Media azadlığına görə Azərbaycan 180 ölkə arasında 162-cidir

Gürcüstan 64, Ermənistan 79, Rusiya 148-ci yerdədir

Source:


Gürcüstan 64, Ermənistan 79, Rusiya 148-ci yerdədir

“Media azadlığına həm avtoritar rejimlərdə, həm də demokratiya modelləri kimi tanınan ölkələrdə getdikcə daha çox təhlükə yaranır”.

Azadlıq Radiosunun məlumatına görə, aprelin 26-da Sərhədsiz Reportyorlar Təşkilatının yaydığı Ümumdünya Mətbuat İndeksi sənədində belə deyilir.

Təşkilat mətbuat azadlığını təkcə avtoritar rejimlər və diktaturaların pozmadığını deyir:

“Cəmi bir il ərzində medianın “yaxşı” və “nisbətən yaxşı” durumda olduğu ölkələrin sayı azalıb. Artıq demokratiya modelləri sayılan ölkələrdə də jurnalistlərin durumu pisləşir”.

Təşkilat 180 ölkə arasında 22-ci yeri tutan Kanadanın ötən ildən bəri indeksdə 4 pillə, Amerikanın 2 pillə geriləyərək 43-cü yerdə qərarlaşdığını qeyd edib. Hətta adətən qurumun indeksində öndə gedən Skandinaviya ölkələri belə bir neçə pillə geri düşüblər.

“ABŞ prezidenti Donald Trumpın media və jurnalistlərə qarşı səsləndirdiyi fikirlər Amerikanın söz azadlığını müdafiə ənənəsini zərbə altında qoyur. Trump jurnalistləri “yer üzündə ən vicdansız şəxslər” adlandırıb, onları “saxta xəbərlər” yaymaqda suçlayıb.

Kanadada isə azı altı jurnalist mənbələrinin aşkarlanmasından ötrü polis təqibinə məruz qalıb. Britaniya ötən ilin sonunda kəşfiyyat xidmətlərinin nəzarətini gücləndirən qanun qəbul edib”, – deyə hesabatda bildirilib.

Sənədə görə, Azərbaycanın 180 ölkə içində 162, qonşuları Gürcüstanın 64, Ermənistanın 79, Rusiyanın 148, Türkiyənin 155-ci yeri tutub.

Təşkilat xatırladıb ki, Azərbaycan ötənilki indeksdə 163-cü yerdəydi.

İllik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – “yaxşı”, sarı – “nisbətən yaxşı”, narıncı – “problemli”, qırmızı – “pis”, qara rəng – “çox pis” durumu göstərir.

Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar. İran və Özbəkistanda da media azadlığının günü “qaradır”.

RSF bu indeksi 2002-ci ildən bəri açıqlayır. Media azadlığı plüralizm, medianın müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi və azadlığına sayqı meyarları əsasında ölçülür.

Bu günədək belə hesabatlara Azərbaycan hökumətinin reaksiyası eyni olub. Hökumət Azərbaycanda medianın azad olduğunu, yayılan informasiyaların əsilsiz olduğunu deyib.

Ana səhifəXəbərlərMedia azadlığına görə Azərbaycan 180 ölkə arasında 162-cidir