“Media haqqında” qanun layihəsi ilə bağlı açıq müraciət

Media, Foto: By zef art/Shutterstock

Vətəndaş cəmiyyəti nümayəndələri layihənin parlamentin gündəliyindən çıxarılması üçün çağırış edir

Jurnalist, ekspert və hüquq müdafiəçilərindən ibarət vətəndaş cəmiyyətinin nümayəndələri “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı açıq mürafiət ünvanlayıb.

Müraciətdə deyilir:

“Biz – bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm-tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gündəlikdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq”.

Müraciətdə daha sonra deyilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanunu təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması, bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil. Layihə ölkənin media ictimaiyyətinin habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

Xatırlanıb ki, Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. Müzakirəyə çıxarılan “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur:

“Qanun təklifi ilə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur. Bütün konstitusion hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələr milli qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir və onunla milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir”.

“Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Təəssüf ki, qanun layihəsi təklifi qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır”, – müraciətdə deyilir.

Müraciət müəllifləri bildirirlər ki, qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı mənimsəyir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər.

Həmçinin qeyd olunur ki, layihə təklifində audiovizual media subyektləri ilə bağlı mücərrəd, media qanunvericiliyi yaradıcılığı təcrübəsində rastlanmayan anlayışlardan istifadə olunması, tənzimləmələrin anlaşılmazlığı, təklif edilən layihənin mümkün faydlarını da kölgə altına salır. Xüsusilə, layihə təklifindəki lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet televiziyalarının tənzimlənməsinin də “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyinə ciddi əsas yaradır.

“Biz, qanun layihəsi təklifinin ölkəmizin işıqlı, firavan gələcəyinə deyil, daha da qapalı mühitin formalaşmasına xidmət etməsindən narahatlığımızı ifadə edir, ifadə azadlığı hüququnun bütün başqa hüquqlardan faydalanmaqda mühüm önəmini, eyni zamanda bu hüququn özünün də mütləq hüquq olmadığını vurğulayırıq”, – müraciət müəllifləri yazır:

“Bununla yanaşı, nəzərə alınmalıdır ki, ifadə, media azadlığı ilə bağlı məhdudiyyətlər mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında aydın ifadə edilmiş əsaslara uyğun olaraq, məhdudiyyətlərə məruz qala bilər”.

“Milli Məclisin müzakirəsinə çıxarılan təklifin bu əsaslara adekvat olmaması səbəbindən, hökuməti, bu layihənin qanuna çevrilməməsi üçün gərəkli addımları atmağa – onu parlamentin gündəliyindən çıxarmağa, yenidən vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq”, – müraciətdə qeyd olunur.

Müraciəti imzalayanlar:

