“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsinin ildönümü ilə bağlı yazı yazıb. Yazını olduğu kimi təqdim edirik:
3 may – Ümumdünya Mətbuat Azadlığı Gününü artıq ikinci ildir həbsdə qarşılayıram. Həbsimdən bəri keçən 14 ay müddətində fikrimi ara-sıra hazırlamaqdan məhrum olduğum reportajlar məşğul edib. Ölkəni yağış yuyub aparanda evi su altında qalan, harayına hər hansı bir dövlət qurumunun çatmadığı insanlar günlərlə gözümün qarşısından getməyib. İctimai nəqliyyatda gediş haqqının qiyməti bahalaşanda (tənzimlənmə deyil, məhz bahalaşma) aldığı cüzi maaşın xeyli hissəsini ailəsinin boğazından kəsib, əməyinin istismar olunduğu həmin iş yerinə getmək üçün xərcləyəcək adamların naçar vəziyyətini təsəvvür edirdim. İctimai nəqliyyatda gediş haqqının bundan öncə 50 qəpiyə qaldırıldığı vaxt mən hələ azadlıqda idim. O zaman bununla bağlı keçirdiyim sorğuda danışan yaşlı bir qadın şəhərin digər ucunda yaşayan övladlarını ziyarətə getmək üçün yolpulunun çatmadığını demişdi. Yenə artım olanda onun simasını tez-tez xatırlayırdım.
Hər yeni qiymət artımı, bahalaşan ərzaq və kommunal haqları bərabərində vətəndaş üçün ağır güzəran gətirir. Azadlıqda olduğum vaxtlar həmin vətəndaşların sorağına çıxır, olanların səslərinin, şikayətlərinin eşidilməsinə çalışırdım. İndi də azadlıq barəsində düşünəndə daxilimdə güclü bir istəyin yenidən kameraya, mikrofona, hadisə yerinə, sözü olan vətəndaşın ünvanına sarı can atdığını hiss edirəm. Təcrid şəraiti reallıqla əlaqəmi kəsməyib. Azərbaycanın müstəqil jurnalisti kimi fəaliyyət göstərməyin hər yeni gün ötəninə nisbətən xeyli çətinləşdiyinin fərqindəyəm. Bu gün ölkədə mətbuat azadlığı yoxdur, sabah olacaq? Ümumiyyətlə, sabah olacaq? Dan yerini əllərimizlə sökməsək, olmayacaq.
Heç bir müstəqil hökmdən söhbət gedə bilməyəcəyi məhkəmədə verəcəyim ifadənin mətnini də, bu yazını da eyni şux və gümrah əhvalda qələmə almışam. Baş verənlərə, jurnalist fəaliyyətimə, həbsimə görə heç bir təəssüfüm, “kaş ki”m yoxdur, ancaq “yaxşı ki”lərim var. Hazırda həbsdə olan bütün həmkarlarımla həmrəyliyimi bildirir, növbəti 3 mayları mətbuatın həqiqətən azad fəaliyyət göstərə bildiyi Azərbaycanda qarşılamağı diləyir və ortaq qətiyyətimizlə bunun mümkün olacağına şəksiz inanıram.
Yaşasın müstəqil media! Yaşasın söz azadlığı!
Fatima Mövlamlı
Bakı İstintaq Təcridxanası