“Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir”
Azərbaycan Mədəniyyət Nazirliyi Kəlbəcər rayonununda yerləşən Xudavəng monastır kompleksinin talan edilməsi barədə
bəyanat
yayıb.
Nazirlik Ermənistan mediasına istinadən bəyan edib ki, işğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edilərək, kompleksə məxsus olan xaçları, zəngləri və digər elementləri Ermənistana daşıyıb:
“Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi
keçiriləcək
. Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək”.
Mədəniyyət Nazirliyi xatırladıb ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsi, çıxarılması və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsi qadağan edilib:
“Bundan əlavə, 1954-cü il Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir”.
Nazirlik məsələnin ciddi nəzarətdə saxlanıldığını qeyd edib:
“Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda, beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq”.
Bəyanatda bildirilib ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir:
“Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilib”.
Kəlbəcər rayonu bu il noyabrın 25-də Azərbaycana qaytarılıb.