  1. Akif Qurbanov- hüquqşünas
  2. Alya Yaqublu- müstəqil jurnalist
  3. Arif Əliyev- “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri
  4. Aygün Muradxanlı – “Prime TV”
  5. Aynur Elgünəş- müstəqil jurnalist
  6. Aytən Məmmədova- müstəqil jurnalist
  7. Elçin Şıxlı- Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri
  8. Elçin Rüstəmli- Jurnalist
  9. Elçin Sadıqov- vəkil
  10. Emin Hüseynov- RATİ
  11. Emin Hüseynzadə- Media eksperti
  12. Ələsgər Məmmədli -media hüququ mütəxəssisi, hüquqşünas
  13. Əvəz Zeynallı- “Xural TV”nin təsisçisi, jurnalist
  14. Fariz Namazlı- vəkil
  15. Hafiz Babalı- araşdırmaçı jurnalist
  16. Xalid Ağaliyev – media hüququ mütəxəssisi, hüquqşünas
  17. Kamran Mahmudov- müstəqil jurnalist
  18. Qubad İbadoğlu- “Biz TV”nin rəhbəri
  19. Qulu Məhərrəmli- media mütəxəssisi, professor
  20. Mehman Əliyev- “Turan” İnformasiya Agentliyinin rəhbəri
  21. Mehman Hüseynov- Bloger
  22. Natiq Cavadlı- müstəqil jurnalist
  23. Nəsimi Məmmədli – Yayımların Monitorinq Mərkəzinin rəhbəri
  24. Osman Gündüz- Azərbaycan İnternet Forumunun Prezidenti
  25. Ramin Deko- müstəqil jurnalist
  26. Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquqşünas
  27. Rəşid Hacılı- media hüququ mütəxəssisi, hüquqşünas
  28. Rizvan Qənbərli- Media mütəxəssisi
  29. Rövşən Hacıbəyli- jurnalist
  30. Sevinc Vaqifqızı- müstəqil jurnalist
  31. Seymur Kazımov- media eksperti
  32. Şahin Nəcəfov- „Prime TV“
  33. Şahvələd Çobanoğlu- müstəqil jurnalist
  34. Şəhla Hümbətova- vəkil
  35. Şəmşad Ağa- jurnalist, „Arqument.az“ saytının baş redaktoru
  36. Ülkər Abdullayeva- jurnalist “Media haqqında” Qanun layihəsi təklifinin qısa icmalı
  • Qanun layihəsi təklifi “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci ilin yanvarında imzaladığı fərmana uyğun hazırlanıb. Fərmanda yeni qanun layihəsinin hazırlanması zərurətindən bəhs edilməyib. Bir neçə gün əvvəl Milli Məclisə təqdim edilən qanun layihəsi təklifi qəbul edilərsə, “KİV haqqında” və “Teleradio yayımı haqqında” qanunlar ləğv ediləcək;
  • Azərbaycan ərazisində təsis olunmuş media subyektləri ilə yanaşı, Azərbaycandan kənarda olan, fəaliyyəti Azərbaycana istiqamətlənmiş bütün media subyektlərinə, jurnalistlərə şamil ediləcək olan qanun layihəsi təklifi hərbi, fövqəladə vəziyyət dövründə senzura, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar zamanı, terror əleyhinə aparılan əməliyyat zonasında informasiya toplanmasına sərt məhdudiyyətlər nəzərdə tutur. Məsələn, medianın dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar barədə məlumatları, əməliyyat qurumun müəyyənləşdirdiyi forma və həcm tələbinə uyğun olmalıdır;
  • Təklif, informasiyaların məzmununa yayğın və geniş məhdudiyyətlər müəyyən edir, ifadə və media azadlığına Azərbaycan Konstitusiyasında, beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha geniş müdaxilə imkanları yaradır. Məsələn, söyüş məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə qadağan olunur, media, jurnalistlərə “fakt və hadisələrə qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək” kimi şərtlər gətirir. Layihə, məzmunundan asılı olmayaraq, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlayır;
  • Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir – dövlət media və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestrini yaradır, reyestrə daxil edilmiş media və jurnalistlərə mərkəzləşdirilmiş qaydada vəsiqələr verir, yalnız reyestrə daxil edilmiş media və jurnalistlər qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola bilirlər. Reyestrə daxil edilmiş məlumatlar, media və jurnalistlərin adları istisna olmaqla, qapalı tutulur, mediaların sahibləri haqqında məlumatların açıqlanması da nəzərdə tutulmur;
  • Media subyektlərinin təsisçilərinə daimi Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlığı, bəzi media subyektlərinin təsis olunması üçün icra oranınından rəy almaq, habelə, jurnalistlərin adlarının media reyestrinə daxil edilməsi üçün daimi Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlığı, davamlı fəaliyyət, mütləq müqavilənin olması, ali təhsil, əvvəllər məhkum edilməmiş olmaq kimi şərtlər nəzərdə tutulur. Fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətlilər reyestrə daxil edilə bilməz. Jurnalistlərə peşə etikasınə əməl etmələrinin məcburiliyini ifadə edən qanuni şərt tətbiq edilir;
  • Qanun xarici mənbələrdən maliyyələşmələri qadağan olunan 4 növ media subyekti müəyyən edir – çap mediası, onlayn media, informasiya agentlikləri və audiovizual media subyektləri. Media subyektlərinin təsisçiləri üçün Azərbaycanda daimi yaşayan vətəndaş olmaq, nizamnamə kapitalında üstün iştirak payının Azərbaycanda daimi yaşayan vətəndaşa məxsus olması, əvvəllər məhkum edilməmək kimi şərtlər nəzərdə tutulur. Siyasi partiyalar, dini qurumlar yalnız çap mediasına sahib ola bilərlər. Xüsusilə, 4 növ media subyektindən biri olan “audiovizual media subyektləri” ilə bağlı qanun layihəsində nəzərdə tutulan tənzimləmələr olduqca dolaşıq, yayğındır. “Audiovizual media subyektləri” 6 növdə təsnifləndirilir: yerüstü yayımçılar, platforma yayımçısı, platforma operatoru, multipleks operatoru, infrastruktur operatoru, sifarişli yayım xidməti provayderi. Audiovizual media subyektləri, xüsusilə də “platforma yayımçısı və operatoru” ilə bağlı layihədə nəzərdə tutulan tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Bu anlayış yenidir, media qanunlarında belə təcrübə yoxdur. Layihəyə görə, “platforma yayımçısı” audiovizual proqramların məzmununa cavabdehlik daşıyan, həmin proqramları platforma vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxslərdir. Layihə “platforma yayımçıları”na dövlət qurumundan lisenziya almaq şərti qoyur.
  • Audiovizual media sahəsində tənzimləməni 7 nəfərdən ibarət tərkibdə formalaşdırlan Şura həyata keçirir. Şuranın səlahiyyət müddətləri 5 il olan üzvlərini icra hakimiyyəti orqanı müəyyən edir. Yeni tənzimləmələr Şuranı icra hakimiyyətindən daha asılı duruma salır. Tənzimləyici qurumun formalaşdırlması, səlahiyyətləri “Avropada tənzimləyici qurumlara dair” Avropa Şurasının Nazirlər Komitəsinin 2000-ci il 23 saylı Tövsiyəsində nəzərdə tututlan kriteryalara qətiyyən cavab vermir, yeni mexanizmlər bu qurumu siyasi təsirlərdən qorumaq gücündə deyil, onun maliyyə müstəqilliyinə, hesabatlılığına təminatlar yaratmır.
    Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib
    .
Ana səhifəSiyasət“Media haqqında” qanun layihəsi ilə bağlı açıq müraciət