üçün vəsait “Portos” MMC-nin hesabına köçürülürdü. Tikinti materiallarının pulu və s. əksər hallarda köçürmə yoluyla ödənilirdi. Lakin bəzən də nağd vəsaitə ehtiyac yaranırdı. Kəmaləddin Abdullayev deyir ki, məsələn, transformatorların pulunu nağd ödəyiblər.

Nağdlaşdırma 4 başqa şirkət vasitəsilə həyata keçirilib. Onların hesabına “Portos”dan pul köçürülsə də, həmin şirkətlərlə heç bir iş görülməyib. O şirkətlər köçürülmüş pulu nağdlaşdırıb, “Portos”un özünə qaytarıblar: “Nağdlaşdırılmış vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm”.

Məhkəmə prosesində üzə çıxmışdı ki, “Portos” MMC-nin təsisçisi Əli Həsənovun baldızı Gülər Vəliyevadır https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/jurnalistlerin-binasinda-materiallarin-alinmasina-eli-hesenovun-oglu-nezaret-edirdi/. Məhkəmədə dindirilən şahid – KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev də ifadəsində bildirib ki, “Portos” MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalist binalarının tikintisi ona həvalə olunmuşdu.

Ötən məhkəmə iclaslarında vəkil Cavanşir Süleymanov Əli Həsənov, onun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə çağırılıb dindirilməsi haqda vəsatət qaldırmışdı. Həmin vəsatət noyabrın 30-da keçirilən məhkəmə iclasında müzakirəyə çıxarılıb. Təqsirləndirilən şəxslərin bir qismi bu məsələ ilə bağlı qərarı hakimlərin öhdəsinə buraxsa da, bir neçəsi adları çəkilən şəxslərin dindirilməsində israrlı olub. Lakin prokuror onların çağırılmasına ehtiyac olmadığını deyərək, vəsatətin əleyhinə çıxıb. Elə hakimlərin də bu məsələdə qərarı prokurorla üst-üstə düşüb.

Daha sonra iş materiallarında olan bir sıra sənədlər, o cümlədən jurnalist binalarıyla bağlı ekspert rəyi elan olunub. Ardınca məhkəmə istintaqının yekunlaşdığı açıqlanıb.

Bu iş üzrə təqsirləndirilən şəxslər arasında “Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, KİVDF-nin keçmiş mühasibi Təhminə Yaqubova, Fondun tədbirlərinin keçirildiyi “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.

Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. Onun və ailə üzvlərinin bir çox daşınar və daşınmaz əmlaklarına, bankda 850 min manat əmanətinin üzərinə həbs qoyulub.

11 nəfərin heç biri özünü təqsirli bilmir, ittihamda yazılanlarla razılaşmırlar.

Ana səhifəSiyasətMəhkəmədən: Jurnalist binalarının pulundan Əli Həsənovun oğluna və baldızına 1.2 milyon verilib