Qəsəbədə əhali artsa da, martşrut xətti artmır
“20-30 min, bəlkə də artıq əhalisi olan yaşayış məntəqəsinin 1 marşrutu var. Millət bir-birinin belində gedib-gəlir. Şikayətlərimiz bir işə yaramır, baxan yoxdur. İllərdir əziyyət çəkirik”, – Abşeron rayonu, Masazır qəsəbəsinin sakini 38 yaşlı Rəşad Əliyev belə deyir.
O, hər gün Masazıra gedən 525 saylı marşrut avtobusundan istifadə edir. Deyir, artıq onun yaşadığı yerə çatanda avtobusun pilləkənlərində belə yer olmur. Məcbur olub, taksi ilə getməli olur:
“Taksiyə də hər gün gediş-gəliş üçün pul ödəməkdən müflis olmuşam. Əvvəla, Bakı-Sumqayıt yolu səhər və axşam saatlarında kifayət qədər tıxaclı olur. Odur ki, taksi şirkətlərinə zəng edəndə ya taksi tapmaq mümkün olmur, ya da çox baha qiymət oxuyurlar. Düzdür, buradan şəhərə adamın birini 1 manatdan aparan taksilər də var. Amma həmin taksilər də mənim qaldığım yerə dolu gəlirlər. Boşunu tapmaq mümkün olmur. İstənilən halda, 1 manat da az pul deyil. Bəlkə birinin yoxudur? O zaman nə etməlidir?” – deyə, Rəşad Əliyev sual edir.
Şikayətçi deyir ki, bir neçə ay bundan öncə marşrutların qiyməti bahalaşıb. Eləcə də onun istifadə etdiyi 525 saylı avtobusun qiymətində də artım olub. Ancaq keyfiyyət artmayıb:
“Avtobusların içi çox natəmiz olur. Eləcə də, oturacaqlar bərbad gündədir. Bu, azmış kimi, on minlərlə insana xidmət göstərən marşrut çox gec-gec gəlir. Məncə, başqa marşurt ayrılmalıdır bu tərəfə. Dövlət burada Zəngilandan olan məcburi köçkünlər üçün şəhərcik salıb. Ancaq onların hansı nəqliyyatla gedib-gələcəyini nəzərə almayıb. Belə olmaz axı. Eyni marşrut şəhərdən gəlir, Masazırın içində düşənlər, düşür. Sonra gedir “Qurtuluş 93” Yaşayış Massivinə, oradan “Yeni Bakı” şəhərciyinə, oradan isə geri dönüb məcburi köçkün şəhərciyinə gedir. Sonra yenidən bu minvalla adamları toplayıb, şəhərə aparır. Hamı bir-birinin qucağında gedir”.
57 yaşlı Sədaqət Soltanova da illərdir Masazırda yaşayır. Həftədə 3 dəfə marşrutdan istifadə etməli olur. Nəvəsini şəhərdəki bağçalardan birinə aparır. O da şikayətçidir. Deyir, avtobus məcburi köçkünlərin yaşadığı şəhərcikdən dolu vəziyyətdə gəlir, oturmağa yer tapmır:
“Uşaqla olduğumdan, bəzən durub yer verirlər. Onda da utanıram. Niyə mən kiminsə yerində oturmalıyam axı? Həm pul verirəm, həm də minnətdən birtəhər oluram. Məncə, ən azından məcburi köçkünlər üçün olan şəhərciyə ayrıca marşrut xətti ayrılmalıdır. Çünki avtobus ora gedə bilmək üçün yoldan çıxıb xeyli geri qayıtmalı olur”.
Şikayətçilərdən 42 yaşlı Mürvət Əsgərov isə deyir ki, günü- gündən Masazır yolunun üstündə hündürmərtəbəli yeni tikililər artır. Onun yaşadığı şəhərcik də onlardan biridir. Kənd yolunun üstündədir:
“Yaşayış binaları, insanlar artır, ancaq marşrut xəttində heç bir dəyişiklik yoxdur. Əvvəlki vaxtı ilə işləyir. Xidmətdə heç bir irəliləyiş yoxdur. Amma günü-gündən qiymətləri elə qəşəng qaldırmağı bilirlər ki…”.
Şikayətçilər deyirlər ki, şəhərə getmək qədər dönmək də problemlidir. "Memar Əcəmi" metrostansiyasına və geri hərəkət edən bu avtobuslara, xüsusən də günün pik saatlarında minmək, ümumiyyətlə, mümkün deyil:
“Bir neçə il əvvəl "20 Yanvar" metrostansiyasından Masazıra və Saraya getmək üçün əlavə xətt açılsa da, bir müddət sonra bağlandı. Səbəbin isə inhisar olduğu bildirilir. Bu vəziyyət hər gün, xüsusilə pik saatlarda insanların (əsasən də azyaşlılar və ahıllar) böyük əzab-əziyyətlə mindiyi, havasız, standartlara uyğun gəlməyən avtobuslarda əzilməsinə, boğulmasına səbəb olur.
Biz Masazır qəsəbəsinin sakinləri böyük narazılıq yaradan bu halın aradan qaldırılması üçün müvafiq addımların atılması, yeni və standartlara uyğun avtobuslarla təchiz edilmiş marşrut xətləri açılması üçün müvafiq qurumların tədbirlər görməsini xahiş edirik. Əmin olsunlar ki, normal marşrut xətti olarsa, insanlar şəxsi avtomobildən daha az istifadə edər və bu da Bakı-Sumqayıt yolunda tıxacların azalmasına səbəb olar”.
Bakı Nəqliyyat Agentliyindən Meydan TV-yə bildirilib ki, bu məsələ onların səlahiyyəti daxilində deyil, odur ki, kömək edə bilməyəcəklər:
“Bu, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətinə aid məsələdir. Zəhmət olmazsa, onlara müraciət edin”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə problemi araşdıracaqlarını söyləyiblər. Əlavə ediblər ki, indiyədək onlara bu haqda şikayət daxil olmayıb. Sakinlər isə bildirirlər ki, illərdir müraciət etmədikləri dövlət qurumu qalmayıb, baxan yoxdur.