Masallılılar stadionu geri istəyir

Rayon sakinləri Mübariz Mənsimovun vədlərini yerinə yetirməməkdə qınayır

Source:


Rayon sakinləri Mübariz Mənsimovun vədlərini yerinə yetirməməkdə qınayır

I Avropa Oyunlarının keçirilməsinə 8 milyarda yaxın vəsait xərcləyən Azərbaycanın bölgələrdə idman infrastrukturu bərbad durumdadı. Məsələn, əhalisinə görə ölkənin ən böyük rayonlarından olan Masallıda yerləşən Anatoli Banişevski adına stadion illərdir acınacaqlı vəziyyətdədi. Gənclər və İdman Nazirliyinin balansında olan bu stadion 2011-ci ildə əslən Masallıdan olan iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova verilib.


Stadionun yalnız dörd tərəfi hasara alınıb

Mənsimov bu stadionda yenidənqurma işləri aparıb, orda Uşaq Futbolu Akademiyası inşa etdirəcəyini bildirimişdi. Ancaq üstündən 4 il keçməsinə baxmayaraq, stadionda hələ də daş daş üstünə qoyulmayıb, yalnız dörd tərəfi hasara alınıb.

Rayon sakinləri deyir ki, stadion Mənsimova verilənə qədər futbolla məşğul olan uşaqlar arenadan yararlana bilirdilər. Ancaq 2011-ci ildən sonra onlar bu imkandan da məhrum olublar. Masallı sakinləri yaranmış durumla bağlı bir neçə dəfə şikayət ediblər. Hər dəfə mətbuat onların şikayətlərini ictimailəşdirəndə, “Xəzər Lənkəran” rəhbərliyi açıqlama verərək, yaxın günlərdə işə başlaycaqları ilə bağlı vəd verib, ancaq hər dəfə də vədlərinə əməl etməyiblər. Hətta ötən il Publika.az saytı artıq ərazinin genişləndiyini, qazonların gətirildiyini yazmışdı. Lakin bugünə qədər dəyişən heç nə yoxdur.


İş adamının vədləri

Mübariz Mənsimov Masallı əhalisinə təkcə stadionla bağlı vəd verməyib. O, rayonda yeni yaşayış kompleski salacağını, stadionun ətrafındakı qəzalı binalarda yaşayan sakinlərin də ora köçürüləcəyini bildirmişdi. 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Masallıya səfərindən sonra Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibə verən Mənsimov Masallıda həyata keçirəcəyi layihələrlə prezidentin siyasətinə dəstək verəcəyini bildirmişdi.

Ancaq o müsahibənin də üstündən 2 ildən artıq vaxt keçib. Məsələ ilə bağlı Masallıdan bir neçə sakin Meydan TV-yə müraciət edib. Onlar deyirlər ki, Mənsimov təkcə sakinləri yox, ölkə prezidentini də aldadıb. Vətəndaşlar məşhur həmyerlilərindən ümidlərinin kəsildiyini də deyirlər. Onlar Masallıda nəinki hansısa layihənin, heç Futbol Akademiyasının da tikiləcəyinə inanmadıqlarını bildirirlər.

Rayon sakini Mübariz Həmidov deyir ki, Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran” futbol klubu da hazırda yaxşı durumda deyil: “Klubda futbolçular, texniki işçilər 5 aydan yuxarıdı ki, məvacib almırlar. Bu da Mənsimovun biznesinin iflasa uğramasının göstəricisidi. Yəqin stadionda hansısa iş görülməyəcək. Belədirsə, onda stadionu özümüə qaytarsınlar. Özümüz yığışıb uşaqlar üçün şərait yaradaq, heç olmasa məşq etsinlər”.

Rayon sakininin sözlərinə görə, hazırda Masallıda xeyli işsiz veteran futbolçu var. Onlar vaxtilə Azərbaycanı avrokuboklarda təmsil etmiş “Viləş”in heyətində çıxış ediblər. Onların arasında Alay Bəhramov, Rövşən Süleymanov, Seyran Babayev, Azər Bəşirov, Raqib Mikayılov Gündüz İsayev, Şahin Abdullayev, Mövsüm Tağıyev,  Mirəli Bağırov, Müşviq Vəliyev kimi tanınmış veteranlar var.

“Hazırda yarısökülü vəziyyətdə olan bu stadiondan yalnız qoyunları otarmaq üçün istifadə edilir. Qoy gənclər və idman naziri məsələyə qarışsın, stadion Mənsimovdan alınıb əhaliyə verilsin” – deyə sakinlər adından danışan Həmidov bildirir.


“Mübariz müəllimə qarşı çirkin kampaniya aparılır”

 “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Meydan TV-yə bildirdi ki, son günlərdə Mübariz Mənsimova qarşı çirkin kampaniya aparıldığı üçün bu bu barədə danışmayacaq:

“Bu çirkin kampaniya başa çatandan sonra məsələylə bağlı açıqlama verə bilərəm”.

Ana səhifəXəbərlərMasallılılar stadionu geri istəyir